Şrift:
Gəncə: Qədimliyin və müasirliyin vəhdət təşkil etdiyi şəhər
16.05.2015 [19:04] - Gündəm, Mədəniyyət
4000 illik tarixə malik Gəncə. Gəncə tarix boyu dilindən və dinindən asılı olmayaraq, müxtəlif xalqların nümayəndələrinə qucaq açıb. Bunu şəhərin ərazisində qorunub saxlanılan tarixi abidələr də sübut edir.

Bu materialda vaxtilə Gəncədə inşa edilən alman məbədləri və kilsələr, onların tarixi və bu günü haqqında məlumat alacaqsınız.

Kəpəz TV (Region TV) məlumat verir ki, Gəncə şəhərində olan ən qədim məbədlərdən biri Müqəddəs Sərkis kilsəsi hesab edilir. Qafqaz Albaniyası dövründə inşa edildiyi güman olunan məbəd XVIII əsrdə bərpa edilib.

Məbədin tikintisində Gəncə memarlığına xas olan qızmızı kərpicdən və gil-əhəng qarışığından istifadə olunub. Bina Gəncə küçəsində yerləşir və hazırda Məshəti türkləri tərəfindən ibadət yeri kimi istifadə olunur.

Müqəddəs İohann kilsəsi V-VII əsrlədə inşa edilən Alban məbədlərindən biridir. XVII əsrdə tikilən binanın inşasında qırmızı tuf daşından istifadə olunub.

Şəhərin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən binada hazırda Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.

Gəncə daim fərqli dil və dinə mənsub olan insanların sülh içində yaşadığı şəhərlərdən biri olub. Aleksandr Nevski kilsəsi bunu sübut edən məbədlərdən biridir. Belə ki, bu tarixi bina 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların vəsaiti hesabına inşa edilib.

Kilsənin inşasında Gəncə memarlığına xas olan qırmızı kərpicdən istifadə edilsə də, bina Bizans memarlıq üslubunda tikilib. Bolşevik inqilabına qədər bu məbəd baş kilsə statusuna malik olub. XX əsrin əvvəllərində kilsə Sovet hakimiyyəti tərəfindən bağlanılıb və başqa məqsədlər üçün istifadə olunub.

Məbəd Rus Pravoslav kilsəsinə yalnız 1946-cı ildə qaytarılıb. Bina günümüzdə də şəhərdə yaşayan pravoslavların ibadət məkanıdır. Burada dini ayinlər və bayramlar qeyd edilir.

Gəncə Dövlət Kukla Teatrının yerləşdiyi bina. XIX əsrə aid tarixi memarlıq abidəsi olan tikili 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilib.

Bina 1818-ci ildə Gəncəyə gətirilən almanlar tərəfindən tikilib. İnşaat işlərində əsasən tuf daşından istifadə olunub. Ümumi sahəsi 650 kvadratmert olan bina 1 zal, 1 foye və 15 otaqdan ibarətdir.

Bu binalar keçmişin tozlu səhifələrində gizli qalan tarixin görünən hissəsidir. Şəhərin dolanbaclı küçələrində gizlənən yüzlərlə qədim bina kim bilir özündə hansı tarixi faktları, hansı gizli məqamları saxlayır. Daş məbədlər susur, oxunmağı, tarixin qaranlıq səhifələrini aydınlatmağı gözləyirmiş kimi...
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed