Şrift:
Azərbaycan Milli Məclisi
01.06.2015 [11:30] - Gündəm, Siyasət, DAVAMın yazıları
Bir dəfə əsəbləşmişdim. Azərbaycanı hər addımda biabır edən yüksək çinli məmurlardan birinin deputat qardaşı bığ yeri yenicə tərləmiş oğlunun deputat olma istəyindən danışmışdı. Mətbuatın üstünə çımxıran bu adam demişdi ki, “o əsgər pis əsgərdir ki, general olmaq istəmir”.

Düz deyirdi. Amma bir əmma olmasaydı. Məsələ ondadır ki, onun o “general” olmaq istəyən oğlu, səhv etmirəmsə, ümumiyyətlə heç əsgərlikdə olmayıb. Bax, belə!

Bu, öz yerində.

İndi isə gəlirəm bu deputatın da təmsil olunduğu Milli Məclisə. Elə yazımın mövzusu da, əslində, budur.

Azərbaycan davamlı olaraq basqı altındadır. Ölkənin iqtisadi imkanları və təsir çevrəsi artdıqca bədxahlarımız da daha çılğın şəkildə bizə qarşı kampaniya aparır.

Gücümüzün artması qorxudur onları.

Buna görə də əllərində olan imkanları səfərbər edib Qərbin bütün qurumlarına nüfuz etməyə çalışırlar.

Avropa Parlamenti, AŞPA, ATƏT PA, müxtəlif beynəlxalq insan haqları qurumları və əlbəttə ki, nəzarətdə olan media. Bütün bunları üzərimizə səfərbər edir o dairələr.

Amma baxırsan ki, bunlara qarşı bir balaca işə başladığımızda geri çəkilməyə məcbur olurlar. Hətta gerçəkləri anladıqları zaman dönüb dostumuza da çevrilirlər.

Sözümün canı odur ki, bu dairələrin aldadaraq tora saldığı beynəlxalq nüfuz sahiblərilə işləmək lazımdır! Bəli, işləmək!

Bəs onlarla kim işləyə bilər və işləməlidir?

Təbii ki, bu işi bacaranlar: fəal QHT rəhbərləri, media təmsilçiləri, səfirliklərimiz, siyasi partiya rəhbərləri və əlbəttə ki, deputatlar!

QHT, media, bir neçə səfirlik və siyasi partiya təmsilçilərimiz bu işi edir. Bir neçə deputat da durmadan çalışır.

Azərbaycanın beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsi üçün çalışan deputatların sayı, lap elə deyək ki, iki əlin barmaqlarının sayından çox deyil. Hamısı göz önündədir, görsənirlər.

Yəni haradasa on nəfər (hərçənd bu rəqəm də inandırıcı görünməyə bilər).

Təbii ki, Milli Məclisin fəal deputatlarının sayı bundan daha artıqdır. Bir o qədər də deputat var ki, onlar daha çox iç ictimai rəyə işləyirlər. Yəni bu adamlar heç bir formada xaricdə mövqelərimizin möhkəmlənməsinə töhfə vermirlər.

Amma olsun. Ən azından yerdə qalan böyük çoxluqdan fərqli olaraq boş dayanmırlar.

Bax, elə əsas problem də o böyük çoxluqdur!

Azərbaycan parlamentindəki böyük çoxluq sadəcə gözə dəymir! Bunları 5 il ərzində nə bizim kimi ictimai fəallar, nə də hətta bəzən məmurlar belə tanımır. Hələ onu da deyim ki, seçicilərinin də onlardan xəbəri olmur!

Bu arada bir haşiyə çıxıb olmuş bir əhvalatı danışım.

Bir dəfə BMM-də bir tədbirdəydim. Yanımda bir nəfər oturmuşdu. Tanımadım. Elə çoxları da mənim kimi onu tanımırdılar anlaşılan. Amma parlament jurnalistlərindən biri arxadan mənə bir qəzet verib “filankəs müəllimə ver” xahişini etdi. Verdim.

Tədbirdən sonra dostumuzdan o adamın kim olduğunu soruşdum. Güldü və dedi ki, filan rayonun deputatıdır.

Təsəvvür edirsinizmi ki, bu deputat ictimai bir tədbirdə iştirak edir, onu orda olan fəal insanlar belə tanımır…

Demək istədiyim odur ki, ölkədə belə tanınmağı bacarmayanlardan xaricdə Azərbaycan üçün nəsə etməyi gözləmək də sadəlövhlük olardı. Yəni bu adamlar Milli Məclisə necə və niyə seçiliblər, anlamıram. Onların üzündən də Azərbaycan ən vacib addımlarını atanda belə sağdan-soldan edilən hücumlara cavab verməkdə çətinlik çəkir. Və belə olanda güc düşür o iki əlin barmaqlarının sayı qədər olan deputatların, ən başlıcası isə, təbii ki,, ölkə Prezidenti İlham Əliyevin şəxsən üzərinə.

Halbuki o 125 nəfərin hamısı az və ya çox fəal olsaydı, indi heç bir beynəlxalq təşkilat üstümüzə gəlməyə cürət etməzdi. Bu deputatlarımız müxtəlif parlamentlərarası qruplarda, komitələrdə təmsil olunurlar. Amma elələri var ki, adlarını belə bilmədik bu ötən beş ildə! Ortada iş olsaydı yəqin ki, bilərdik!

İndi adi vətəndaşlar bir yana, fəal şəxslərə müraciət etsək ki, deputatlardan kimin adını çəkə bilərsiniz, cavabları çox acınacaqlı olacaq.

Özümdən başlayıram. Birnəfəsə yadıma düşən deputatların adını çəkməyə cəhd edəcəyəm. Görüm nə alınır. Qeyd edim ki, Milli Məclisdə şəxsən tanıdığım deputatlar da var, amma sayları çox deyil.

Beləliklə, bu və ya digər şəkildə diqqətimi çəkən deputatlar:

1. Abel Məhərrəmov
2. Adil Əliyev
3. Aqil Abbas
4. Asim Mollazadə
5. Aydın Mirzəzadə
6. Azay Quliyev
7. Bahar Muradova
8. Bəxtiyar Sadıqov
9. Cavanşir Feyziyev
10. Çingiz Qənizadə
11. Eldar İbrahimov
12. Elxan Süleymanov
13. Əli Hüseynli
14. Əli Məsimli
15. Fazil Mustafa
16. Fərəc Quliyev
17. Fəttah Heydərov
18. Fəzail Ağamalı
19. Fəzail İbrahimli
20. Fuad Muradov
21. Gövhər Baxşəliyeva
22. Hadı Rəcəbli
23. Hüseynbala Mirələmov
24. İqbal Ağazadə
25. İlyas İsmayılov
26. İsa Həbibbəyli
27. Qənirə Paşayeva
28. Qüdrət Həsənquliyev
29. Mehriban Əliyeva
30. Məlahət İbrahimqızı
31. Musa Qasımlı
32. Musa Quliyev
33. Nizami Cəfərov
34. Oqtay Əsədov
35. Rafael Hüseynov
36. Rasim Musabəyov
37. Sabir Rüstəmxanlı
38. Səməd Seyidov
39. Səttar Möhbalıyev
40. Siyavuş Novruzov
41. Vahid Əhmədov
42. Valeh Ələsgərov
43. Yaqub Mahmudov
44. Yevda Abramov
45. Zahid Oruc
46. Ziyad Səmədzadə
47. Ziyafət Əsgərov

Özəl olaraq vurğulamaq istərdim ki, bu deputatlardan çox az bir qismi Azərbaycanın maraqlarını beynəlxalq səviyyədə təmsil etməyə qadirdir və bacarır. Başda ölkənin 1-ci xanımı olmaqla bir neçə deputat həqiqətən də Azərbaycanın müsbət imicinin formalaşması üçün dayanmadan çalışır.

Yuxarıda da qeyd etdiyim kimi, digər bir qrup deputat da var ki, onlar daha çox daxili ictimai rəyin katalizatorları kimi dəyərləndirilə bilər. Lakin bu uzun siyahıda adı olanların heç də hamısını deputat kimi təqdir etmirəm. Sadəcə olaraq onları hansısa səbəbdən tanıyıram. Təbii ki, bəzilərilə qarşılıqlı tanışıq, bəziləri isə məni yəqin ki, heç tanımırlar. Normaldır.

Hə, bir deputat da vardı, adını unutmuşam. Əslində heç adını bilmirdim də. Sadəcə olaraq bir neçə ay öncə bir gənc avtoxuliqanlıq etdiyi üçün saxlanılmışdı. Sonra da bəlli olmuşdu ki, deputat oğluymuş. Deputatın adını da yazmışdı qəzetlər. Oxudum, tanış gəlmədi, elə indi də xatırlamıram. Deyirəm, bu deputatın işi lap faciədir. Ömründə adın qəzetdə bircə dəfə çəkilə, onda da yaramaz oğlunun bəd əməlinə görə…

Bütün bunları ona görə deyirəm ki, hər yerindən duran parlamentə can atmasın. Bu il də seçkilərimiz var. Parlament elə formalaşmalıdır ki, heç olmasa əl atanda ələ gələcək deputatlarımız olsun…

Sözardı: Bir neçə deputatın adını bilərəkdən çəkmədim. Çünki düşündüm ki, onların adını çəksəm dərhal yozacaqlar ki, kiməsə yarınmaq istəyirəm.

Sözardına sözardı: Hazırda baş nazirin müavini olan Əli Əhmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da fəal deputatlar sırasındaydılar.

Zəruri qeyd: Mümkündür ki, diqqətimi çəkməyən, amma doğrudan da faydalı işləri olan deputatlar da olsun. Yəni əlifba sırasıyla tərtib etdiyim bu siyahı sırf subyektivdir. Kiminsə haqqını gözardı etdimsə, indidən üzr istəyirəm.
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed