Şrift:
Azərbaycan – Bolqarıstanın qaz ümidi
30.05.2015 [10:18] - Gündəm, İqtisadiyyat
İyunun əvvəlində Azərbaycan qazının Avropaya tədarükü layihəsi çərçivəsində mühüm hadisələrdən biri baş verə bilər. Bolqarıstanın energetika naziri xanım Temenujka Petkovanın bəyan etdiyi kimi, iyunun 12-də Bolqarıstan və Yunanıstan IGB (Interconnector Greece-Bulgaria) interkonnektorunun tikintisi üzrə yekun investisiya qərarını imzalamağı planlaşdırırlar. O, əlavə edib ki, bu qaz kəmərinin tikintisi 2016-cı ilin mart ayınadək başlamalı və 2018-ci ildə sona çatmalıdır.

Belə olan halda, Bolqarıstan Azərbaycan qazını alacaq ilk Avropa ölkəsi ola bilər. Avropanın digər ölkələri isə bu qazı 2020-ci ildə Transadriatik boru kəməri (TAP) layihəsi çərçivəsində əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, Bolqarıstan diversifikasiya və alternativ tədarükə ciddi ehtiyacı olan ölkələrdən biridir. Belə ki, Rusiya ölkəyə yeganə qaz tədarükçüsüdür. Dəqiq desək, Bolqarıstanın Rusiya qazından asılılığı 95 faiz təşkil edir. BP-nin məlumatına görə, ölkədə qaz istehlakı 2013-cü ildə 2,6 milyard kubmetr təşkil edib.

Bolqarıstanın alternativ tədarükçüyə ehtiyacı 2009-cu ildə daha da güclənib. Həmin vaxt ölkə Rusiya və Ukrayna arasında qaz konflikti nəticəsində iki həftə qazsız qalmışdı.

Bolqarıstanın alternativ qaza güclü tələbatının göstəricisi kimi ölkənin “Nabukko” qaz kəməri layihəsinin bərpasını istəməsi haqqında bəyanatını qeyd etmək olar. Baş nazir Boyko Borisov mart ayında bildirmişdi ki, bu layihəni baxılması üçün Avropa Komissiyasına təqdim etmək niyyətindədirlər. Xatırladaq ki, Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil ediləcək qaza bu layihə üçün ilkin mənbə kimi baxılırdı.

Belə olan halda, bu gün Bolqarıstanın bütün ümidləri Azərbaycan qazı ilə - yeganə real mənbə - bağlıdır. Bolqarıstan artıq ildə bir milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü haqqında razılaşmaya malikdir.

IGB layihəsi təkcə Bolqarıstan üçün əhəmiyyətli deyil. Onun əhəmiyyəti həm də onunla əlaqədardır ki, bu qaz kəməri Cənub-Şərqi Avropa ölkələri üçün qaz tədarükünün diversifikasiyasını təmin edəcək strateji qaz nəqli infrastrukturu olacaq. Və bu istiqamətdə artıq iş aparılır.

İnterkonnektor 2009-cu ildə layihə üzə anlaşma memorandumu imzalayan Yunanıstan və Bolqarıstan tərəfindən siyasi dəstəyə malikdir. Layihə Avropa İttifaqının da siyasi və maliyyə dəstəyini qazanıb. IGB-yə Aİ-nin reallaşdırılması üçün 45 milyon avro ayıracağı bir sıra layihələr daxildir.

Bundan başqa, IGB Avropa Yenidənqurma və İnkişaf Bankından da dəstək alıb.

Hazırda layihə Yunanıstan və Bolqarıstanda boru kəmərinin tikintisi üçün icazənin alınması mərhələsindədir və bu prosesin cari ildə yekunlaşacağı gözlənilir.

Beləliklə, IGB layihəsinin Avropaya ilk alternativ qaz həcmlərinin tədarükü üçün yol açacağını söyləmək olar.
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed