Şrift:
Xələf Xələfov Polşa Baş nazirinin müavini ilə görüşüb
08.05.2015 [09:56] - Gündəm, Diaspor
Mayın 6-7-də Azərbaycanın Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Polşa arasında XİN-lər arası siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər edib.

Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, nümayəndə heyəti Polşanın rəsmi şəxsləri - Baş Nazirin müavini, İqtisadiyyat Naziri, Polşa-Azərbaycan Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının həmsədri Yanuş Piexoçinski, Xarici İşlər Naziri Qjeqorj Sxetına, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, Xarici İşlər Nazirinin müavini Konrad Pavlik, Milli Təhlükəsizlik Bürosunun direktor müavini Zbiqnev Vlosoviç ilə görüşlər keçirib.

Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, regional təhlükəsizlik məsələləri, Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Varşavada keçirilməsi nəzərdə tutulan növbəti VII iclasına hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir müavini X.Xələfov Azərbaycan – Polşa münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. O, Azərbaycanın regionda həyata keçirdiyi irimiqyaslı layihələrdə Polşa şirkətlərinin fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Polşanın yüksək səviyyədə təmsil olunacağına işarə edən X.Xələfov, Polşa idmançılarına uğurlar arzulayıb.

Görüşlər zamanı Polşa tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz qaldığını bildirib. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı institutları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsini dəstəklədiklərini vurğulayıb.

Görüşlərdə Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Həsənov iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed