Şrift:
Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışı olacaq
02.05.2015 [10:44] - Gündəm, Bildiriş
Mayın 2-də Quba şəhərində yerləşən Quba Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimi keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

XX əsrin I yarısında Azərbaycanda təşkil olunan muzeylərdən biri də Quba tarix muzeyidir. İlk muzey 1924-cü ildə "Cami" məscidinin mədrəsəsində Quba ziyalılarının təşəbbüsü ilə yaradılıb. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Çələbizadə Əhməd Əbdürrəhman oğlu Quba tarix muzeyinə müdir təyin olunur. 1937-ci ildə Əhməd əfəndi represiya qurbanı olur, muzey bağlanır.

1943-cü ildə Quba ictimaiyyəti tarix muzeyinin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edir. Azərbvaycan SSRİ Xalq Komissarları Sovetinin 04.21.1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaradılması haqqında qərar qəbul edilir. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair A.A.Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi, 93 saylı binada fəaliyyətə başlayır.

XIX əsrin əvvəllərində tikilən bu bina Azərbaycan SSRİ Nazirlər Sovetinin 14 may 1981-ci il nömrə 225 saylı qərarı ilə tarixi abidə kimi qeydə alınıb.

1943-1958-ci illər Azərbaycan Elmlər Akademiyasının baza muzeyi kimi, 1958-1965-ci illər ictimai əsaslarla, 1965-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir.

Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.

Uzun illər istifadə olunan muzeyin son 4 zalı qəzalı vəziyyətdə olduğu üçün 05.05.2010-cu il tarixdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey ekspozisiyası tamaşaçılar üçün bağlanıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Quba şəhərində "Nizami" adına parkın ərazisində yeni, müasir standartlara uyğun muzey binasının tikintisinə başlanıb. 2014-cü ildə binanın inşası tam başa çatdırılıb, ekspozisiyalarda tərtibat işləri aparılıb. Binanın ümumi sahəsi 1620 kv.m. 1 zirzəmi 3 mərtəbədən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed