Şrift:
Türkiyədə Generalları “dinləyirlər”
13.01.2012 [03:26] - Xəbərlər
Türkiyə hərbi qüvvələrinin baş qərargah rəisi olmuş İlkər Başbuğun həbsindən sonra növbəti generalın həbsi haqqıda məlumat yayıldı.

Məlumatda bildirilir ki, Egey qoşunları sabiq baş komandanı Xurşid Tolon dünən həbs olunub.
İlkər Başbuğ və digər yüksək vəzifə tutmuş hərbçilərin ard-arda həbs olunması, Ərdoğan hökumətinin Türkiyədə köklü ictimai və siyasi dayaq və geniş təsir imkanlarına malik hərbi elita ilə mübarizəsində növbəti zəncirin qırılması, yaxud növbəti fiqurun vurulması kimi qiymətləndirilməlidir. 2001-ci ildən bu yana hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası elə hakimiyyətinin ilk illərindən artıq Türkiyə siyasi kulislərində, həmçinin geniş ictimaiyyət arasında hamılıqla qəbul edilən oturuşmuş bir qayda ilə razılaşmadı. Qayda ondan ibarət idi ki, ordu hüquqi baxımdan hökumətə tabe olsa da, faktiki , müstəqildir və “ordu Türkiyədə demokratiyanın keşikçisidir”. Yəni siyasətçilərin işi demokratik və sivil qaydalarla ölkəni idarə etməkdirsə, ordunun əsas vəzifəsi buna nəzarət etməkdən ibarətdir. Əgər generallar hesab edərsə ki, “qeyri-demokratiklik” müşahidə olunur, bu zaman hakimiyyəti asanlıqla əlinə keçirir, ölkədə qayda-qanun yaradır, pozuntuya yol verəni cəzalandırır və bir müddətdən sonra hakimiyyəti yenidən qaytarır. Türkiyə tarixində 3 dəfə belə olay baş verib və sonuncu dövlət çevrilişi 1980-ci ildə olub. O vaxtkı qərargah rəisi Kənan Evrən çevrilişdən sonra prezident olub və 1989-cu ilə kimi ölkəni idarə edib. Əslində məsələnin kökü ta Atatürkə dayanır. Atatürk bir ordu komandanı olub və məhz ordu Türkiyənin xilaskarı hesab edilib. Uzun illər dövlət təbliğatı bu istiqamətdə aparılıb və nəticədə ordu rəhbərliyinin seçilmiş hökumətə tabesizliyini cəmiyyətin gözündə leqallaşdırıb. Belə çıxır ki, Türkiyədə siyasi böhranların baş verməsi və siyasi sabitliyin pozulması ordu rəhbərliyinin işinə yarayırdı. Bu zaman generallar daha geniş səlahiyyətlər əldə edir, daha böyük söz sahibinə çevrilirdilər. Deməli, hər hansı partiyanın parlamentdə yerlərin əksəriyyətini qazanması və sabit siyasət həyata keçirməsi ordu rəhbərliyinə əl verə bilməzdi. Bu mənada generalların hökumət çevrilişini etmək istəyi də inandırıcı səslənir və başadüşüləndir.

2002-ci ildən baş nazir seçilmiş və hökuməti əvvəlki illərdən fərqli olaraq tamamilə öz partiyasından formalaşdıran Ərdoğan üçün Türkiyədə hakimiyyəti tam mənasıyla ələ almaq üçün qarşısında iki əngəl var idi. Bunlardan birincisi prezident kürsüsünə öz adamını oturtmaq, ikincisi isə ordunun hökumətə faktiki tabeçiliyini əldə etmək. Birinci məsələ 2007-ci ildə Abdulla Gülün prezident seçilməsi ilə həll olundu. Parlamentdə üstünlük təşkil edən AKP öz namizədini prezident seçdi.

Ordu məsələsinə gəlincə isə burada iki məqam qeyd olunmalıdır. Birincisi nəzərə alınmalıdır ki, Türkiyə cəmiyyətində ordu və ya əsgər bir xilaskar kimi təsəvvür olunur və generalın çevrilişə cəhd göstərməsi ictimaiyyət tərəfindən cinayət kimi deyil, “ölkənin maraqları naminə, demokratiyanın inkişafı məqsədilə” atılan addım kimi qiymətləndirilir. Bu mənada Ərdoğan hökuməti “Ergenekon” məsələsini ortaya çıxarmaqla paralel olaraq təbliğat işini apardı. Kiçikranqlı istefada olan ordu zabitlərinin həbsiylə başlayan adıçəkilən əməliyyatların təfərrüatları mediada açıqlandıqca ilk etapta “ordunun bütün zabitlərinin dövlətin qeydinə qalmadığı”, sonrakı etapda “çevrilişin böyük bir cinayət olduğu, generalların şəxsi məqsədlərini dövlət məqsədlərindən üstün tutduqları, ordunun əsas vəzifəsinin siyasətə qarışmaq deyil, sərhəddi qorumaq olduğu” və s. bu kimi tezislər şüuraltı olaraq ictimai rəyə yeridilməyə başlandı. İctimai rəy çox böyük əhəmiyyətə malikdir və bu gün İlkər Başbuğ kimi simaların həbsinə imkan yaradır. Təbii ki, 10 il əvvəlki Türkiyədə Silahlı Qüvvələrin baş qərargah rəisi həbs olunsaydı, böyük ajiotaja səbəb olardı və hətta hökumətin istefasına belə gətirib çıxarardı.

Hökumətin qarşısında duran digər əngəl isə hüquqi müstəvidə olan məsələlərlə əlaqədar idi. Yazının əvvəlində adı qeyd olunan Kənan Evren hakimiyyətdə olduğu dövrdə konstitusiya dəyişikliyi etməyə və hərbçilər tərəfindən edilən dövlət çevrilişinə görə onların heç bir cinayət məsuliyyəti daşımaması barədə bəndin qəbul edilməsinə nail olub. Ərdoğan isə keçirdiyi referendumla həmin bəndi ləğv etdirdi və artıq 94 yaşlı Kənan Evrenin belə həbs olunması gündəmə gəlib. Ərdoğanın Kənan Evrenlə şəxsi intriqasının olub-olmadığını deyə bilmərik, ancaq 1980-ci ildə – hərbi çevrilişdən sonra İstanbul Nəqliyyat Departamentində çalışmış Ərdoğana yeni hərbi müdiriyyət tərəfindən bığlarını qırxmaq əmri verilib, o isə buna tabe olmayaraq işdən çıxıb.

Əslində 2011-ci ilin avqust ayını Ərdoğanın ordunu tam ələ almaq istiqamətində üzdə görünən ilk qələbəsi baş verdi. Cəmi 1 illik fəaliyyətinə baxmayaraq, İlkər Başbuğdan sonrakı qərargah rəisi İşıq Koşanər və bir neçə yüksək vəzifəli general “Ergenekon” əməliyyatlarına etiraz olaraq istefa verdilər. Və ilk dəfə olaraq Türkiyədə hökumət ordunun baş qərargah rəisini təyin etdi.
Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed