Şrift:
Bakı metrosunda ingilis dilində də məlumat veriləcək
12.05.2015 [11:41] - Gündəm, Sosial
İyunda Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yarışların keçirildiyi günlərdə Bakı Metropoliteninin qatarlarında məlumatlar Azərbaycan dili ilə yanaşı ingilis dilində də səsləndiriləcək.

Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisi bildirib ki, bu, I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) təklifi və tələbi ilə həyata keçiriləcək: "Artıq bütün stansiyalarda elektron tablolar dəyişdirilib. Tablolarda Azərbaycan dilində məlumatlar yer alır. Çalışırıq ki, həmin lövhələrdə məlumatlar ingilis dilində də verilsin. Bundan əlavə bizə tələb var ki, vaqonlarda xarici qonaqlara idman arenalarına hərəkət istiqaməti vermək üçün ingilis dilində məlumatlar səsləndirilsin. Lakin bu nisbətən çətin məsələdir. Çünki qatarın stansiyada konkret dayanma müddəti var. Hazırda qatar dayananda və hərəkətə başlayanda vaqonlarda Azərbaycan dilində məlumatlar səsləndirilir. Əlavə olaraq, ingilis dilində də məlumat səslənsə, bu çox vaxt ala bilər. Lakin hazırda bu məsələ üzərində iş gedir, hazırlıq başlayıb, amma bunun hansı formada olacağını indidən söyləmək mümkün deyil".

N.Paşayev əlavə edib ki, BEGOC-un tələbi ilə həmçinin hazırda metronun 6 stansiyasında həm Azərbaycan, həm də ingilis dilində məlumatlandırıcı lövhələr quraşdırılır: “Bunlar I Avropa Oyunları zamanı tamaşaçıları və rəsmi akkreditasiyadan keçmiş şəxsləri idman arenalarına daşıyacaq “ekspres” avtobusların dayanacağı "20 Yanvar", "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik" və "Koroğlu" stansiyalarıdır. Lövhələri biz özümüz hazırlamışıq. Lövhələrdə hansı istiqamətə rahat gedə bilmək üçün məlumatlar yer alıb”.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed