Şrift:
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib
18.05.2015 [10:18] - Gündəm, Siyasət, Gənclik
“Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq iki forum uğurla təşkil olunub, Azərbaycan üçüncü dəfə tədbirə ev sahibliyi edəcək.

Nazirin sözlərinə görə, iki gün davam edəcək Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nın Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edirlər: “Forum günlərində Bakıya gələn 100-dən çox ölkəni təmsil edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəklər. Forumda 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, dünyanın nüfuzlu media qurumlarının nümayəndələri, ümumilikdə beş qitədən 500-dək xarici ölkə nümayəndəsi iştirak edəcək. Builki forumun kifayət qədər maraqlı proqramı var və siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar keçiriləcək”.

Mətbuat konfransında Azərbaycanın böyük tarixi keçmişi olduğunu söyləyən BMT-nın Sivilizasiyalar Alyansı üzrə alı nümayəndəsi Nassır Abdulazız Al-Nasserı tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan prezidentinə və hökumətinə minnətdarlığını bildirib.

Ali nümayəndə qeyd edib ki, builki forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən mötəbər tədbirin təşkili təqdirəlayiqdir.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed