Şrift:
Güney Azərbaycan bu həftə
09.05.2015 [17:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası

-Bu həftə İran adlanan dövlətin və Güney Azərbaycanın baş xəbəri Güney Azərbaycan Vilayətinin Mahabad (Soyuqbulaq) şəhərində otellərin birində xadimə işləyən kürd kökənli Fərinaz Xosrəvani adlı gənc qızın şübhəli şəkildə öldürülməsi və bu səbəbdən başlayan qanlı etirazlar oldu. Bəzi mənbələr qızın hotel sahibi tərəfindən və bəzi mənbələr isə onun ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) məmuru tərəfindən təcavüzə məruz qaldığını bildiriblər. Bundan sonra qız özünü hotelin 4-cü mərtəbəsindən ataraq, intihar edib. Etirazçılar şəhərdəki yeganə 4 ulduzlu hoteli daşa tutub və onun bir hissəsini yandırıblar. Yayılan məlumatlara görə, nümayiş iştirakçıları 25 yaşlı qıza qarşı cinayət törədən şəxsə ən ağır cəza istəyiblər. Bu olaya etiraz olaraq şəhər əhalisi aksiya təşkil edib. Təhlükəsizlik işçilərinin aksiyanı dağıtmaq cəhdi toqquşma ilə nəticələnib. Hadisə zamanı çoxlu sayda etirazçı xəsarət alıb, onlarla etirazçı  saxlanılıb. Hazırda da şəhərdə vəziyyətin gərgin olduğu bildirilir.

-Güney Azərbaycanda və İran adlanan ölkədə son həftənin ən mühim hadisələrindən biri də, bir çox şəhərində müəllimlərin keçirdiyi etiraz aksiyalarıdır. Minlərlər müəllim mayın 7-də Azərbaycanın Təbriz, Həmədan, Zəncan və Ərdəbil şəhərlərində etiraz yığıncağı keçirib. Oxşar yığıncaqlar digər şəhərlər o cümlədə paytaxt Tehranda da keçirilib. Yığıncaqlar polis qüvvələrinin nəzarəti altında baş tutub. Tehranda ölkə parlamentinin qarşısında keçirilən yığıncaqda 3000 müəllim toplaşıb. Etirazçıların qaldırdığı plakatlarda dolanışıq vəziyyətinin yaxşılaşdırılması, həbsdə olan müəllimlərin azad edilməsi və Təhsil nazirinin istefa verməsi kimi mövzular öz əksini tapıb. Plakatlarda bu kimi şüarlar yazılıb: “Yoxsulluq səviyyəsi 3 milyon – Bizim maaşımız 1 milyon”, “Yoxsulluğa bəlkə dözərik – Ama ayrı-seçkiliyə dözmərik”, “Həbsdə olan Budaqi, Baqiri və Haşimi kimi müəllimlər azad edilsin”, “Cənab vəzir sizə xəbərdarlıq edirik!”, “Ləyaqətsiz nazir – İstefa , istefa”, “Məktəb rəislərini müəllimlər seçməlidir”, “Müəllim fəryad edir – Mətbuat senzura edir”, “Müəllimlər ayrı-seçkilikdən sızlayır, yoxsulluqdan deyil”, “Müəllimin narahatlığı onun dolanışığıdır”, “Məktəblərin özəlləşdirilməsi anayasanın 30-cu əslinə ziddir” və s. Qeyd edək ki, müəllimlərin etiraz yığıncaqları İran Müəllimləri Dərnəyinin çağırışı əsasında baş tutub. Bundan öncə martın 1-i və aprelin 16-da müəllimlər tərəfindən oxşar yığıncaqlar keçirilmişdir.

-Bu həftə Güney Azərbaycanda əhali təbii fəlakətlərdən də çox əziyyət çəkdi. Son günlərdə Urmiya şəhəri yağışlı havaya görə həyat iflic vəziyyətdədir. Güney Azərbaycanın Urmiya şəhəri digər Azərbaycan şəhərləri kimi yağışlı havaya hazırlığı yoxdur. Bu səbəbdən də, əhali şəhər daxilində hərəkət edə bilmir, maşınlar belə sular altında qalıb.
Birinci gündən başlayan yağış Təbriz şəhərində qeyri-adi vəziyyət yaratdı. Məlumata görə, yeraltı keçidlər hovuza çevrilib və şəhərin müxtəlif bölgələrində su cəmləşib. Maşınlar isə yeraltı keçidlər və şəhərin bir çox məntəqəsində sular altında qalıb və şəhərdə hərəkət demək olarki dayanıb. Bir çox maşın və onların sərnişini təcili yardım qruplarının köməyi ilə qurtulub. Şəhər bələdiyyəsi isə vəziyyəti düzəltməkdən aciz vəziyyətdə qalıb. Qeyd edək ki, Güney Azərbaycanın böyük şəhərləri o cümlədən Təbriz və Urmiyədə hər dəfə qar və yağış yağdıqca bu günki vəziyyət təkrar olur. Bu şəhərlərdə nəinki yağış suyunun şəhərdən çölə çıxması üçün xüsusi sistemi yoxdur, hətta kanalizasiya sistemləri belə bərbad durumdadır. Əhali bununla bağlı dəfələrlə öz etirazını bildirsə də, heç bir nəticə əldə olunmayıb.

-Qərblə münasibətlər bu həftə də gərgin olaraq sürdü. ABŞ-ın vitse-prezidenti Co Baydenin “lazım olsa İrana hücum edəcəyik” bəyanatıyla başlayan qarşılıqlı hədlər ən yüksək səviyyəyə qaıxdı. İran İnqilab Keşikçiləri Korpusu (Sepah) komandanının canişini Hüseyn Səlami danışıqlarla bağlı Co Baydenin hədəsinə cavab olaraq iranlı diplomatlara xitabən bəyan edib ki, “Əgər Amerika sizinlə təhdid dili ilə danışırsa, müzakirəni tərk edin və meydanı bizə tapşırın”. İranın dini lideri Xamneyi isə “Mən təhdid altında aparılan müzakirə ilə razı deyiləm” mesajını verib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke İranla iqtisadi münasibətlərin qurulması üçün hələ tez olduğunu bildirib.
Son məlumata görə isə, Amerika Senatı İranla razılıqların nəzərdən keçirilməsinə dair qanun layihəsini təsdiq edib.

-Məlum olduğu kimi, azərbaycanlılar uzun illərdir tarixi qəhrəmanları Sattarxan və Şeyx Məhəmməd Xiyabanının məzarını Təbrizə gətirə bilmir, buna səbəb İran rejiminin mane olmasıdır. Tehranda Azərbaycanın tarixi şəxsiyyətləri üçün nəinki onlara layiq məzar tikilmir, hətta olduqca sadə olan məzarları da rahat buraxılmır. Bu həftə Güneydən gələn xəbərlərə görə, Səttarxanın məzarı yaxınlığında yerləşən mərhum Şeyx Məhəmməd Xiyabanının məzarına qarşı təxribat törədilib. Onun məzarı ətrafında natəmiz əşyalar da müşahidə olunur.

-Fars şovinizminin türk millətinə qarşı təhqirləri səngimək bilmir. Bu həftə İranda bir fars musiqi qrupu türkləri inanılmaz şəkildə təhqir edib. Məlumata görə, “Vel şodeqan” adlı bir fars musiqi qrupu türklərə qarşı inanılmaz təhqirə yol verib. Həmin qrup tərəfindən ifa olunan sözdə musiqi parçasında türklər uzunqulaq və itə bənzədilib.

Hər zaman olduğu kimi, bu dəfə də fars kütləvi informasiya vasitələrinin səssiz qalacağı gözlənilir. Sözü gedən qrup, artıq Videonu öz Facebook səhifəsindən silib və iddia edib ki, onların məqsədi “türk” sözündən “gözəl çöhrəli” olub və başqa məqsəd güdməyib. Lakin fars şovinizminin türklərə qarşı təhqir tarixçəsi ilə tanış olan insanlar üçün belə bir iddia keçərsizdir.

-Bir azərbaycanlı isə türk musiqisinə qulaq asdığına görə qətlə yetirilib. Güneydən göndərilən məlumata görə, Davud Şükri Şəhsəvar öz şəxsi maşınında türk musiqisinə qulaq asdığına görə polis idarəsinə çağırılıb. İdarədə ona bildirilib ki, türk musiqisinə qulaq asmamalıdır. Bundan sonra polisin tələbinə etiraz edən Şəhsəvarın maşını məmurlar tərəfindən saxlanılıb. 
Məlumata görə, D.Ş.Şəhsəvarın atası bu məsələdən xəbər tutduqdan sonra hadisə yerinə gəlib və maşını saxlandığı yerdən aparmaq istəyib. Bundan qəzəblənən polis məmurları ata və oğulu möhkəm döyüblər. Hadisə nəticəsində D.Ş.Şəhsəvarın öldüyü bildirilir.

-Bunlardan əlavə, Güneyli milli-mədəni fəallardan Mehdi Deyhəmi 1 il azadlıqdan məhrum edildi, Aydın Zakiri isə yenidən məhkəməyə çağırıldı. Səid Şirzaddan xəbər gəldi ki, düz bir ilə yaxındır qeyri-müəyyən vəziyyətdə saxlanılır. Tanınmış milli-mədəni fəal, jurnalist və insan haqları fəalı Səid Mətinpur isə Tehranın Evin zindanına intiqal edilib.

-Dünya Ana Dili Günü hadisələri ilə bağlı isə bir qrup azərbaycanlı ziyalı bəyanat yayıb. Ziyalılar arasında milli-mədəni fəal, şair və yazıçılar var.
Rum surəsinin 22-ci ayəsi ilə başlanan Bəyanatda 21 fevral (22 isfənd) Birləşmiş Millətlər Təşkilatının YUNESKO Təşkilatı tərəfindən Dünya Ana Dili Günü kimi tanındığı, İran Anayasasının 15-ci əsli və prezident Həsən Ruhaninin təbliğat-təşviqat dönəmi türk dilinin tədrisi və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı verdiyi sözlər xatırladılıb.
Bəyanatda qısaca bildirilir:
“Yuxarıda qeyd olunan faktları nəzərə alaraq Dünya Ana Dili Gününə 2 aydan çox qaldığı bir vaxtda, azərbaycanlı mədəni fəallar Dünya Ana Dili Gününü ağırlamaq məqsədi ilə mərasim keçirmək üçün icazə almağa və bu istiqamətdə fəaliyyət göstərməyə başlayıblar. Onlar internetdə “Dünya Ana Dili Gününü ağırmaq mərasimi üçün icazə kampaniyası”-na başlayıb və olduqca şəffaf şəkildə imza toplayıblar. Tehran, Baharistan, Kərəc, Qəzvin, Təbriz, Urmiyə və s. kimi şəhərlərdə isə bir sıra azərbaycanlı ziyalı öz şəxsi adı ilə mərasim keçirmək üçün səlahiyyətli orqanlara müraciət edib. Lakin təəssüflər olsun ki, sözü gedən mərasimi keçirmək mümkün olmayıb və buna icazə verilməyib. Ən önəmlisi isə bu fəaliyyətlərlə əlaqədar Dünya Ana Dili Günü ərəfəsində 7 nəfər azərbaycanlı saxlanılıb:
Əli Rzayi – Tehranda
Əmin Hacilu – Xoyda
Araz Xassetəraş – Xoyda
İslam Əkbərlu – Xoyda
Fərdin Nobəxt – Meşginşəhrdə
Aydın Zakir – Meşginşəhrdə
Əlirza Fərşi – Tehranda
Dünya Ana Günündən 3 gün sonra isə Teknoloji Şərif Universiteti tərəfindən fars dilində mərasimin keçirilməsinə verilən icazə, universitetdən kənar qüvvələr tərəfindən ləğv edildi.
Buna baxmayaraq ərəblər və kürdlər üçün oxşar mərasimin keçirilməsinə icazə verildi, lakin biz onlar üçün bu imkanın yaranmasından narahat deyilik... .”
Bəyanatda ölkə məsullarından istənilir ki, “anayasanın 27-ci maddəsini nəzərə alaraq bu kimi mərasimlərə icazə verilməlidir. Həmçinin İran və digər milləttlərin mənafeinə uyğun olaraq, ölkədə yaşayan digər millətlərin hüquqlarına hörmət edilməli və bu istiqamətdə addımlar atılmalıdır.”
Bəyanatı imzalayan ziyalılar məhbus fəalların da azadlığa buraxılmasını tələb ediblər.
Bəyanatın surəti Mədəniyyət və İrşad Nazirliyi, Tehran və Təbrizin Şəhər Şurası, bir çox azərbaycanlı millət vəkili və Tehran məsullarına göndərilib. Bəyanat, onlarla tanınmış milli-mədəni fəal, yazıçı, şair və ictimai xadim tərrəfindən imzalanıb.

-İranın İnzibati Komitəsi isə, “Traxtur” Komandasının əleyhinə qərar çıxardı. İran üzrə futbol klublarının super liqa rəqabətlərin son günlərinə yaxınlaşdığı və rəqabətlərin kəskinləşdiyi bir dönəmdə Təbrizin “Traxtur” futbol takımı yenidən İnzibati Komitənin cərimə qərarı ilə üzləşib. Futbol Federasyonunun İnzibati Komitəsi super liqa rəqabətlərinin 26-cı həftəsində Təbrizdə “Traxtur”la “Saypa” komandaları arasında keçirilən müsabiqə ilə bağlı qərar çıxarıb. Qərarda “Traxtur” tərəfdarları bir sıra hərəkətlərə görə ittiham edilib və “Traxtur” komandası 30 milyon rial cərimə ödəməyə məhkum olunub. Həmçinin “Traxtur” oyunçusu Həbib Qurdani və məşqçi Kardos Antonio idman rəftarına sığmayan hərəkətlərdə günahlandırılıb və qərara əsasən, hər biri, bir oyun öz komandasından uzaqda qalmalı və 10 milyon rial cərimə ödəməlidir. Qeyd edək ki, “Traxtur” komandasının xəbərlərini izləyənlər komanda barəsində zaman-zaman bu kimi qərəzli qərarların çıxarılması və onun mahiyyəti ilə tanışdılar.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
09.05.2015
Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed