Şrift:
İki hüquq müdafiəçisi təşkilatı Xuzistan əyalətində aparılan geniş həbslər barədə birgə bəyanat yayıb
30.04.2015 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünyanın ən nüfuzlu iki hüquq təşkilatı aprelin 28-də birgə bəyanat yayaraq İranın Xuzistan əyalətində yerli ərəb fəallarına qarşı gerçəkləşdirilən geniş həbslərdən narahatlığını bildirib.
“Beynəlxalq Əfv Təşkilatı” və “Hyuman Rights Watch” təşkilatlarının aprelin 28-də yaydığı birgə bəyanatında deyilir ki, onların əldə etdiyi məlumatlara görə, bu il martın ortalarından bu yana Əhvaz şəhərində və əyalətin digər yerlərində ən azı 78 nəfər ərəb fəalı tutulub. Dinc etiraz və fəaliyyətlərinə görə maskalı təhlükəsizlik qüvvələri tərəfindən tutulub bilinməz istiqamətə aparılan ərəb fəallarının hazırda harada saxlandığını hətta onların ailə üzvləri də bilmir.

Beynəlxalq Əfv Təşkilatının Orta Şərq bölməsinin rəhbəri Hüseybə Səhravi məsələ ilə bağlı jurnalistlərə açıqlama verərək deyib ki, Xuzistan əyalətində dinc ərəb fəallarına qarşı aparılan repressiyalar dayandırılmalıdır: “İrandakı ərəb hüquq müdafiəçilərinin verdiyi məlumatlara görə, son həftələrdə Xuzistanda aparılan həbslərin geniş vüsət alması bizi ciddi nigaran edir. Hesab edirik ki, İran rəsmiləri dinc etirazlarına və şəxsi əqidələrinə görə tutulan ərəb fəallarına qarşı aparılan özbaşına həbslərə son qoymalı, tutulanları dərhal azadlığa buraxmalıdır. İran rəsmiləri ya həmin şəxsləri sərbəst buraxmalı, ya da onlara qarşı irəli sürülən ittihamlara baxmaq üçün həbs edilənlərə şəffaf və ədalətli məhkəmə keçirməlidir”.

Qeyd edək ki, Xuzistan əyalətində İranın sünni məzhəbli yerli ərəbləri yaşayır. Son illərdə yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə aparan yüzlərlə fəal həbs edilib, separatçılıqda günahlandırılan onlarla nəfər isə edam edilib.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed