Şrift:
Türkiyə demokratikləşir, yoxsa avtoritarlaşır…
13.01.2012 [14:36] - Güney Azərbaycan xəbərləri
Türkiyə Putin Rusiyasına oxşamağa başlayıb Hasan Oktay: «CHP yeni Türkiyənin bütün təşkilatlarını qurdu və formalaşdırdı. İndiki iqtidar isə bu təşkilatları çevirməyə, dəyişdirməyə çalışır»

Vurğun Həsənli: «Türkiyədə bir «təmizlənmə» hərəkatı başlayıb və sona çatacaqdır»

Cavid

Türkiyədə iqtidar-müxalifət münaqişəsi hər zaman mövcud olub. Bəzən bu münaqişələr daha da şiddətlənib. Xüsusilə də hər parlament və prezident seçkiləri öncəsi. Hələ iki il öncə Türkiyənin Mərsin vilayətinin Anamur qəsəbəsində iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) üzvləri ilə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfdarları arasında atışma da olub. Məlumatlara görə, hər iki partiyanın eyni küçədə yerləşən seçki qərargahlarındakı tərəfdarları arasında mübahisə baş verib. Səbəbi məlum olmayan mübahisə silahlı atışmaya gətirib çıxarıb. Atəşin AKP tərəfindən açıldığı məlum olub. Nəticədə MHP üzvü olan iki nəfər yaralanıb, 3 AKP-çi isə tutulub.
Ötən ilin iyununda Türkiyədə keçirilən parlament seçkiləri öncəsi də ictimai-siyasi vəziyyət daha gərgin mərhələyə qədəm qoydu. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətin bir-birinə qarşı ittihamları getdikcə daha kəskin və radikal xarakter aldı. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Artvin vilayətinin Hopa şəhərində parlament seçkiləri ərəfəsində keçirdiyi mitinqdən əvvəl və sonra gərgin anlar yaşandı. Belə ki, bir qrup maskalı şəxs vətəndaşlara və polisə hücum etdi. Hadisə zamanı 1 nəfər öldü. Mitinqdən sonra isə baş nazirin mühafizəsini təşkil edən avtobus daşqalaq edildi. Bu zaman bir nəfər polis hərəkətdə olan avtobusdan yıxılaraq arxadan gələn digər mühafizə maşınının altında qaldı. Ciddi xəsarətlər alan polis Trabzon xəstəxanasına yerləşdirildi. Baş nazir Rəcəb Tayyib Ərdoğan hadisəyə sərt reaksiya verdi. İqtidar bu hadisədə müxalifəti ittihamladı. Qeyd edək ki, bundan əvvəl Ərdoğan Kayseridə keçirilən mitinqdə iri müxalifət partiyalarını partiyasına qarşı qəsd cəhdində günahlandırmışdı. Onun qənaətincə, Cumhuriyyət Xalq Partiyası, MHP və Barış və Demokratiya Partiyası bir növ üçlük yaradıblar və onların məqsədi, nəyin bahasına olursa-olsun, AKP-nin nüfuzunu aşağı salmaqdır. Hakim AKP-müxalifət arasında münaqişə bu gün də yaşamaqdadır. Daha doğrusu, bu, seçkilərdən əvvəlki münaqişənin davamıdır. Müxalifət AKP-ni daha çox korrupsiyaya, rüşvətə qurşanmaqda günahlandırır. Bundan başqa, Ərdoğanın ordunun ölkənin taleyinin müəyyən olunmasında oynadığı rolu neytrallaşdırmaq istiqamətində addımlarını da kəskin tənqid edir. Qeyd edək ki, Ərdoğan hökuməti 10-larla hərbçi, alim, jurnalist və siyasətçini hökumət çevrilişinə cəhddə şübhəli bilərək həbs edib ki, müxalifət buna etiraz edir.
İqtidar bu dəfə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu hədəfə alıb. Türkiyə baş nazirinin müavini Bəşir Atalay Kamal Kılıçdaroğlu haqqında başladılan istintaq işi ilə bağlı açıqlama verib. «Habertürk»ün verdiyi xəbərə görə, Bəşir Atalay açıqlamasında deyib: «Məhkəmə Kılıçdaroğlunun çıxışları məhkəmə prosesinə müdaxilə kimi qəbul edib. Açıqlamalarda yer alan ifadələr təhqir və günahlandırma kimi qəbul edilib». Qeyd edək ki, CXP lideri dövlət qurumunu təhqir etməkdə və məhkəməyə təsir göstərməyə cəhddə ittiham olunur. Silivri Prokurorluğu Kılıçdaroğlunun Silivri həbsxanasında olan Mehmet Haberal və Mustafa Balbayi ziyarət etdikdən sonra verdiyi açıqlamalara görə təhqiqata başlayıb.
Ana müxalifət partiyasının təmsilçiləri deputat toxunulmazlığından imtinaları isə vəziyyəti gərginləşdirib. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və CHP-dən olan millət vəkilləri deputat toxunulmazlıqlarından imtina ediblər. Türkiyə mətbuatının verdiyi xəbərə görə, CHP-dən olan millət vəkillərinin deputat toxunulmazlıqlarından imtina etmələrilə bağlı sənədin hazırlandığını deyən Kamal Kılıçdaroğlu bildirib ki, sənəd Türkiyə Böyük Millət Məclisinə göndəriləcək: «Mənim toxunulmazlığa ehtiyacım yoxdur, ərizəm də buradadır. Xalq naminə yola çıxanların qorxması mümkün deyil».
Kamal Kılıçdaroğlu daha sonra hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının ünvanına kəskin bəyanatlar səsləndirib: «Bu oyunun haralarda qurulduğunu çox yaxşı bilirəm. Sizin səlahiyyətli məhkəmələrinizdən, prokurorlarınızdan da qorxmuram. Məni həbsə atsanız, dar ağacına da göndərsəniz belə bildiklərimi, düşündüklərimi söyləyəcəyəm».
Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oktayın fikrincə, CHP Türkiyə Respublikasını quran partiyadır. AKP isə indiyə qədər həmişə müxalifətdə qalan amma indi hakimiyyətdə olandır: «Onun üçün onların arasında böyük bir çəkişmə var. AKP iqtidarı belə deyir ki, CHP 1923-1946-cı illərdə iqtidarda ikən xalqla çox pis davrandı. CHP yeni Türkiyə Respublikasının bütün təşkilatlarını qurdu və formalaşdırdı. İndiki iqtidar isə bu təşkilatları çevirməyə, dəyişdirməyə çalışır. Məhz CHP ilə AKP arasında döyüşün əsl səbəbi budur. CHP öz qurduğu dövlət qurumlarının dəyişdirilməməsinə qarşı çıxır. Bu demokratik mücadilədir. Əgər gələn seçkilərdə CHP hakimiyyətə gələrsə, bu dəfə onlar AKP iqtidarında olanları bu şəkildə mühakimə edərək həbsə atacaq. Bu mübarizə Türkiyəyə zərər verməkdədir. Çünki iki tərəf bir-birinə qalib gələ bilmək üçün davamlı olaraq xarici dəstək aramaqdadır. Bu xarici dəstək axtarışı Türkiyənin müstəqilliyinə zərər verməkdədir. Onun üçün gələcək dövrdə Türkiyədə bu iki partiyanın müsbət tərəflərini bilən yeni bir iqtidara ehtiyac vardır. Bu Türkiyənin gələcəyi üçün çox əhəmiyyətlidir. Bu da lideri dəyişən və yeni bir dünyaya yeni bir dünya görüşü ilə baxa bilən siyasi partiya olacaq MHP-dir».
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı politoloq Vurğun Həsənli isə bildirib ki, bu məsələni bir neçə fərqli yanaşma ilə daha aydın qavramaq olar: «Əsas odur ki, indiyə qədər Türkiyədə çoxlu qaranlıq qüvvələr olub və bu qüvvələr 70 milyonluq Türkiyəni bütün inkişafların gerisinə atıb. İndi bu qaranlıq qüvvələr təmizlənir. Adı kim olursa-olsun, qaranlıq qüvvələrlə əlaqəsi varsa ədalət qarşısına çıxmalıdır. Türkiyədə bir «təmizlənmə» hərəkatı başlayıb və sona çatacaqdır. Məsələyə həbs olunan generalların maraqlarından baxdıqda, onlar Türkiyə üçün «xidmət» etdiklərini iddia edirlər. Əvvəla xidmət ediblərsə, maaşlarını alaraq xidmət ediblər. İkincisi də, vaxtilə Türkiyə ilə eyni nüfuza Yaponiya, İtaliya, Fransa və Almaniya malik idi. İndi o dövlətlərə baxın. Bir də Türkiyəyə baxın. Türkiyə Yaponiyadan da yüksək inkişaf etmiş bir ölkə olmalıydı. Niyə ola bilmədi?! Çünki Türkiyədə o qədər daxili-qaranlıq qüvvələr dərin kök salmışdır ki, indi belə təmizləməkdə çətinlik çəkilir. Hər bir türk öz dövlətini, sıravi bir ərəb dövləti kimi görmək istəmir. Onlar istəyir ki, Türkiyə İngiltərə qədər inkişaf etsin və xalqı da yapon xalqı kimi rifah içində yaşasın. Çünki Türkiyə, Osmanlı kimi qüdrətli və ali dövlətin varisidir. Yəni, Türkiyə həqiqi inkişaf mərhələsinə qədəm qoymaq istəyir. Ona görə də, siyasətçi olmayıb siyasətə qeyri-qanuni müdaxilə edənlərin durdurulmasının vaxtı çatıb. Yoxsa hər on ildən bir generallar ölkənin «bölünəcəyi» iddiasıyla iqtidarı aşağı endirir və Türkiyəni ən az 20 il inkişafdan saxlayır. Hər ağıllı insan, generalın işinin hərbi olduğunu başa düşür və qəbul edir. Ona görə də, hərbi çeviriliş axmaq ölkələrə xas situasiyadır. Hərbi çevirilişi həyata keçirənlərin, çox vaxt xaricdən «əmrlər» aldığı bir həqiqətdir. Türkiyəyə yaraşan bir mənzərə deyil. Türkiyənin tarixi dövlətçilik strategiyası var və asanlıqla da bölünən ölkə olmayıb, olmayacaqdır. Kamal Kılıçdaroğlu məsələsinə gəldikdə isə, bu şəxs Türkiyədə keçmişi ən təmiz siyasətçilərdən biridir. Ona görə də, onu sevənlər çoxdur. Həmçinin Atatürkün partiyası olan CHP-nin başında olmaq da, Kılıçdaroğlunun dəyərini daha da artırır. Kılıçdaroğlu ana müxalifət partiyası olduğu üçün, təbii olaraq məlum həbslərə etiraz edir. Lakin bəzən etiraz təhqirlə müşahidə olunur. Bu da hazırda gedən məhkəmə prosesinə «təsir» edir. Ona görə də, sözügedən məhkəmə, prosesə müdaxilə etməmək üçün Kılıçdaroğlunun toxunulmazlığının qaldırılmasını tələb edir. CHP tərəfdarları, buna hiddətlə yanaşmasının səbəbi odur ki, Atatürkün partiyası olan CHP sədrinin həbs olunma ehtimalını təhqir kimi qəbul edirlər. Amma İlkər Başbuğun həbsi məsələnin ciddiliyini göstərir. Yəni, «təmizlənmə» hərəkatında lazım gələrsə hər kəs həbs oluna bilər. Hələlik məhkəmə prosesi bitmədiyi üçün, kimisə ittiham etmək doğru olmazdı. Ancaq ortada bir həqiqət vardır. Bu məhkəmələr sona çatdırılmalıdır. Yarımçıq qalmamalıdır. Sözügedən məhkəmə prosesinə əngəl törədən hər kəs onun hesabın verməlidir. Artıq Türkiyə həqiqi Türkiyə olmaq istəyir».
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed