Şrift:
Yunan-Roma güləşçilərimizin açıq məşqi keçirilib
30.05.2015 [17:06] - Gündəm, İdman
Güləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqları davam etdirir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Komanda Olimpiya Güləş Mərkəzində hazırlıq keçir.

Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin qarşıdakı yarışlara böyük məsuliyyətlə hazırlaşdıqlarını bildirib: “Bütün komanda heyəti - həm güləşçilər, həm də məşqçilər and içmişik ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacağıq və möhtəşəm Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq. Heç bir güləşçimiz dincəlməyəcək və var gücü ilə son nəfəsinə qədər mübarizə aparacaq. Mən çox federasiyalarda işləmişəm. Dünyada Azərbaycan Güləş Federasiyası kimi işini tam görən federasiyalar azdır. Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şəraitimiz var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm".

O, qeyd edib ki, qarşılarında birinci Avropa Oyunlarında uğurlu çıxış etmək tapşırığı durur: "Bu tədbirin Azərbaycan üçün nə dərəcədə önəmli və əhəmiyyətli olduğunu bilirik. Peşəkar məşqçi olaraq bütün idmançılarımızın medal qazanacağına ümüd edirəm. Bu, rekordsuz idman növüdür və buna görə də neçə medal qazanacağımızı demək olmur. Azərbaycan güləşi elə bir həddə çatıb ki, hər çəkidə yüksək səviyyədə güləşçilərimiz var. I Avropa Oyunlarında əsas rəqiblərimiz Gürcüstan, Türkiyə, Rusiya, Macarıstandır. Bu ölkələrin çox yaxşı komandaları var. Ümid edirəm ki, Azərbaycan komandası hamısından yaxşı olar. Komanda daxilində idmançılarımızın özü arasında da rəqabət çox yüksəkdir. Düzdür, əksər çəkilərdə Avropa Oyunlarında kimin iştirak edəcəyini məşqçilər korpusu bilir. Amma yekun qərar hələ verilməyib. İstənilən halda, əmin ola bilərsiniz ki, yarışlarda döşək üzərinə çıxacaq hər bir idmançımız yalnız qızıl medal uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, Bakı-2015-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed