Şrift:
Avropa Oyunlarına dəstək aksiyası
18.05.2015 [12:16] - Gündəm, İdman
"Bakı-2015" ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə zona yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, yarışda Təhsil Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Dənizkənarı Bulvar ərazisində təşkil olunan yarışın açılış mərasimində bildirilib ki, bu idman tədbiri Təhsil Nazirliyinin “Bakı 2015” ilk Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub. Yarış Bakı şəhərinin rayonları üzrə 3 yaş kateqoriyasından olan məktəbli oğlan və qızlar arasında təşkil olunub.

100-dək velosipedçinin qatıldığı yarışda oğlanlar arasında 2003-2004-cü il yaş qrupu üzrə 1 və 2-ci yerləri Xətai, 3-cü yeri Nərimanov, 2001-2002-ci il yaş qrupu üzrə 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Nizami, 2000-ci il yaş qrupu üzrə 1-ci yeri Xətai, 2 və 3-cü yerləri Binəqədi, qızlar arasında 1 və 3-cü yerləri Xətai, 2-ci yeri isə Nizami rayonunun məktəbliləri tutub. Qaliblər diplom və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları may ayının sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed