Şrift:
Güney Azərbaycan bu həftə
31.05.2015 [10:59] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası

-Bu həfətə Güney Azərbaycanla bağlı ən vacib xəbər Bakıda baş verdi. GünAz TV-nin Bakı ofidinin rəhbəri, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü Araz Obalının Bakıda yaşadığı evə naməlum şəxslər tərəfindən edilən hücum Qüzey Azərbaycanda bütün medianı ayağa qaldırdı. Televiziya rəhbərinin evinə edilən silahlı basqın nəticəsində döyülməsi və qarət edilməsi, daha sonra da polisə şikayət edəcəyi təqdirdə güllələnəcəyi ilə hədələnməsi əksər media orqanlarında geniş işıqlandırılaraq ciddi şəkildə günahkarların cəzalandırılması tələb olundu. Ciddi və nüfuzlu bir media mənsubuna qarşı tötədilmiş bu terror hadisəsi dünyanın diqqətinin Azərbaycanda olduğu bir vaxtda qəsdən planlaşdırılan bir təxribat da ola bilər. Ona görə də hüquq-mühavizə orqanlarının günahkarları qısa zamanda taparaq layiqli cəzalaranı verməsi indi öz vacibliyini daha da artırmış olur.
Hadisənin təfərrüatı ilə bağlı A.Obalı mətbuata bunları deyib:
“Mən evə gələrkən liftdən çıxdığım zaman blokda iki şəxslə rastlaşdım. Onlar məni görüncə özlərini kabel internet televiziyasının əməkdaşı kimi təqdim edib və mənə yaxınlaşaraq dedilər ki, internet istəyirsən? Mən onlara “xeyir” cavabı verib və qapıya yaxınlaşdım. Evə daxil olduqdan sonra qapını bağlamaq istədiyim zaman qəflətən evə soxuldular. Evə soxulan naməlum şəxslər başıma tapança tuşlayıb və məni təhdid etdilər. Onlar ilk öncə başıma tapançanın qundağı ilə zərbə vurub və sonra məni boğmağa çalışdılar. Bu arada onların 3 nəfər olduğunu hiss etdim. Bundan sonra məni divana tərəf sürüyüb və orada boğmağa çalışdılar. Üzümə yasdıq qoyub və hədə-qorxu ilə dedilər ki, səsivi çıxartma! Bu anda evi axtarmağa başladılar. Onlar evin hər yerini axtarıb və nə varsa ortalığa tökdülər. Bu arada mənə dedilər ki, “biz sənin burada tək olduğuvu bilirik, səsivi çıxartma, öldürərik qanın batar. Biz gedəndən sonra polisə xəbər verməməlisən, əks halda səni öldürəcəyik.” Onlar istədiklərini almaq üçün mənə qarşı hədə-qorxu gəlib və ağır zərbələr vurmağa davam etdilər. Qolumu skoçla bağlayıb və belimə ağır zərbələr endirdilər. Bir tərəfdən də ağzıma yasdıq qoyub sıxırdılar. Bu arada mən nəfəs ala bilmədiyimdən boğulmaq və huşdan getmək üzrə idim. Vəziyyəti çətinliklə çatdıra bildim və ölmək üzrə olduğumu bildirdim, onlar isə yasdığı biraz buraxdılar və mən bundan sonra çətinliklə də olsa nəfəs ala bildim. Onlar isə davamlı olaraq məni susmağa məcbur edirdilər. Məndən pul tələb edib və evi dönə-dönə axtardılar. Sonda təxminən 5000 manat pul, 1 mobil telefon, 2 ədəd noutbuk, bir qızıl üzük, bankomat kartı, maşın açarı və hələlik dəqiqləşdirmədiyim bir çox qiymətli əşyalar götürdülər. Bundan sonra ayaqlarımı və ağzımı da bağlayıb və getdilər. Mənə dedilər ki, 15 dəqiqə sonra durarsan. Mən əl, ayaq və ağzı bağlı şəkildə qaldım və balkona tərəf sürünməyə başladım. Sonra ətrafdakı insanlara bağıraraq yardım istədim. 10, 15 dəqiqə sonra qonşular polisə xəbər verib və sonra yardıma gəldilər. Hadisə yerinə gələn polis bir sıra suallar soruşub və hadisə ilə bağlı araşdırmalara başlatdı.”
A.Obalı həmçinin bildirib ki, evə basqın edənlərin sifəti ona tanış gəlib və onun zənnicə basqınçılar belə bir basqını törətmək üçün planlı şəkildə fürsət axtarıblar. Lakin bundan öncə evdə digər şəxslərin olduğuna görə basqınçılar üçün əlverişli fürsət yaranmayıb.
Hadisədən sonra ağır vəziyyətdə olan A.Obalı xəstəxanaya çatdırıldığını bildirib.
Onun ağız və dodaq nahiyyəsinə çoxlu tikiş vurulub. Zərərçəkənin üz nahiyyəsi, xüsusi ilə də burun və dodaqları şişib və başı qırılıb. O hazırda bel nahiyyəsindən aldığı zərbəyə görə belinin kəskin ağrıdığını bildirir.
Qeyd edək ki, A.Obalının evinə olan basqın barəsində bir çox ehtimal üzərində durmaq olar. Onun GünAz TV-dəki fəaliyyəti və GAMAC-a (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olduğunu da nəzərə aldıqda, hadisənin sifarişli şəkildə baş verməsi istisna deyil. A.Obalı GünAz TV mətbuat mərkəzinə verdiyi açıqlamada hadisənin şübhəli olması ilə bağlı xüsusi məlumat verməsə də onu rədd etməyib.

-Bu həftə milyonlarla azərbaycanlının etirazına səbəb olan “Traxtur-Neft” müsabiqəsinin hakimi Əlirza Fəğani –hansıki öz qərəzli qərarları ilə “Traxtur”u çempion olmaqdan məhrum etdi- İranın Futbol Federasyonu Dərnəyi tərəfindən dəstəkləndı. Əslində bu qərar gözlənilən olsa da, lakin ciddi etirazlarla qarşılandı. İlk olaraq “Traxtur” Klubu idarə heyətinin üzvü Futbol Federasyonun açıqlamasına sərt reaksiya verdi. Bunun ardınca Urmiyə şəhərinin İran parlamendindəki millət vəkili Nadir Qazipur İranın Futbol Federasyonuna “Traxtur”un çempionluq yolunu kəsdiyinə görə sərt etiraz bildirdi. Elə həmin gün İran Futbol Federasyonunun rəsmi saytı haker hücumuna məruz qaldı. Harkerlər saytı dağıdaraq, "Bu hücum “Traxtur”a dəstək üçün idi" cümləsini yazdılar. Iki gün əvvəl isə bir neçə azərbaycanlı millət vəkilləri qalmaqallı “Traxtur-Neft” müsabiqəsi ilə bağlı parlament sədrinə müraciət etdilər. Onlar Parlament sədri Əli Laricaniyə məktub yazaraq “Trxatur-Neft” müsabiqəsində baş verən hadisələrin şəffaflaşdırılmasını tələb ediblər. Təbrizin “Traxtur” futbol komandasının oyunçusu Lusano Edinyo isə builki super liqa rəqabətlərinin ən yaxşı oyunçusu seçilib.

-İran rejiminin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri səngimək bilmir. Bu həftə azərbaycanlı musiqi ustadı, mədəni fəal Həsən Dəmirçi (Həsən Ağa Azərbaycan adı ilə tanınır) Təbrizdə qanunsuz olaraq ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Şöbəsinə, tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi isə Tehranın İnqilab Məhkəməsinə çağırılıblar.

-Bu həftə Çexiyanın Praqa Universitetində “İran azərbaycanlılarının kimlik tələbi” adlı kitabı nəşr oluunub. "Azərbaycan Milli Hərəkatı" mövzusuna həsr edilən kitab Praqa Universitetinin ustadı Emil Suleymanov və Masari Kova Universitetinin ustadı Josef Kraus tərəfindən qələmə alınıb.
Kitabda güney azərbaycanlıların oyanış tarixi və Azərbaycan Milli Hərəkatı fəallarının fəaliyyətindən bəhs olunur. Kitab hal-hazırda Çexiya Cümhuriyyətinin kitab evlərində satışa çıxarılıb və yaxın gələcəkdə Amazon saytı kimi beynəlxalq katib saytları tərəfindən də satışa çıxarılacaq.

-Bu həftə “Bakı 2015” İranı Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib. Bu isə o deməkdir ki, güneylilər də Avropa Oyunlarını izləyəcək. “General Entertainment and Media” (GEM TV Qrup) İran üçün eksklüziv yayım hüququnu əldə edib və Oyunları YAHSAT, NILESAT və HOTBİRD kanallarından ödənişsiz yayımlayacaq.

- Güney Azərbaycanda bu həftə güclü yağışlar nəticəsində Makı şəhərində iki nəfər selin qurbanı oldu, Ərdəbildə isə sərnişinlərlə dolu avtobus suyun içində qaldı.

-Bunlardan əlavə, bu həftə İran adlanan ölkədə molla rejiminin təmsilcilərindən biri öz sərsəm bəyanatı ilə İslam dünyasını şoka saldı. Belə ki, Seyid Əli Xamneyinin səlahiyyətli nümayəndəsi Əli Səidi bəyan edib ki, "Xamneyi Peyğəmbərlərlə eyni dərəcədədir". O daha sonra əlavə edib ki, “Xameneyinin çərçivəsində hərəkət etmək insanlıq uğurunun ən böyük sirridir."
Qeyd edək ki, bir müddət öncə, Səidi  İranın ali dini rəhbəri Xamneyinin  doğularkən "Ya Əli" dediyini irəli sürmüş və bu böyük təpki ilə qarşılaşmışdı.

-İranın paytaxtı Tehranın mərkəz küçələrinin birində ali dini lider Əli Xameneyiyə aid olduğu bildirilən binalardan birində güclü partlayış olduğu haqda xəbərlər yayıldı. Xəbəri ərəb mediası və eyni zamanda İranın "Ahvaz TV" kanalı verib. Xəbərlərdə partlayış zamanı azı 295 nəfərin öldüyü, 2650 nəfərin isə yaralandığı bildirildi. 
Lakin sonradan niyəsə bu xəbər gizlədildi. Bəzi mənbələr isə partlayışın raket zərbəsi olduğunu yazdı. Əgər raketlə vurulubsa, o zaman xəbərin niyə gizlədilməsinin səbəbi aydın olur.

-Qərb-İran danışıqlarıyla bağlı isə:
Barak Obama Konqresin İranla yekun razılaşması ilə bağlı layihəsini imzaladı.
Həsən Ruhani “Kiçik bir azlıqdan başqa millətin əksəriyyəti dünya birliyi ilə sülh və barışığın tərəfdarıdır” bəyanatını verdi.
İran parlamentinin sədri Əli Laricani isə Qərbin İranın hərbi sirlərini öyrənməyə haqqı olmadığını bəyan etdi.
Lakin, məlumatlara görə İran BMT müfəttişlərinin hərbi təsisatı yoxlamasına razılıq verir.
Fransanın xarici işlər naziri Loran Fabius  da “Hərbi mərkəzlərə baxış təmin edilməsə razılaşmanı qəbul etməyəcəyik” bəyanatı ilə çıxış etdi.
İsrailin Baş naziri Benyamin Netanyahu isə, İranı İŞİD-dən daha təhlükəli adlandırdı.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
31.05.2015
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed