Şrift:
Güney Azərbaycan bu həftə
24.05.2015 [12:06] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası


-Bu həftə demək olar ki, dünyanın diqqəti Güney Azərbaycana yönəldi. Bunun səbəbi isə molla rejiminin İranın super liqasında Təbrizin “Traxtor” komandasının qələbəsinin qarşısını almaq məqsədiylə görünməmiş iyrənc plana əl atması və qeyri-futbol vəziyyətinin yaranması, bu səbəbdən tərəfdarların kütləvi etirazları və bu arada İran prezidentinin Təbrizə etdiyi səfərin başdan-başa xalqın etirazlarıyla müşaiət olunması oldu.
Mayın 15-də Təbrizdə bu şəhərin “Traxtur” takımı ilə Tehranın “Neft” komandası qarşılaşdı. Bu müsabiqədə İranın bu ilki super liqa müsabiqələrinin taleyi müəyyənləşməli idi. “Traxtur” müsabiqədə 3:1 hesabı ilə irəlidə olduğu bir vaxtda rejimin məmurları “Traxtur”un əleyhinə xüsusi ssenarilərini işə saldı. Belə ki, futbol federasiyasının məsullarından biri “Traxtur” klubunun mətbuat məsuluna İsfahanın “Sepahan” komandası ilə Kərəcin “Saypa” takımı arasında gedən müsabiqə barəsində yalnış məlumat verib. O bildirir ki, “Sepahan”la “Saypa” müsabiqəsinin nəticəsi 2:2-dir. Bundan sonra “Traxtur”un baş məşqçisi Tuni Olivera oyunun müdafiə hissəsini gücləndirib və yeni qol vurmaq üçün cəhd göstərməyib.
Son nəticədə isə “Traxtur-Neft” müsabiqəsi 3:3 olub. Müsabiqə bitənə qədər həm “Traxtur” tərəfdarları və həm də oyunçular “Traxtur”un çempion olduğunu düşünüblər. Bu arada stadionda internet də kəsilib və kimsə “Sepahan-Saypa” müsabiqəsi barədə həqiqi məlumat əldə edə bilməyib.
Ancaq “Traxtur” tərəfdarları və oyunçuların sevinci çox sürməyib və bir neçə dəqiqə sonra “Sepahan”ın 2:0 hesabı ilə “Saypa”nı məğlub etdiyi və yeni imtiyaz (bal) əldə edərək “Traxtur” və “Neft”i üstələdiyi elan olunub. “Traxtur” isə super liqanın ikincisi elan edilib.
Bu xəbəri eşidən “Traxtur” tərəfdarları olduqca qəzəblənib və ara qarışıb. Onlar stullara əl atıb, onları yerindən çıxarıb və stadionunun bir hissəsini yandırıblar. Təhlükəsizlik qüvvələri nəzarəti ələ almaqda aciz qalıb və bir çox tamaşaçı yaralanıb. 

Bundan sonra “Traxtur” tərəfdarlarının etirazları kücələri bürüdü.

Bir neçə “Traxtur” tərəfdarları həbs edildi.

Xeyli adam müxtəlif dərəcəli xəsarət aldı.

Bir neçə nəfərin isə ölüm xəbəri gəldi.

Muğanda “Traxtur”un müsabiqəsinin yayımına mane oldular.

“Neft” Komandasının baş məşqçisi “Təbriz əhalisi bizi halal etsin, murdar və qeyri-peşəkar işə əl atdılar...!”
bəyanatını verdi. Oyunu qeyri-futbol ssenarisi adlandırdı.

Yerli məsulların “Traxtur-Neft” müsabiqəsində baş verən hadisələrə etirazlarını bildirdilər.

“Traxtur-Neft” müsabiqəsində baş verən hadisələrin araşdırılmasına qərar verildi, lakin hər şey sübut olunsa da, nəticə əldə olunmadı.

Bununla bağlı azərbaycanlı millət vəkilləri parlamentdə məsələ qaldırdı.

İran prezidenti baş vermiş olayları araşdırmaq üçün idman nazirinə göstəriş verdi.

Müsabiqənin nəticəsinin dəyişəcəyi ilə bağlı məlumatlar yayıldı.

Videogörüntülərlə İrqçi Futbol Federasiyasının xəyanəti sübut olundu.

Məlum oldu ki, final oyunundan əvvəl “Traxtur” klubunun facebook səhifələri bağlanılıbmış

Təbriz Şəhər Şurasının rəisi “Bizim çempion olmağımıza imkan vermirlər” bəyanatını verdi.

“Traxtur-Neft” müsabiqəsində baş verən hiyləkarlıq beynəlxalq nüfuzlu mediada işıqlandırıldı.

Lakin rejim üçün “Traxtor”-un haqqını vermək çox şətindir. Çünki, millətin özünə inamına imkan vermək yolverilməzdir fars şovinizmi üçün…
Və nəhayət Futbol Federasyonunun rəisi gözlənilən sözü dedi: “Hadisələrin səbəbkarı “Traxtur” klubudur”…
Və verilmiş qərar “Traxtur-Neft” müsabiqəsi heç bir şəkildə təkrar keçirilməyəcək…

-Bu hadisələrin fonunda İran prezidenti məqsədli şəkildə Təbrizə səfər etdi. Lakin onun səfəri etirazlarla müşaiət olundu. Həsən Ruhaninin Təbrizdə xalqla ilk görüşündə “Qırmızı Kart” aksiyası ilə üzləşdı. Xalqdan qırmızı kart alan prezidentin təbrizlilər qarşısında etdiyi bütün çıxışlar etiraz və milli şüarlarla batırıldı. Ruhaninin “Azərbaycan, igidlər və qəhrəmanlar diyarıdır”, “Tiraxtur, Asiya müsabiqələrində çempionluğunu arzuladığımız bir komandadır” kimi cümlələrlə manevr etmə cəhdi də uğursuz alındı.

-Xalqın Ruhanidən tələblərindən biri də verdiyi vədləri yerinə yetirməsi idi. Ən çox etirazlar da məhs bununla bağlı idi. Lakin, İran prezidenti verdiyi vədlərin heç birini yerinə yetirmədən Təbrizdən getdi. Hətda gözlənilirdi ki, səfər zamanı Ruhani yaradacağına söz verdiyi “Türk dili və ədəbiyyatı mədəniyyət evi” yaradılsın, lakin heç o da baş vermədi…

-Güney Azərbaycanda bu həftə ən mühim hadisələrdən biri də, 22 may 2006-ci il hadisələrinin 9-cu ildönümün bütün bölgələrdə qeyd edilməsi idi. Belə ki, İran dövlətin rəsmi orqanı olan “İran” qəzetinin 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başlayıblar. Təbriz, Urmiyə, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyətdə günlərlə davam elədi. İran hüquq-mühafizə orqanları isəgücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı. Həmin etirazalarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı etirazçı həbs edilib.
İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirdi.
Sözü gedən qanlı etirak aksiyaları 22 May hadisələri (1 Xordad hadisələri) və Milli Qiyam adı ilə Azərbaycan tarixinə düşüb.
May hadisələrinin baş verməsi “İran” qəzetinin təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu azərbaycanlılara qarşı təzyiqləri ilə əlaqədar olub. Şərhçilərin fikrinə görə, şovinistlərin  Azərbaycana qarşı maddi və mənəvi təzyiq və dözülməz təhqirləri əhalinin şiddətli qəzəbinə səbəb oldu və Azərbaycan xalqı bununla öz ictimai-siyasi mövqeyini nümayiş etdirdi. Uzun illərdir sıxılmış həyəcanın bir vulkan kimi püskürməsinə bir təhqiramiz karikatura yetərli oldu.
Azərbaycan türk millətinin bu qanlı və ağır günləri bölgə və dünya mətbuatında öz əksini tapdı. Artıq 9 ildir ki, azərbaycanlılar və xüsusi ilə də Azərbaycan Milli Hərəkat fəalları bu tarixi günü müxtəlif formalarda qeyd edir və şəhidlərin yolunun davam edəcəyinə təkid edirlər. Onlar Güney Azərbaycan şəhərlərində Bildirilər yayır, görüşlər keçirir, şəhidlərin məzarı üstə gedir, onların ailələrini ziyarət edir  və divarlar üzərində milli şüarlar yazırlar. Sosial şəbəkələrdə isə Milli Qiyamın ildönümünə həftələr qalmış həmin günlərdə canlarını fəda etmiş şəhidlərin şəkili yayılır, onların həyatı barədə məlumat verilir və bu qiyamın təfərrüatı  müzakirə edilir. Xaricdə yaşayan azərbaycanlılar, xüsusi ilə Milli Hərəkat fəalları İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirir, müxtəlif tədbirlər düzənləyir və Bəyanatlar yayırlar.

-Mayın 22-də Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzinti etiraz nümayişləri ilə müşayiət olunub. 
İranın 3-cü kanalı gəzintidə 300 min nəfərə yaxın təbrizlinin iştirak etdiyini bildirib. Tədbirə qatılan milli hüquqlar uğrunda fəallar gəzintidə etirazlarını nümayiş etdiriblər. Onlar «Türk dilində mədrəsə!» kimi şüarlar səsləndiriblər. 
İranın hüquq-mühafizə orqanları etirazçılara təzyiq göstərib. Azı dörd nəfər həbs edilib, xəsarət alanlar var. Həbs olunanların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşi də var.
İranda Azərbaycanlı Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumatlara görə, Paşa Qarabaği, Əli İslami, Əsgər Çəməni, Bayram Xaleqzadeh də həbs olunanlar arasındadır. 
Təbrizdəki mənbələr «Azadlıq» radiosuna hələlik yalnız Əlirza Fərşinin həbsini təsdiqləyiblər. 
Başqa bir hüquq müdafiə təşkilatı - Siyasi Məhbusları Müdafiə Assosiasiyası - ADAPP isə həbs olunanların sayının daha çox olduğunu bildirir. Təşkilatın nümayəndəsi Yaşar Həkkakpurun sözlərinə görə, yaralıların aparıldığı ünvan bəlli deyil və indi təşkilatın İranın içərisində fəaliyyət göstərən nümayəndələri aksiyada tutulan və yaralananların harada saxlandığını öyrənməyə çalışırlar. 
Etirazçılar «Azadlıq» radiosuna bildirib ki, aksiyada məqsəd 2006-cı ilin may nümayişlərini anmaq və bu günlərdə «Youtube» portalında yayılan video ilə bağlı etirazlarını bildirmək olub. Videoda prezidentliyə islahatçı namizəd Musəvinin silahdaşı, keçmiş prezident Məhəmməd Xatəminin türklər barədə zarafat etməsi əksini tapır. İranın bir neçə universitetinin tələbə fəalları həmin zarafatların türkləri təhqir etdiyini bildirib və Xatəmidən üzr istəməyi tələb ediblər. Etiraz bəyanatlarına imza atanlardan biri - Tehranın Elm Sənət Universitetinin tələbəsi Yasir Zafəri «Azadlıq» radiosuna deyib ki, Xatəminin zarafatı İran elitasının hətta islahatçı təbəqəsinin də azərbaycanlılara qarşı aşağılayıcı mövqe tutduğunu göstərir. 
Maraqlıdır ki, «Youtube» portalına video Məhəmməd Xatəminin dəstəklədiyi prezidentliyə namizəd Musəvinin İranın Azərbaycan şəhərlərində kampaniyaya başlaması ərəfəsində yerləşdirilib. 
Yasir Zafəri isə deyir ki, etirazların islahatçılar və əleyhdarları arasındakı münaqişələrə heç bir aidiyyatı yoxdur. Azərbaycanlılar sadəcə istəyir ki, onlara hörmət etsinlər: 
«Əsas məsələ budur ki, azərbaycanlıları təhqir ediblər və bunun cavabı veriləcək».
Mayın 20-də isə İranda islahatçı qanadın prezidentliyə namizədi Musəvinin nümayəndəsi Ənsarinin Təbrizin «Şəhriyar» hotelində keçirdiyi görüş etirazlarla müşayiət olunub. Təbriz sakinləri Xatəminin türklərdən üzr istəməsini tələb ediblər. ASMEK-in yaydığı və Təbrizdəki mənbələrin təsdiqlədiyi məlumata görə, mühafizə qüvvələri ilə iğtişaşçılar arasındakı toqquşmada təbrizli fəal Hadi Hamidi Şəfiq yaralanıb. 
İranda azərbaycanlılar ana dilində tədrisin olmamasına və milli zəmində diskriminasiyaya məruz qalmalarına etiraz edirlər. 2006-cı il mayın 21-22-də İranın bir neçə şəhərində azərbaycanlılar rəsmi «İran» qəzetində dərc olunan karikaturaya etiraz etmişdilər. Karikaturada tarakanın azərbaycanca danışdığı göstərilir və şəkli müşayiət edən mətndə tarakanlardan xilas olmağın yolları öyrədilirdi. 
Beynəlxalq təşkilatlar İranı qeyri-fars millətləri diskriminasiyaya məruz qoymaqda günahlandırır. İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz ana dilində təhsil hüququ tanıyır. Amma sayı 20-35 milyon arasında ehtimal edilən azərbaycanlıların öz dilində məktəbi yoxdur.

-Azərbaycan türkləri 2006-cı il qanlı May hadisələrinin 9-cü ildönümü ilə əlaqədar mayın 23-də İranın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyada insan haqları fəalları İranın irqçi siyasəti və “İran” qəzetinin 2006-cı ildə qanlı etirazlara səbəb olan təhqiramiz karikatura yaymasına etiraz bildiriblər. Bununla yanaşı həmin hadisələrdə canlarını fəda etmiş şəhidlər anılıb və onların yolunun davam edildiyi bildirilib.
Etiraz aksiyası Ankaranın Kuğulu parkından başlayıb və İran səfirliyi qarşısında şüarlar səsləndirildikdən və qətnamə oxunduqdan sonra sona çatıb.

-Bu həftə azərbaycanlı milli-mədəni fəallardan isə Hüseyn Əli Məhəmmədi və Taha Kirmani ayrı hökmlərlə toplam olaraq 26 il həbs cəzasına məhkum ediliblər.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
24.05.2015
Bu xəbər oxucular tərəfindən 1314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed