Şrift:
Saxo Bank: Azərbaycanın AİİB-ə üzv olması vacib addımdır
24.04.2015 [01:03] - Gündəm, İqtisadiyyat
Azərbaycanın Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankına (AİİB) üzv olması vacib addımdır. Bu barədə "Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Sözügedən prosesi müsbət qiymətləndirən S.Yakobsen qeyd edib: “İqtisadi, coğrafi və inkişaf baxımından Azərbaycanın AİİB-ə qoşulması vacib bir addımdır. Belə ki, AİİB Çindən başlayacaq “Yeni İpək Yolu” strategiyasının müjdəçisidir. Çinin şərqindən İtaliyanın qərb hissəsinə qədər Avrasiyanı, həmçinin Afrikanın cənubunu əhatə edəcək. Çinin təklif etdiyi kredit, investisiya yatırımları və qarşılıqlı ticarət münasibətlərini planlaşdıran layihəni bir növ Çinin Avrasiya üçün nəzərdə tutulmuş “Marşal planı” da adlandırmaq olar. AİİB Çinin 14 milyard dollar həcmində rezervi sayəsində maliyyələşdiriləcək. Təşkilatın il ərzində 1 trilyon dollarlıq investisiya və dövriyyəsi olacağı gözlənilir”.

S.Yakobsen onu da əlavə edib ki, AİİB böyük perspektivə malik bir təşkilatdır və belə bir beynəlxalq maliyyə institutunun təsisçi üzvü olaraq Azərbaycan regionla bağlı mühüm qərarların qəbul ediləcəyi masa arxasında yer alaraq prosesin iştirakçısına çevriləcək.

"Saxo Bank”ın nümayəndəsi vurğulayıb. “Asiya İnfrastruktur İnkişaf Bankına üzv olmaqla Azərbaycan “Yeni İpək Yolu”nda iştirak etmək, infrastruktur layihələri üçün yeni kredit resursları və ticarət dövriyyəsinin artırılması imkanları əldə edəcək”.

Qeyd edək ki, ötən həftə Azərbaycan AİİB-nin gələcək təsisçi üzvü kimi təsdiqlənib. Bu ilin aprelin 27-də Pekində (Çin) keçiriləcək bankın təsis müzakirələrində Azərbaycan hökuməti də iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed