Şrift:
“Şərq Tərəfdaşlığı” proqramı üzrə ikinci sammitdə Birgə Bəyannamə qəbul olunub
30.09.2011 [23:31] - Gündəm
Varşavada “Şərq Tərəfdaşlığı” proqramı üzrə ikinci sammitdə Birgə Bəyannamə qəbul olunub. Bəyannamədə iştirakçı dövlətlərin rəhbərləri proqramın həyata keçirilməsinə davam etmək niyyətlərini bəyan ediblər.

“Artıq çox iş görülüb. Tərəfdaş ölkələrdə siyasi və iqtisadi islahatlar reallaşdırılıb və Avropa Birliyi ilə Şərq tərəfdaşları arasında münasibətlər kifayət qədər dərinləşib. Bu tendensiyanı möhkəmlətmək üçün Avropa Birliyi və tərəfdaş ölkələr assosiativ sazişlə bağlı danışıqlar aparırlar. Varşava sammitinin iştirakçıları bu günədək əldə olunan tərəqqini etiraf edərək və alqışlayaraq qeyd ediblər ki, “Şərq Tərəfdaşlığı”nın məqsədlərinə nail olmaq üçün hələ çox iş görülməli, o cümlədən mövcud əməkdaşlıq alətlərinə uyğunlaşma yolundan istifadə edilməlidir”.

Sənəddə bildirilir ki, münaqişələrin həlli, etimad mühitinin formalaşdırılması və dinc qonşuluq münasibətləri regionda iqtisadi və sosial inkişaf, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.

Bəyannamədə Avropa Birliyinin Gürcüstanla viza rejiminin sadələşdirilməsinə dair danışıqların başa çatması, Ukrayna və Moldova ilə danışıqların davam etməsi, Azərbaycan və Ermənistanla isə danışıqların başlanması alqışlanıb.

İştirakçılar Avropa İttifaqının münaqişələrin nizamlanması və etimad mühitinin möhkəmləndirilməsinə dair səylərin həyata keçirilməsində artan rolunu alqışlayıblar. Sammitdə həmçinin Belarusda vəziyyətə dair xüsusi sənəd qəbul olunub.

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yanukoviç, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ermənistan prezidenti Serj Sərkisyan, Moldovanın baş naziri Vlad Filat iştirak edir. Belarusu bu sammitdə bu ölkənin Varşavadakı səfiri təmsil edir.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed