Şrift:
GÜNEY AZƏRBAYCANİ YAXŞI TANIYAQ
12.01.2012 [14:13] - Güney Azərbaycan-Təbriz
GÜNEY AZƏRBAYCANİ YAXŞI TANIYAQ

Azərbaycan Respublikası ilə sərhəddi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Güney Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadıği bölgə sayılır (təxminən 30 milyon nəfər)
Güney Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:
• Qərbi Azərbaycan ostanı: mərkəzi Urmiya şəhəri
• Şərqi Azərbaycan ostanı: mərkəzi Təbriz şəhəri
• Ərdəbil ostanı: mərkəzi Ərdəbil şəhəri
• Zəncan ostanı: mərkəzi Zəncan şəhəri
• Qəzvin ostanı: mərkəzi Qəzvin şəhəri
• Gilan ostanı (qismən): mərkəzi Rəşt şəhəri
• Həmədan ostanı (ərazisinin 3/4-ü): mərkəzi Həmədan şəhəri
• Kürdüstan ostanı (qismən)[18]: mərkəzi Sənəndəc şəhəri
• Mərkəzi ostanı (qismən): mərkəzi Ərak şəhəri
• Qum ostanı: mərkəzi Qum şəhəri [19][20]
• Kirmanşah ostanının Sonqur şəhəri də tarixi Azərbaycan ərzilərinə daxildir.
• Tehran ostanı: mərkəzi Tehran şəhəri, dünyananın ən böyük azərbaycanlılar yaşayan və ikinci ən böyük türk xalqları yaşayan şəhəri.
Güney Azərbaycanda yaşayanlar əsasən Azərbaycan türkləridirlər.
Təbii coğrafiyası
Azərbaycan dünyanın ən gözəl, sərvətli və zəngin qədim ölkələrindən biridir. bu özəlliklər ən qədim dövrlərdən burada mədəniyyətin yaranmasına imkan vermişdir.
Azərbaycan ərazisinin təbiətcə və eyni zamanda həyat üçün müvafiq olması, burada yaşayışın çox qədimdən başlanmasına səbəb olmuş və bizim əcdadlarımızın diqqətini cəlb etmişdir.azərbaycanın təbii və coğrafi durumuna görə yerkürəsinin ən gözəl və zəngin hissələrindən birini təşkil edir,ərazisinin müxtəlifliyi, iqlim şərayitinin müxtəlif olmasına nədən olmuşdur.
Burada əkinçilik və bağçılık üçün geniş düzlər olduğu kimi, heyvançılıq üçündə geniş çəmənlər,zəmilər, mürəkkəbat və s. meyvələr üçün süptropik[22] iqlim durumu vardır.
Azərbaycanın əski zamanlardan böyük, parlaq bir mədəniyyət ocağı kimi tanınmışdır.ağ saçlı qocaman dağları, yaşıl meşələri, sərin bulaqları, sarmaşıq kimi ölkənin hər tərəfini dolaşan çayları zəngin bir təbiət yaratmışdır.
Dağlarında dəmir, mis, alüminium, gümüş, qızıl bəsləyib saxlayan azərbaycan yanar dağlar vətənidir. burada müxtəlif növlü heyvanlar, çox az tapılan quşlar mövcuddur, meşələrində və çollərində gözəl quşları, dəniz və çaylarında müxtəlif cinsli balıqları, çimənlərində şəfa verən gözəl çiçəkləri insanı valeh edir. buna görədə azərbaycanı misir kimi qədim və təbiəticə gözəl ölkələr ilə müqayisə etdikdə,şübhə yoxdur ki, heç səhv etmirik.odlar ölkəsi adlanan bu gözəl azarbaycan torpaqlarında babalarımız çox qədim zamanlardan bəri yaşamaqdadırlar.[23]
Tarixi
Azərbaycan torpaqlarında ilk insanlar və xalqlar
Miladdan 4-min il öncədən başlayaraq, orta asiyadan dərbənd və daryal keçidlərilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan(Şimali və cənubi), zaqros Dağ şərqi və qərbi ətəkləri və ümumiyyətlə iranın qərb ərazisindən keçərkən,onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar.
Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar.
Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan (şimali və cənubi), Həmədan ,Qum,Qəzvin,Zəncan,Təxti Süleyman araları yerləridə bu müxtəlif iltisaqi dilli ellər, soylar və qəbilələrin yurd salaraq qaldığı yerlər olmuşdur.
Bu gələn köçərilər etnik baxımından yaxın olmuş yerli əhali ilə qarışıb Kuti, Lulubi, Hurri,Manna,Matiyin,Kassilər,urartu,Saspir,Kaspilər,Alban,Məskut,salk,İşğur... toplumları və kütlələrini yaratmışlar ki, onların bəzi si zaman keçib Artdıqca, yaşadıqları ərazidə bəlli mədəniyyət və hakimiyyət qurmuşlar.
Bilavasitə Azərbaycan ərazisi və oranın cənub və cənub şərqində yerləşən HƏmədan torpaqlarında M.Ö 3-min illikdə formalaşan və tarixdə tanınmış ilk xalqlar Kuti və Lulubilər olmuşlar. qutti və lullubi xalqları şimaldan kaspilər, saspilər, şimal qərbdən hurrilər və mannalar, cənub və cənub qərbdə kassilər və onların vasitəsi ilə və bilavasitə ilamlarla əlaqədə olmuş və onların, habelə Şumer və Əkkedilərin qurduğu mədəniyyətlə tanış olaraq onlardan etgilənmişlər.
Kuti-Lulubilər bu gün iran türklərinin yaşadığı bitişik ərazinin ən cənub bölgəsində, həmədan-əsədabad, qum, qəzvin, zəncan ,marağa, təxti sülyman arasındaki ərazidə və azərbaycanda yaşamışlar.demək, göstərdiyimiz bu ərazini əhalisinin bu gun Türk olması olduqca qədim tarixə malikdir, daha doğrusu bu yerlərin sakinləri tarixə məlum ilk çağlardan iltisaqi dilli- əski türk, olmuş, həmdə azərbaycan və həmədan ərazisində ilk mədəniyyət qurmuşlar.
Bu mədəniyyət hind-avropalı xalqların məntəqəmizə gəlməsindən təqribən 1500-2000 il öncə olmuşdur.
Güney Azərbaycanın maarif və mədəniyyəti
Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirmişdir.
Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən hər yerdə şöhrət tapıb. Londonun Viktoriya-Albert muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunmuşdur, o, öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətayi tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus "incəsənət akademiyası" idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər. İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşqul durdular. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikmişlər. Pəhləvi recimi dövründə Güney Azərbaycanda incəsənətin heykəltaraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib. Məsələn, Təbriz milli parkında olan "Şah gölü" (El gölü)ndəki aşıq abidəsi götürülmüşdür.
Muzeylər
Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir. Pəhləvi recimi dövründə Cənubi Azərbaycanın mühüm muzeyləri Təbriz, Urmiya, Xoy və Miyandabda idi. İslam inqilabından sonra bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı. Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş "Şərqi Azərbaycan Muzeyi" indi "Azərbaycan Muzeyi" adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə "Zoologiya" muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.
Azərbaycan dili

Azərbaycanlılar Azərbaycan türkcəsində danışmaqdadırlar. 1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və "Tərbiyət kitabxanası" Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.
Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 80-ci illərdə radio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yanlız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.
Mətbuat
Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978-79-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-79-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində "Odlar yurdu", "Çənlibel", "Araz", "Molla Nəsrəddin", "Azərbaycan", "Vətən uğrunda", "Oxtay", "Səttar xan bayrağı", "İrəli", "Muştuluq", "Bahari-Azərbaycan", "Ayəndeyi-Azərbaycan" kimi qəzetlər və "Koroğlu", "Birlik", "Azadlıq", "Qardaşlıq", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda", "Azərbaycan səsi", "Günəş", "Ülkər", "Yeni yol" kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.
İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 1980-1981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan "Varlıq" curnalı idi. Onunla yanaşı "Fəcri-Azərbaycan", "Ümidi-Zəncan", "Ərk", "Ərdəbil", "Əhrar", "Keyhan" və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə – fars və türk dillərində çap olunur.
Teatr
1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Güney Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905-11-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909-21-ci illərdə "Azərbaycan artistləri dəstəsi" fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası – "Xeyriyyə teatrı" tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yanlız qısa bir müddət ərzində (1948-1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.
Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə "Alın yazısı" adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın "Vəhdət" adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.
Musiqi


Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu Quzey Azərbaycanda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları "məhəlli nəğmə" adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə "Fantaziya", "Elim, günüm, şövkətim", "Ceyran sevgilim" və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun "Aman, ayrılıq", "Sizə salam gətirmişəm" mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.
Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevil" operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni və xanəndə Əliza Amanbəyli 2000-ci ildə Bakı Musiqi Akademiyasının Muğam və solo oxuma fakultəsini bitirib və həmin ildə keçirilən muğam müsabiqəsinin qalibi olub.O,bir neçə vətən pərvər mahnının söz və musiqisinin müəlifi və mahir ifaçısıdır.Bunlarla yanaşı Əlirza Amanbəyli Güney Azərbaycan Milli Azadlıq hərəkatının tanınmış fəal simalarından biridir.Vətən pərvər mahnıların mahir ifaçısı Araz Elsəs, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.
Ədəbiyyat

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və b. lirik şerin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şerlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.
20-ci əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli "Təcəddüd" (Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.
M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şerlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə "Təcəddüd" (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi. 1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş "Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti"nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 60-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan M.Şəhriyarın "Heydərbabaya salam" poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şeirlərinin ustadı sayılan M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.
Şah rejiminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 1950-70-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər aparılmışdır (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsaddıq, M.Mənafi, C.Müciri, Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) və başqaları).
1978-1979-cu illər İran islam inqilabından sonra keçən qısa müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edilmişdir. Onların bir neçəsi təkrar işıq üzü görmüşdür.
Bu xəbər oxucular tərəfindən 1846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed