Şrift:
Uşaqlığın hikməti
01.06.2015 [11:20] - Gündəm, Gənclik, Mədəniyyət
İnsan ömrünün üç əsas dönəmi var: uşaqlıq, gənclik, qocalıq. Tarix boyunca demək olar, bu dönəmlərin üçünü də insanlıq mahiyyətinə uyğun yaşayan barmaqla sayılacaq insanlar olub. Çünki adamlar daha çox arzulayıblar, ancaq gerçəkdə istəklərinə yetə bilməyiblər. Çox zaman ömür adlanan çayın qabağını öz əlləriylə kəsiblər.

***
Ömrünü necə qurursansa, elə də yaşayırsan. İnsanlar ömrü boyu naşıcasına “nəsə yaxşı bir ömür” gözləyiblər. Çox zaman “yaxşı ömür” – “yaxşı güzəran” istəyindən başqa bir şey olmayıb əslində.
Vaxt keçir, ömür sona çatır, ilğım yoxa çıxır.
Bəs insan özüylə nə vaxt üz-üzə qalacaq, özünü necə quracaq, yaradacaq?
Yaradıcı insanların çoxu ədəbiyyat, musiqi, rəssamlıq, ümumən sənət örnəkləri yaratmalarıyla təsəlli tapırlar.
“Yazıçıların çoxu əsərlərində nifrət etdiklərinə həyatda məhəbbət bəsləyirlər” (Asif Ata).
Xoşbəxt olmaqdan ötrü (sayılmaq üçün yox!) özünü yaratmağı bacarmalısan.
Varlığımı yaratmağımda uşaqlığımdan bəri içimdə qoruyub saxladığım, artırdığım, yüksəltdiyim insani keyfiyyətlərimə (insanlığa, kutsallığa, ulusallığa, ailəçiliyə fitri sevgi, təbiətə doğmalıq, özüylə üz-üzə qalmaq, maddiyyatçı olmamaq və b.) borcluyam.

***
Uşaqlığın şirinliyi gedir, əlçatmaz romantikası itir, insan uşaqlığın gözəlliyini dadmamış gəncliyin selinə-tufanına düşür.
Özül (təməl) düzgün qurulmadığından gənclik dönəmi də düz yaşanmır. Ailəsizlik fəlakəti özünü açıqca göstərir. İnsanın özüylə, həyatla, dünyayla birliyi baş tutmur, yadlıq baş alıb gedir.
Qocalıq yaşına yetən insan qocalığın ucalığına qovuşa bilmir, onda yaşamaq bütünlüklə dəyərsizləşir.

***
Çox zaman insan uşaqlıq çağından bəri darıxır, özünü tapa bilmir. Hiss edir ki, “nəsə çatmır”: dərdini deməyə bir kəs yox, orta məktəbdə sənə az qala bütün elmləri öyrədirlər, insanın anatomiyasını belə bilirsən, ancaq özünün ruhsal (insani) cəhətlərini bilmirsən. Təhsil müəssisəsi – məktəb məbəd sayılmayınca bu, belə olacaq.
Fərqli bir şey ağlına gələndə cəmiyyət az qala sənə dəli kimi baxır. Çünki cəmiyyətə əslində özünü bilən, varlığını yaradan insan gərək deyil. Standartdan qırağa çıxmaq olmaz. Cəmiyyət insanın özünü yaratmasında yanğılı deyil. Ona görə də “Bir insan yetirmək – bir quruluşu devirməkdən çətindir” (İnam Ata).

***
Uşaqlıqdan insanın ictimai (sosial) varlıq olduğunu dedilər bizə. Ancaq insan ruhsal (mənəvi) varlıqdır, cəmiyyətçilikdən, şəraitdən üstündür.
İnsan haqqında bizə çox danışdılar, ancaq əsil insan münasibətləri necə olmalıdır, xoşbəxtlik nədədir, insan həqiqətə necə yetməlidir – bunu öyrətmədilər.
Orta və ali məktəbdə öyrədilən təhsil insana çatmır, onu var etmir. Gərək öyrədən insanlığın mahiyyətinə yetsin ki, başqasına da öyrədə bilsin.

***
İnsan yaşamının ayrı-ayrı dönəmləri var, mahiyyəti isə birdir – İnsanlıq.
Ona görə də ayrıca “uşaq ədəbiyyatı”, “uşaq musiqisi”, “uşaq rəssamlığı” anlayışları və s. uşaqlıq hikmətinin aşkarlanmasına qarşı olur.
Çünki bu cür yaradıcılıq ölçüləri uşağı uşaq saxlayır, uşaqlıq hikmətinə qovuşmağa qoymur.

***
İnsan uşaqlıq hikmətinə necə yetə bilər? Uşaqlığın mahiyyətini anlamaqla. Uşaqlıq hikmətinə yetən gəncliyin, qocalığın da mahiyyətini anlamış olur.
Gənc gəncliyin mahiyyətinə nə zaman yetməlidir? Əgər qocalanda da yetməyəcəksə? İnsan ömrün yetkin çağında ömrün məqamlarının mahiyyətini dərk edə bilər.
İnsanlığın mahiyyət üstə yaşam təcrübəsi yarandıqca uşaqlıq hikmətinin dərki də tezləşəcək.
Özünə, İnsanlığına yetən başqalarının da insanlığa yetməsinə yardımçı olacaq.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed