Şrift:
Təbriz Şəhər Şurasının rəisi: -Bizim çempion olmağımıza imkan vermirlər
20.05.2015 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının rəisi Ehtişam Hacipur, mayın 17-də qurumun iclasında çıxış edərək iki gün əvvəl şəhərin Səhənd stadionunda “Tiraxtur”la “Neft” komandaları arasında keçirilən müsabiqədən və sonrakı olaylardan danışıb.
Ehtişam Hacipur deyib ki, ölkənin idman rəsmiləri Təbrizdəki futbol yarışı və baş verən olaylar barədə münasibət bildirməlidir: “Yaxşısı budur ki, “Tiraxtur” biryolluq liqadan çıxsın. Artıq yetər. Bizim çempion olmağımıza imkan vermirlər. Mən oyundan sonra sakitləşdirici həblər atmışam. Artıq, insanlarımzın futbola görə infarkt keçirməsini istəmirik.

Hesab edirəm ki, ölkənin idman rəsmiləri məsələni araşdıraraq ona münasibət bildirməli, insanların şərafət və kəramətini bəzi al-verçi əllərə tapşırmamalıdır”.

Mayın 15-də Təbrizdə keçirilən müsabiqədə “Tiraxtur”un super liqanın çempionu olmasının qarşısını almaq üçün İran Futbol Federasiyasının nəzarətçisi tərəfindən “Traxtur”un baş məşqçisinə yalan məlumat verilib. Bildirilib ki, “Sepahan”la “Saypa” komandalarının görüşünün nəticəsi 2-2 dir və bununla da “Tiraxtur” super liqanın qəti çempionudur. Yarışın son dəqiqələrində verilən yalan məlumatdan sonra “Tiraxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücum taktikasını dəyişərək müdafiə taktikasına keçiblər. Yalan məlumat verilərkən stadionda internet və mobil telefonları da birdən-birə kəsilib. Stadiondan xariclə əlaqələr tam kəsildiyi üçün heç kəs İsfahandakı oyunun nəticəsi barədə düzgün məlumat ala bilməyib. Təbrizdəki müsabiqə başa çatandan sonra “Tiraxtur” tərəfdarları çempion olduqlarını zənn edərək şənliyə başlayıblar. Lakin bu sevinc yalnız 30 saniyə davam edib. Az sonra rəsmi tribunadan bildirilib ki, “Sepahan” 2:0 hesabı ilə “Saypa”nı məğlubiyyətə uğradaraq super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən şoka düşən “Tiraxtur” tərəfdarları əvvəlcədən düzənlənən bir ssenarinin qurbanı olduqlarını anladıqdan sonra etirazlara başlayıblar. Nəticədə həm stadionda, həm də Təbrizdə geniş etiraz aksiyaları keçirilib. Bunun ardınca da onlarla etirazçı polis tərəfindən döyülüb və yaralanıb. Bir neçə nəfər tutulub, bir “Tiraxtur” yandaşı da oyunun nəticəsindən şoka düşdüyündən infarkt keçirərək dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed