Şrift:
“ERMƏNİSTAN YERİNDƏ SAYIR...”
14.01.2012 [20:12] - Qərbi Azərbaycan-İrəvan
Ermənilərin ağır güzəranı Polşa mətbuatındaKeçmiş Polşa diplomatı “Polska Zbrojna” qəzetində dərc edilmiş məqaləsində yazır ki, İrəvanda hakimiyyətdə olan “Qarabağ klanı” münaqişənin həllinə mane olur, ancaq vaxt onların xeyrinə işləmir
Dağlıq Qarabağ münaqişəsində vaxt Ermənistanın xeyrinə işləmir. Belə ki, Azərbaycan günbəgün güclənsə də, əhalisi kütləvi şəkildə ölkəni tərk edən, iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistan yerində sayır. Bu qənaətlə uzun müddət müxtəlif diplomatik vəzifələrdə işləmiş keçmiş Polşa diplomatı, Yaponiyanın “The Tokyo Shimbun” və “The Chunichi Shimbun” qəzetlərinin Varşava müxbiri Yatsek Potoski “Polska Zbrojna” qəzetində dərc edilmiş məqaləsində çıxış edib. Müəllif yazır ki, Cənubi Qafqazda sülh Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa bağlıdır. Lakin Ermənistanla Azərbaycan arasında kompromislər perspektivi kifayət qədər uzaq görünür. Məqalədə deyilir ki, Ermənistan hazırda mürəkkəb situasiyadadır və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra heç cür özünə gələ bilmir. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində Rusiyanın və İranın dəstəyi ilə Azərbaycan ərazilərinin bir hissəsini işğal edə bilib.
***
Keçmiş polyak diplomatının yazdığına görə, sovet dövründə Ermənistan ittifaqın ən yaxşı yaşayan respublikalarından biri idi. Ölkə Moskvanın verdiyi elektrik enerjisi və xammal hesabına ağır və yüngül sənaye yaratmışdı. İşsizlik mövcud deyildi, əmək haqları yüksək idi və orta həyat səviyyəsi Azərbaycana nisbətən 10-15 faiz yuxarı hesab olunurdu. Belə ki, Ermənistanda illik iqtisadi artım 5-6 faiz təşkil edirdisə Azərbaycanda bu rəqəm 3 faiz olurdu. Mərkəzləşdirilmiş sovet büdcəsindən Ermənistana qoyulan investisiyaların 78 faizi maliyyələşdirilirdi, Azərbaycan isə Moskvadan cəmi 61 faiz dotasiya alırdı. Müəllifə görə, sovet rəhbərliyi əhalisi müsəlman olan Azərbaycana etibar etmirdi. Azərbaycanlıları orduya çağıranda əsasən tikinti batalyonlarına göndərirdilər, ermənilər isə hərbi məktəblərdə və akademiyalarda təhsil alırdı. “Bu bölgü sonradan azərbaycanlıların Dağlıq Qarabağ uğrunda müharibəni uduzmasının səbəblərindən birinə çevrildi. Çünki o vaxt Azərbaycanın peşəkar ordusu və hərbi kadrları yox idi” deyə, müəllif yazır.
***
Məqalədə deyilir ki, SSRİ-nin dağılması Ermənistan iqtisadiyyatını da dağıtdı. Qərbdə Ermənistanda istehsal edilən məhsullara heç bir tələbat yox idi. Digər tərəfdən, ucuz, yaxud havayı xammal mənbəyi də yoxa çıxmışdı. 1994-cü ildə Ermənistan Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə liberal iqtisadiyyata keçdi, xaotik özəlləşdirmə nəticəsində milli əmlak hakim ailədən bir qrup adamın əlində cəmləşdi. “Qərb şərhçiləri Ermənistanda aparılan liberal islahatları tərifləsələr də orta və xırda biznesi əzən erməni oliqarxların demoralizasiyası haqda danışmırdılar. Ölkədə işsizlik sürətlə artırdı və hətta qeyri-rəsmi rəqəmlərə görə 70 faizə çatırdı” deyə, məqalədə bildirilir. Polyak diplomat Ermənistan iqtisadiyyatının bu gün də acınacaqlı durumda olduğunu yazaraq göstərir ki, İrəvandan kənarda əhalinin həyat səviyyəsi aşağı olaraq qalır, əhalinin gəlirləri əsasən xaricdəki qohumlarının göndərdikləri vəsaitlərə əsaslanır. Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır, iri müəssisələrin hamısı rusların nəzarətindədir, bank sektoru və energetika sistemi də Moskvanın nəzarətindədir.
***
Yatsek Potoski daha sonra Azərbaycanın SSRİ-nin dağılmasından sonra yaşadığı keçid dövrü haqda təsnifat verir. Yazır ki, ittifaqın dağılmasının Azərbaycandan da təsirləri yan keçməyib, buna baxmayaraq ölkə malik olduğu zəngin neft ehtiyatları hesabına dirçələ bilib.1990-cı illərin ortalarında iri Qərb şirkətləri ilə Xəzərdəki yataqların istismarına dair müqavilə bağlanıb, Bakı-Tiflis-Ceyhan neft kəməri işə düşüb. Kəmərin işə düşməsindən sonra ölkənin gəlirləri sürətlə artıb. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması onun geosiyasi əhəmiyyətini də artırıb. “Əhalisi əsasən, ermənilərdən ibarət olan Dağlıq Qarabağ vilayəti uğrunda müharibədə Azərbaycan məğlubiyyətə uğrayıb və ərazilərinin 20 faizini itirib. Müharibənin başlanğıcında Azərbaycan hərbi üstünlüyə malik olsa da, ordusunun parakəndə durumda olması, əsgərlərin zəif hazırlıq keçməsi və digər amillər üzündən müharibəni uduzub. Moskva Ermənistanı gizli olaraq milyard dollarlıq silahla təmin edib, ABŞ isə ona əhalisinin sayına nisbətdə İsraildən sonra ən iri həcmdə maliyyə yardımı göstərib” deyə, məqalədə yazılır. Müəllif xatırladır ki, 1980-ci illərin sonlarından 1990-cı illərin sonlarına qədər beynəlxalq ictimaiyyət heç də Qarabağ məsələsində Azərbaycanın tərəfində deyildi. Bunda ABŞ, Fransa və digər ölkələrdəki güclü erməni diasporu əsas rol oynayırdı. Müəllif qeyd edir ki, Türkiyə müharibə dövründə qismən də olsa Azərbaycanın tərəfində olub, Ermənistanla sərhədə qoşun cəmləşdirib. Belə fikirlər var ki, Türkiyəni Ermənistana müdaxilədən Rusiya çəkindirib. Buna baxmayaraq Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və hələ də bağlı saxlayır.
***
Yatsek Potoskinin yazdığına görə, hazırda Ermənistanın üç dayaq nöqtəsi var. Ticarət baxımından bu dayaq İrandır, müdafiə sahəsində Rusiyadır, təhlükəsizlik məsələsində isə ABŞ-dır. Müəllif bunun Amerikadakı erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğunu yazır. “Minsk Qrupunun göstərdiyi səylərə baxmayaraq münaqişənin həlli perspektivləri çox cüzidir. Hesab edilir ki, Minsk Qrupu passiv mövqe tutur və münaqişənin həlli üçün çox az şey edir. Həmçinin uzun illərdir Ermənistanda ”müharibə partiyası", yaxud Qarabağ klanı hakimiyyətdədir və onlar Dağlıq Qarabağı Azərbaycan sərhədləri daxilində geniş muxtariyyət verilməsi şərtilə münaqişənin həllinə imkan vermirlər. Qarabağ klanı Ermənistanın özündə iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Dağlıq Qarabağı dəstəkləyir və saxlayır. Eyni zamanda Türkiyənin sərhədləri açmasına dair qeyri-real tələblər irəli sürür. İqtisadi vəziyyət isə ağırlaşır, nəticədə əhalidə ruh düşkünlüyü artır" deyə, o yazır.
***
Polşalı müəllifə görə, Azərbaycan inkişaf etdikdə Ermənistan yerində sayır və Qarabağ məsələsində vaxt onun xeyrinə işləmir. Neft bumu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi də güclənir. Onun fikrincə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bunu göstərir. Müəllif qeyd edir ki, indi hətta erməni ekspertləri də təsdiq edir ki, Azərbaycanın mövqeyinin bu cür güclənməsi onun Qarabağı güzəştə getməsini istisna edir: “Bundan əlavə Azərbaycan rəhbərliyinin tonu da yüksəlir, hərbi əməliyyatların istənilən vaxt başlaya biləcəyi haqda xəbərdarlıqlar artır. Azərbaycan güclü ordu qurur, zabitlərini Qərbdə, Türkiyədə təhsil almağa göndərir. Hazırda Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyə malik olduğu deyilir. Əgər Azərbaycan hərbi əməliyyatlara başlasa Qərb yəqin ki, susardı. Ancaq Rusiyanın mövqeyi həlledici olar. Rusiyanın Ermənistanda hərbi bazası var və öz təsir imkanlarını saxlamaq istəyir”.
***
Yatsek Potoskinin yazdığına görə, erməni diasporunun bəzi təmsilçiləri Qarabağ məsələsi ətrafında hadisələrin inkişafına dair qara ssenari cızırlar. Onlar Azərbaycanın böyük həcmdəki hərbi büdcəsini nəzərə alaraq və ordusunun modernləşdirildiyini görərək hesab edirlər ki, müharibə başlasa, Ermənistan qısa müddət ərzində məğlub olacaq. Onların fikrincə, ancaq Rusiya Azərbaycanı müharibəyə başlamaqdan çəkindirə bilər:. “Lakin nəzəri olaraq Moskva Azərbaycanla iqtisadi əməkdaşlığa üstünlük verib Ermənistana hərbi dəstək göstərməsə nəticə bəribaşdan aydın olacaq”. Müəllifə görə, demoqrafik vəziyyət də Ermənistanın xeyrinə işləmir. Ermənilər İrəvandakı xarici səfirliklərə axın edərək ölkəni tərk etmək üçün viza alırlar. Əhalinin üçdə birindən çoxu İrəvanda yaşayır, regionlar boşalır. Hətta erməni diasporunun ən barışmaz təmsilçiləri də özlərinə hesabat verərək razılaşırlar ki, vaxt Ermənistanın xeyrinə işləmir. Onlar hesab edirlər ki, Dağlıq Qarabağın statusuna dair referendumun əvəzində ətraf rayonları Azərbaycana qaytarmaq lazımdır. Bakı isə məsələnin ancaq ərazi bütövlüyü çərçivəsində həllini mümkün hesab edir. Beləliklə, Qafqazdakı bu münaqişəni necə həll etməyin mümkünlüyünü heç kim bilmir, regionda sülh isə bu münaqişədən asılıdır.
F.MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed