Şrift:
Elçin Hatəmi: İqtisadi vəziyyət xüsusilə qeyri-fars bölgələrdə çox ağırdır (audio)
12.05.2015 [13:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az güneyli hüquq müdafiəçisi Elçin Hatəminin Güney Azərbaycanında insan haqları pozuntuları barədə Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edir



Son vaxtlar İranın xarici işlər naziri Məmməd Cavad Zərifin Amerikanın CBS kanalı ilə müsahibədə İranda insanların əqidələrinə görə həbs edilmədiyinə dair sözləri onu və Həsən Ruhani hökümətini dəstəkləyən bir çox islahatçının sərt təpkisinə səbəb olub.
Güneyli hüquq müdafiəçisi Elçin Hatəmi Amerikanın Səsi ilə söhbətdə xarici işlər nazirinin ifadələrini dəyərləndirməklə yanaşı, son vaxtlar İran Azərbaycanında baş verən insan haqları pozuntuları haqqında da məlumat verib.

“Biz insanları əqidələrinə görə həbs etmirik... Amma cinayət/suç işləyən və İranın qanunlarını pozan insanlar jurnalist və siyasi fəal ünvanları arxasında gizlənə bilməzlər...” deyə xarici işlər nazirinin CBS kanalının muxbiri Çarli Roz ilə müsahibədə dilə gətirdiyi sözlər günlərlə ölkə daxili və xaricində nəşr edilən farsdilli mətbuatın gündəmində olub.

İran-Qərb nüvə danışıqlarında əldə edilən ilkin razılıqdan sonra xeyli populyarlıq qazanan və zaman zaman Əmir Kəbir və Məhəmməd Musəddiq kimi İran müasir tarixinin önəmli fiqurları ilə müqayisə edilən Zərif onu adətən dəstəkləyən bir çox jurnalist və siyasi fəal tərəfindən də sərt şəkildə tənqid edilib.

Elçin Hatəminin fikrincə, xarici işlər nazirinin sözləri uzun illər boyu İran hakimiyyətləri tərəfindən yürüdülən ənənəvi siyasətin bir hissəsidir.

“İran rəsmiləri ölkədə baş verən insan haqları pozuntularından söz gedəndə hər zaman inkar siyasəti yürüdüblər,” deyə Türkiyədə yaşayan insan haqları fəalı keçmişdə Məhəmməd Rza Pəhləvi, Mahmud Əhmədinejad və Həsən Ruhani tərəfindən də dilə gətirilən oxşar ifadələrə də diqqət çəkib.

“Zərif deyir, heç kəs əqidəsi üçün həbs olunmur, halbuki, beynəlxalq qurumların bəyanatlarına görə, İran dünyada mətbuat azadlığı durumunun ən pis olduğu ölkələrdən biridir,” deyə Hatəmi əlavə edib.

Hüquq Müdafiəçisi həmçinin son aylarda Təbriz və Əhvaz şəhərlərində özlərini yandıraraq intihar edən iki səyyar satıcının ölümünə işarə edərək əhalinin üzləşdiyi iqtisadi çətinliklərdən danışıb. O, iqtisadi problemlərin qeyri-fars bölgələrdə daha artıq olduğunu vurğulayıb.

Güneyli fəal habelə Azərbaycan vilayətlərində icra edilən edam hökmləri və bir neçə güneyli məhbus o cümlədən, ötən həftə Zəncan zindanından təkrar Tehranın Evin həbsxanasına köçürülən tanınmış jurnalist Səid Mətinpurun durumu haqqında Amerikanın Səsinə məlumat verib.

Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz:

TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed