Şrift:
Gürcüstanda yaşayan azərbaycanlıların torpaq problemi ilə bağlı mətbuat konfransı keçirilib
14.01.2012 [20:50] - Borçalı
Bakıda Gürcüstanda yaşayan azərbaycanlıların torpaq problemi mövzusunda mətbuat konfransı keçirilib. Tədbirdə Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Tofiq Mirzəyev, “Qafqaz Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Kamran Ramazanlı, professorlar Hidayət Nuriyev və Adilxan Abdullayev çıxış ediblər. Tofiq Mirzəyev bildirib ki, Gürcüstan qanunvericiliyinə əsasən qonşu dövlətlərlə sərhəddən 21 kilometr aralı ərazilərdə özəlləşdirilmə aparıla bilməz: “Borçalı həm Azərbaycan, həm də Ermənistanla sərhəd bölgədə yerləşir. Deməli, əksər hissəsində azərbaycanlılar yaşayan bu torpaqlar özəlləşdirilməyərək dövlət mülkiyyətində qalmalıdır. Problemlər tək kənd təsərrüfatında deyil, başqa sahələrdə də mövcuddur. Azərbaycan məktəblərinin əksəriyyətinə, təxminən 14 məktəbə gürcülər direktor təyin olunub. Məktəblərə 5-10 nəfər gənc gürcü müəllimlər təyin edilərək yerli müəllimlər işdən çıxarılır. Səbəb kimi azərbaycanlıların gürcü dilini bilməməsi göstərilir. Bu hal pedaqoji qayda-qanunlara ziddir. Azərbaycanlıların gürcü dilini bilməməsi Gürcüstan dövlətinin problemidir. Siyasi proseslərdə də soydaşlarımızın hüquqları pozulur. Azərbaycanlılar tərəfindən yaradılan QHT-lər beynəlxalq tədbirlərə dəvət olunmur. Borçalı bölgəsində 350 minə yaxın azərbaycanlı seçicinin parlamentdə 3 deputatı var. Reallıqda bu qədər seçici ən azı 20-22 deputatın seçilməsi üçün əsasdır. Gürcüstan Respublikasında qanunlar gürcü dilində nəşr olunur. Buna görə də azərbaycanlılar məlumatsızlıq ucbatından problemlərlə üzləşirlər”. “Qafqaz Araşdırmalar Mərkəzi”nin rəhbəri Kamran Ramazanlı qeyd edib ki, torpaq haqqında qanuna görə torpaq birinci növbədə yerli icarədara təklif olunmalıdır, lakin bu qanun pozulur: “Qaraçöp kəndi ərazisində 5200 hektar torpaq sahəsi kəndlilərin razılığı olmadan digər şəxslərə satılır. Borçalıda 30 faizə qədər özəlləşdirilmiş torpaq sahəsi azərbaycanlılara məxsusdur. Azərbaycan dövlətinin Gürcüstana yardımlar etməsinə baxmayaraq, orada yaşayan soydaşlarımızın hüquqları tapdalanılır”. Hidayət Nuriyev isə kənd adlarının gürcüləşdirilməsi probleminə toxunub: “Bolnisi rayonunda 29 kəndin adı dəyişdirilib. Marneuli rayonunda 17 kəndin adını dəyişmək istədilər, lakin vaxtında görülən tədbirlər nəticəsində bunun qarşısı alındı”. 
Bu xəbər oxucular tərəfindən 2007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed