Şrift:
Azərbaycanda ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu planının hazırlanması vaxtı tezləşdirilib.
22.04.2015 [16:16] - Gündəm, Gənclik, Bildiriş
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara müəyyən dəyişikliklər edilib.

Yeni qərarla rezidentura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi əsasında kadr hazırlığının aparılması məqsədilə təkliflərin verilməsi vaxtı müəyyənləşib. Bununla yanaşı, bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi ilə bağlı sahə nazirliklərinin hökumətə təklifləri vermə müddəti də tezləşdirilib.

Bundan sonra bakalavriat, magistratura, rezidentura səviyyələrinə hər tədris ili üçün sahə nazirliklərinin razılaşdırılmış təklifləri hər il martın 1-dək (Indiyədək isə hökumətə bakalavriat və magistratura səviyyələri üzrə bu təkliflər mayın 1-dək təqdim edilirdi) Nazirlər Kabinetinə təqdim edilməlidir.

Yeni qərara əsasən, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə bakalavriat, magistratura, rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim etməlidir.

Yeni qərara görə, dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək (bu müddət indiyədək aprelin 1-dək idi) Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Yeni qərar əsasında ali təhsil müəssisələrində rezidentura səviyyələrində də dövlət sıfarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi qaydaları, eyni zamanda ali təhsilin rezidentura səviyyəsi üzrə hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı müəyyənləşib.

İndiyədək bu qaydalar bakalavriat və magistratura səviyyəsi üzrə kadr hazırlığına şamil edilirdi. Yeni qərara əsasən, magistratura səviyyəsi üzrə hər bir təhsil alana düşən xərclərin miqdarı bundan sonra rezidentura səviyyəsi üzrə təhsil alanlara da aid ediləcək.
Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed