Şrift:
Rəsulzadəyə hamımız sahib çıxmalıyıq - Fərəc Quliyev Gəncədəki büstdən DANIŞDI
01.06.2015 [15:47] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin mayın 29-da keçirilmiş iclasında çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstünün pis vəziyyətdə olduğunu qeyd edib. Xalq şairinin bu çıxışı media və ictimaiyyətdə də bəzi müzakirələrə səbəb olub.
Gəncə şəhər İcra Hakimiyyəti həmin büstün Nəqliyyat Nazirliyinin balansına aid olan ərazidə yerləşdiyini əsas gətirərək məsələnin onlara dəxli olmadığını qeyd edib. Gəncənin deputatı Musa Quliyev də həmkarına verdiyi cavabda bu faktı önə çəkib.
Lakin məsələnin əsas tərəfi ondan ibarətdir ki, əgər söhbət dövlətçilik tariximizdə önəmli işlər görən Məhəmməd Əmin Rəsulzadədən gedirsə, burada nəinki hər hansı qurum, siyasi partiya, eləcə də hər bir vətəndaş da öz əlindən gələni canla-başla yerinə yetirməlidir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Modern.az saytına açıqlamasında məhz bu məsələni önə çəkib. Onun fikrincə, hər hansı qurumun, yaxud partiyanın Rəsulzadə, AXC mövzusunda öhdəliyi bir-birilərinin üzərinə atması doğru deyil:
“Çünki hakimiyyət və müxalifəti təmsil etməsindən asılı olmayaraq, hər bir qurum, partiya və sıravi vətəndaş əlindən gələni yerinə yetirməlidir. Məhəmməd Əmin Rəsulzadə təkcə Azərbaycan üçün yox, Şərq və Avropa üçün də bir örnək olub. Çox ciddi töhfələr verib. Bu, bir şərəfli tarixdir. Bu tarix bizim hamımızındır. Ayrı-ayrı partiyalara, qurumlara, fərdlərə mənsub deyil. Oradan nəsə bir yadigar kimi qalıbsa, ona hamımız sahib çıxmalıyıq. Hakimiyyətdə, müxalifətdə olmağından asılı olmayaraq öz keçmişimizə sahib çıxmaq naminə hər birimiz diqqətli olmalıyıq. Keçən il bu məsələ ilə bağlı müəyyən tədbirlərin keçirilməsi üçün prezidentin fərmanı oldu. Əgər tarixi xatırlama, əbədiləşdirmə baxımından hər hansı kəm-kəsir qalıbsa, onu birlikdə aradan qaldırmalıyıq. Məsələni ayrı-ayrı nazirliklər, siyasi partiyaların bir-birinin üzərinə atması, yaxud bir-birinə irad tutması yanlış yanaşmadır”.

Elmin NURİ
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed