Şrift:
Sepah rəsmisi: Hərbi mərkəzlərimizə baxış keçirmək istəyənlərin cavabını qaynar qurğuşunla verəcəyik
20.04.2015 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusu (Sepah) komandanının canişini Hüseyn Səlami aprelin 18-də dövlət televiziyasına müsahibəsində Amerikanın müdafiə naziri Aşton Karterin ölkənin hərbi təsisatları ilə bağlı son bəyanatına kəskin reaksiya verib.
Hüseyn Səlami deyib ki, İran, onun hərbi mərkəzlərində yoxlama aparılmasına heç vaxt imkan verməyəcək: “Əgər Qərb tərəfi müzakirələrdə bu məsələdən danışıb belə bir tələb irəli sürərsə, ölkənin hərbi mərkəz və təsisatlarına baxış keçirmək istəyənlərin cavabını qaynar qurğuşunla verəcəyik. Bu mövzu o qədər əhəmmiyyət daşıyır ki, biz kiminsə ölkənin hətta ən adi hərbi mərkəzlərinə belə baxış keçirmək barədə düşünməsinə də icazə vermərik. Biz heç vaxt ölkənin milli təhlükəsizliyinə xələl gətirilməsi ilə barışmayacaq, buna imkan verməyəcəyik.

Hesab edirik ki, hansısa əcnəbi bir qüvvənin gəlib ölkənin hərbi təsisatlarına baxış keçirməsi, ölkənin işğal olunmasına bərabərdir. Çünki ölkənin bütün hərbi sirləri elə həmin mərkəzlərdədir. Bununla razılaşmaq ölkəyə qarşı xəyanətdir, vətən satğınlığıdır. Mən əminəm ki, Qərblə nüvə danışıqları aparan diplomatlarımız qeyrət, iman və şücaət sahibidir və əgər düşmən bu haqda tələb irəli sürsə, onlar onun belə iddiasını möhkəm şillə ilə cavablandıracaqlar”.

Qeyd edək ki, bir neçə gün əvvəl Amerikanın CNN telekanalına müsahibə verən Aşton Karter deyib ki, İranla hər hansı bir yekun nüvə razılaşması bu ölkənin hərbi mərkəz və təsisatlarına baxış keçirilməsinə də şamil edilməlidir.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed