Şrift:
Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Abdulla Yasim Əl-Şəmsi Mərkəzi Elmi Kitabxanada (MEK) olub.
23.04.2015 [09:07] - Gündəm, Mədəniyyət
İlk olaraq qonaq kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub, həmçinin akademiyanın yaranma tarixi, AMEA-nın sabiq prezidentləri olan 15 akademikin elmi-ictimai fəaliyyətləri barədə məlumatlandırılıb.

Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər, ensklopediyalar, qonağın marağına səbəb olub. Sonra qonaq kitabxananın Nadir kitablar və Şərq ədəbiyyatı fondlarında saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablarla tanış olub.

Daha sonra görüş dəyirmi masa ətrafında davam edib. Qonağın kitabxananın əməkdaşları ilə tanışlığından sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə danışıb. Bildirib ki, kitabxananın məqsədi ölkədə müasir, açıq kitabxana-informasiya sistemini yaratmaq və bu sistem vasitəsiylə Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını təmin etməkdir.

Görüşdə dünya elm nümunələrinin BƏƏ-nin kitabxana fondları ilə MEK arasında mübadiləsinin təşkili, “Milli Rəqəmsal Yaddaş” bazası üçün Azərbaycanla bağlı məlumatların əldə edilməsi və digər təklif olunan istiqamətində müştərək əməkdaşlıq imkanları müzakirə olunub. L.İmanova müzakirə olunan məsələlərin həyata keçirilməsi işində, həmçinin BƏƏ-nin kitabxana və arxiv sisteminə daxil olan müəssisələr ilə münasibətləri tənzimləyən əməkdaşlıq memorandumunun imzalanması məqsədilə səfirliyin vasitəçi olaraq iştirak etməsi üçün müraciət edib.

Sonra MEK-in informasiya texnologiyaları üzrə direktor müavini Ruzi Məmmədov kitabxananın fondunda saxlanılan ərəb dilində nadir nüsxəli kitablar haqqında məlumat verib. Bildirib ki, hazırda MEK-də 12500 ərəbdilli resurs var. Biz onların rəqəmsallaşdırılmasını təmin etmək və nüsxələrinin BƏƏ-nin elmi kitabxanalarına göndərmək niyyətindəyik.

Daha sonra MEK-də ərəb tarixi, elm və mədəniyyətini əks etdirən guşənin hazırlanmsı məqsədilə səfirliklə birgə işin təşkil edilməsi, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-mədəni tədbirlərin keçirilməsi və gələcəkdə əməkdaşlıq memorandumuna daxil edilməsi vacib hesab olunan fəaliyyətlər və sözügedən sənədin imzalanması barədə təkliflər səsləndirilib.

Görüşdən məmnunluğunu ifadə edən cənab Abdulla Yasim Əl-Şəmsi MEK-in yeni binasının interyerini, müasir avadanlıq və sistemlərlə tərtibatını yüksək qiymətləndirib. Əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə əməli tədbirləri həyata keçirməyin vacibliyini vurğulayıb. Hər iki ölkənin elm və mədəniyyət cəmiyyətləri arasındakı dostluq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Sonda qonaq BƏƏ-nin araşdırma mərkəzlərinin 40 illik tədqiqatları nəticəsində ərsəyə gələn, ölkəsinin tarixini elmini və mədəniyyətini əks etdirən kitabları MEK-ə hədiyyə edib.


Ruslan Kərimov,

AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed