Şrift:
Son bir ayda ölkəmizdə baş vermiş ən mühüm siyasi hadisələrə müxalif baxış
01.05.2015 [10:08] - Xəbərlər, Siyasi partiyalar, DAVAMın yazıları
Milli Dirçəliş Hərəkatı Partiyasının İdeologiya Şöbəsi son bir ayda ölkəmizdə baş vermiş ən mühüm siyasi hadisələrə partiyanın ideoloji və müxalif baxışlarını təqdim edir:

-Son bir ayda dünyada baş vermiş mühüm hadisələrdən Azərbaycana birbaşa aidiyyatı olanlardan ən vacibi Çanakkale Zəfəri tədbirləri və erməni “soyqırımı”-nın dünyadakı yubiley tamaşaları idi.
Artıq uzun zaman idi ki, erməni diasporu “100 illiyə” hazırlaşırdı. Bu tədbirə Dünyanın Türk millətinə münasibətindən dolayı dəstəkləri də az deyildi. Nəhayət dünyanın gündəmini tutacaq tamaşanın dəvətnamələri paylandı. Bunun ardınca Azərbaycan prezidentinin Türkiyə səfəri zamanı birgə keçirilən brifinqdə elan olundu ki, Türkiyə dövləti həmin tarixə Çanakkale Zəfərinin 100 illiyi münasibətilə Dünya Barış Törəni təyin edib.
Erməniləri mat, dünyanı isə pat vəziyyətə salan bu diplomatik qərarın Azərbaycan prezidenti ilə görüşdən sonra elan olunması, Türkiyə ilə bərabər, Azərbaycana da qarşı aqressiyanın kəskinləşməsinə səbəb oldu. Güman ki, bu münasibət təklifin Azərbaycan prezidenti tərəfindən verilməsi ehtimal edildiyindən yaranmışdı.
Bütün hallarda, “ya Türkiyə, ya Ermənistan” anlamına gələn bu qərar türklərin yüksək diplomatik gedişi oldu. Elə Avropa Birliyi adlanan anti-Türk xiristian birliyinin tələm-tələsik “genosid” qətnaməsini də bunun hikkəsi hesab etmək olar. Əgər buna qətnamə demək mümkündüsə, çünki, bu 616 AB üzvündən cəmi 61-nin qərarı ilə qəbul edilmiş bir qətnamədir.
Təbii ki, gözlənildiyi kimi, 24 apreldə Türkiyə ilə Ermənistanda keçirilən yubileylər heç bir kriteriya ilə müqayisə oluna bilməzlər. Lakin burada diqqət çəkən bir neçə məqama mövqeyimizi sərgiləmək istərdik. Bunlardan birincisi, Fransanın Türkiyə ilə böyük məbləğlərlə ölçülən iqtisadi münasibətlərinin olmasına baxmayaraq, bacıları adlandırdıqları müflis Ermənistanın yanında yer almalarıdır. Fransa prezidentinin Ermənistannın ardınca Azərbaycana səfər etməsini Azərbaycan hakimiyyəti bir diplomatik addım kimi dəyərləndirərək, əslində bu səfərin regional xarakterli olması təqdimatını verirlər. Lakin Milli Dirçəliş Hərəkatı Partiyası bu cür yanaşmanı uğurlu diplomatiya hesab etmir və Fransanın dəfələrlə erməni təəssübkeşliyini açıq şəkildə sərgiləməsini prinsipial olaraq ortaya qoymaqla onun ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını daha təqdirəlayiq hesab edir. Bununla bağlı partiyanın lideri, millət vəkili Fərəc Quliyev partiyanın mövqeyini geniş ictimaiyyətə belə açıqlamışdır:  "Fransa tərəfinin ATƏT-in Minsk qrupunda olmasının həmişə əleyhinə olmuşam. Hesab edirəm ki, orada ciddi dəyişikliklər olmalıdır. Daha çox bölgəni tanıyan və daha çox neytral mövqe tutanlar burada iştirak etməlidir. Fransa tarixən ermənilərin yanında olub. Bu mənada onların saxta «soyqırımı» tədbirində iştirakla bağlı verdikləri məlumat məni təəccübləndirmədi. Amma məsələ ondadır ki, həmsədr olaraq bu dövlət tamamilə bitərəf mövqedən çıxış etməli və burada ədalətsiz tərəfi qınamalıdır. Ermənistan işğalçılıq siyasəti yürüdür. Buna münasibəti aydın olmalıdır. Bunu etmirsə belə, hər halda saxta «soyqırımı» ilə bağlı məsələyə də baxmalıdır. Birinci Dünya Müharibəsində Türkiyədə yaşayan ermənilərin böyük hissəsi xaricə mühacirət edib. Digərləri isə əks tərəfdə türklərə qarşı döyüşüb. Döyüşdə ölmək isə soyqırım sayılmaz. Ollandın həmin səfəri qərəzli şəkildə Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir. Türkiyədə Çanaqqala savaşının ildönümü ilə bağlı da dəvət edilib, amma Olland Ankaraya deyil, İrəvana gedir. Bu da birmənalı şəkildə tərəf tutmaq, ermənilərin yanında olmaqdır. Hesab edirəm ki, imkan düşdükcə Fransanın ATƏT-in Minsk qrupunda iştirakının aradan qaldırılması istiqamətində ciddi səylər göstərməliyik”.
Lakin biz eyni mövqenin Rusiyaya qarşı sərgilənməsinin əleyhinəyik. Çünki, MDHP dəfələrlə bəyan edib ki, Qarabağ problemini Rusiya süni şəkildə yaradıb və Azərbaycan torpaqlarını açıq şəkildə işğal edib. Ermənistan müstəqil bir dövlət deyil, Rusiyanın müstəmləkəsidir. Rusiya danışıqlardan uzaqlaşarsa sülh üçün danışacaq tərəf qalmaz. Ona görə də, biz Rusiyanın Ermənistana münasibətindən dolayı Azərbaycanın addımlar atmasının yox, Rusiyanın elə Azərbaycana sərgilədiyi imperiyaçılıq və işğalçılıq siyasətini nəzərə alan addımlar atmalıyıq.
Digər məsələ Fələstinin Yerevanda yüksək səviyyədə təmsil olunmasıdır.
İran adlanan məmləkətdə farsın əsarəti altında inləyən 40 milyondan çox Türkün haqları ilə bağlı bir dəfə danışmayan Türkiyə hakimiyyəti ən yüksək tribunalarda Fələstin mücadiləsi apardı. Fələstin üçün neçə qüdrətli dövlətlə Türkiyə arasında diplomatik münasibətlər pozuldu. Bu da nəticə...
Türklərin ərəblər və yəhudilərlə bağlı diplomatiyası haqda Alparslan Türkeşə verilmiş suala Başbuğun verdiyi “yəhudilər tarixdə heç bir zaman türklərlə döyüşmədilər, ərəblər isə tarixən türklərə qarşı ya savaşın, ya da xəyanətin içərisində oldular” - tarixi cavabi bir daha öz təsdiqini tapmış oldu.
Yeri gəlmişkən bir daha xatırlatmaq istəyirik ki, Bakıdakı Türk Şəhidliyində mindən çox türkiyəli Şəhidin adı olduğu kimi, Çanakkale Şəhitliyində də 3 mindən çox azərbaycanlı Şəhidin adı var, ərəbin, fələstinlinin yox...
Çanakkale Zəfərilə bağlı bizi narahat edən məqamlardan biri də odur ki, bu müdhiş və təkrarsız qələbənin komandirlərinin adlarının üzərindən sükutla keçilir... Nəyə görə, Arıburun Kuzey Qrupu komandiri olaraq, döyüşə birbaşa rəhbərlik etmiş, qazandığı qələbəyə görə yüksək ödülləndirilmiş Esat Paşa və Çanakkale müharibəsindən sonra Avropada “İkinci Napaleon” adlandırılan, dönəmin hərb naziri Ənvər Paşa xatırlanmır... Hansı ki, Mustafa Kamal Paşanı bacarıqlı bir komandir olmasından dolayı Anafartalar Cəbhəsinə göndərmək də bir hərbi səriştə tələb edən qərar idi ki, müharibənin taleyi sual altında qalmasın.

-Ötən ay Azərbaycan hökuməti ilə Qərb diplomatiyasının bir neçə parlaq siması arasında gərgin münasibətlər özünü göstərdi. Ümumiyyətlə, Qərblə Azərbaycan arasında münasibətlər həmişə iki səbəbdən gərginləşir. Bunlardan birincisi Qərb institutlarının Azərbaycana ikili standarlarla yanaşması, ikinci məsələ isə demokratiya və insan haqları ilə bağlıdır. Ikinci məslədə təbii ki, Qərb institutları haqlıdırlar, lakin birinci mövzuda Azərbaycanın haqlı olmasını danmaq üçün sadəcə erməni olmaq lazımdı.
Qərb ölkələrindən ötən ay ən çox da ABŞ tərəfindən Azərbaycana qarşı xoşagəlməz münasibət sərgiləndi. Biz hesab edirik ki, ikili standartlardan yaranan bu cür münasibət region üçün Azərbaycandan çox ABŞ-a zərərdi. Çünki, Azərbaycan ABŞ-n regiondakı müttəfiqidir və Rusiyanın müstəmləkəsi olan Ermənistana görə Azərbaycanla münasibətləri pozmaq Qərbin regiondakı nüfuzunu aşağı salır. Bununla bağlı MDHP lideri geniş ictimaiyyətə net bir açıqlama etmişdi ki, “Amerika bilir ki, Ermənistan Rusiyanın yanındadır. Amma Azərbaycan fərqli bir mövqedə dayanan bir ölkədir. Həm də Ermənistandan fərqli olaraq dini, irqi ayrı-seçicilik etməyən bir ölkədir".
Eyni zamanda, bir çox hallarda Qərb diplomatlarının və institutların sərgilədiyi mövqelərin onların aid olduqları dövlətin mövqeyini ifadə etməməsinin şahidi oluruq. ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunan anti-Aazərbaycan kampaniyası ilə bağlı əldə olunan sənədlər iki ölkə arasında sərt ittihamlara səbəb olsa da, tərəflərdən heç biri rəsmi dövlət adından bəyanatla çıxış etməyiblər. Lakin, burada suçlu tərəfin ABŞ dövlətinin ən üst təbəqəsində yer alması ABŞ-Azərbaycan münasibətlərini zərbə altına qoyur. Qeyd edək ki, bu məsələdə hakimiyyətlə müxalifət arasında ciddi bir fikir ayrılığı yoxdur. ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunan anti-Azərbaycan mövqeyinə hakimiyyət nümayəndələrinin münasibəti təxminən belə oldu ki, bu  Azərbaycanın müstəqil siyasət yeritməsinin qarşısını almağa, ölkəmizi bir sıra dövlətlərin forpostuna çevirməyə yönəlib ki, buna da ABŞ Dövlət Departamenti ilə əlaqəsi olan bir sıra beynəlxalq QHT-lərin fəaliyyətində də rast gəlirik. Hakimiyyət nümayəndələri bunu ABŞ-ın yürütdüyü dövlət siyasəti hesab etmədiklərini bildirdilər.
MDHP lideri Fərəc Quliyevin isə məsələyə münasibəti belə oldu: “Mənim özümə də maraqlıdır ki, nəyə görə Qərb ölkəmizə qarşı bu qədər məkrli fəaliyyət qurmaq planından əl çəkmir və hər fürsətdə bu mövqeyini nümayiş etdirir. Xüsusən də, son günlər, Avropa Oyunlarına sayılı günlər qaldıqca, xırda məsələləri qabardaraq ölkəmizin üzərinə gəlirlər. Azərbaycan ciddi siyasi gücə çevrildikcə, onun düşmənləri də durmadan artır və onlar güddükləri maraqları gizlətmirlər. Artıq neçə illərdir ki, ABŞ ölkəmizdə “5-ci kalon”un fəaliyyətini gücləndirməklə məşğuldur. Bir sıra faktları nəzərə aldıqda, onların son kampaniyalarına təəccüblənmirəm. Həyata keçirdikləri qərəzli anti-Azərbaycan planı gözlənilən idi. Artıq hamıya məlumdur ki, onlar Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsini istəmirlər və bu yolda ölkəmiz əleyhinə mümkün olan bütün vasitələrə əl atırlar. Məlumdur ki, avropalıların böyük bir qismi ölkəmizə gələcək və Azərbaycan həqiqətlərindən xəbər tutacaq. Bu, onların maraqlarına ziddir. Görün, nə qədər ölkədən Azərbaycana nümayəndə heyətləri, xeyli sayda idmançılar gələcək. Onlar ölkəmizin hansı sürətlə inkişaf etdiyinə də şahid olacaqlar. Bundan əlavə, Avropa Oyunları müxtəlif ölkələrdə televiziya vasitəsilə canlı yayımlanacaq. Hər kəs ölkəmiz haqda müxtəlif məlumatları əldə edəcək, Azərbaycandakı idman arenalarını görəcək. Qərb həm ölkə həqiqətlərinin hamı tərəfindən bilinməsinə görə narahat olur, həm də Azərbaycanın ədalətsiz müharibəyə məruz qalmasının dünyanın diqqətinə çatdırılmasından qorxur. Elə görüntü yaratmaq istəyirlər ki, sanki bunlardan başqa heç kimdə inkişaf gedə bilməz. Avropa Oyunları sayəsində hər kəs Azərbaycanın tolerant ölkə olduğunu biləcək. Ölkədəki vəziyyəti, getdikcə daha da yaxşılaşan yaşayış səviyyəsini görəcəklər. Təbii ki, bütün bunlar düşmənlərimizi və onların ətrafını narahat edir. Güclü dövlətlər Azərbaycanın inkişaf etməsini heç cür həzm edə bilmirlər. Çünki heç bir kiçik dövlətin onlara rəqib olmasını istəmirlər. İşğalçı düşmənlərimizin də anti-Azərbaycan fəaliyyəti hər kəsə məlumdur. Onlar da bir tərəfdən ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır, nüfuzumuzun aşağı düşməsi üçün əllərindən gələni edirlər. Amma məncə, bu qədər məkrli davranmaq lazım deyil. Çünki biz heç kimin torpağını işğal etməmişik, işğala məruz qalmış dövlət Azərbaycandır. Hesab edirəm ki, ölkəmiz öz dostlarının, müttəfiqlərinin sayını davamlı olaraq artırmaqla, bizə qarşı yönəlmiş belə məkrli kampaniyaların sayını azalda bilər”.

-Ötən ay bir tərəfdən Avropa Birliyinin Türkə sərgilədiyi münasibət, bir tərəfdən Qərb ölkələrinin Azərbaycana qarşı ikili yanaşmalar, digər bir tərəfdən də, Yəmən hadisələrindən dolayı ərəb ölkələri arasında müzakirəyə çıxarılan Ərəb Birliyi məsələsi Türk Birliyi ideyasını yenidən gündəmə gətirdi. Həm ölkəmizdə, həm də Türkiyədə Türk Birliyi ilə bağlı ideoloqların fikirlərinə yer verildi, dövlət rəsmilərinə bununla bağlı suallar soruldu.
Ilk olaraq AB-Türkiyə münasibətlərinin bundan sonrakı taleyi müzakirə edildi. Burada fərqli proqnozlar verildi. Hakimiyyət nümayəndələri 61 deputatın mövqeyini AB-nin mövqeyi hesab etmədiyini bildirərərk münasibətlərin davam edəcəyi qənaətlərini ortaya qoydular. Türk Birliyinin ən sərt tərafdarı olan MDHP liderinin mövqeyi isə belə oldu: “Avropa evi xristian dəyərlərinə və yunan fəlsəfəsinə söykənir. Hesab edirəm ki, türk və islam fəlsəfəsinə söykənən yeni bir blokun yaradılmasının zamanı çatıb. Avropa ilə Türkiyədən asılı olmayan səbəblərdən soyuqluq yaranırsa, biz müttəfiqsiz qalmamalıyıq və daim Avropaya bizi bu evə buraxın deməli deyilik. Bir vaxtlar Almaniya kansleri açıq şəkildə demişdi ki, Avropa İttifaqı xristian klubudur və Türkiyənin bura qəbul olunmasını istəmirlər. Ona görə də onların verdiyi təkliflərlə oturub-durmağa dəyməz və fərqli davranışı özümüz müəyyənləşdirməliyik”.
Türk Birliyi modelinin müzakirələrinə gəlincə isə, burada da yanaşmalar fərqlidir. Hakimiyyətin bu istiqamətdəki siyasəti bir çox türkçülüyü ilə seçilən təşkilatlar tərəfindən dəstəklənsə də, bəzi təşkilatlar tərəfindən tənqid edilir. Hakimiyyətin bu istiqamətdəki siyasəti ilə razılaşmayan MDHP-yə görə isə, Türk ölkələri arasında münasibətlər mədəni-ictimai müstəvidən, dərhal siyasi-iqtisadi-hərbi müstəviyə keçməlidi. MDHP hesab edir ki, Türk Birliyinin formalaşması nəticəsində yeni bir güc mərkəzinin yaranması ilə təkçə Türk milləti üçün deyil, bütün bəşəriyyət üçün haqqın, ədalətin sığınacağı bir dayağın yaranmasına səbəb olacaq. Bu tarixi bir təcrübədir!

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
01.05.2015
Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed