Şrift:
Asif Atanın vəfatından 18 il ötür
04.06.2015 [16:09] - Gündəm, DAVAMın yazıları
İyunun 5-də Mütləqə İnam Fəlsəfəsinin yaradıcısı, Dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) vəfatından 18 il ötür. Onun gəlişi insana, ulusa, bəşərə bənzərsiz İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub. Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır. İnsanın var olması özündən qıraqdakı quvvəyə yox, insandakı mənaya, mütləqlik imkanına əsaslanır.
Ata ulusumuz üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, İnamı var. Ona görə «var» deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır. Ataya heyran olmamaq mümkün deyildi: ardıcıl ruhani döyüşçü, idrak yaradıcısı, mənəviyyat soraqçısı – özü demişkən, vicdançı, təmənnasız, fədakar iradənin yiyəsi idi. Onda sarsılmaq, əhval dəyişkənliyi yox idi! Onun gözlərində qorxudan iz yox idi! Onun idrakında cəfəngiyyata yer yox idi! Həqiqətini istənilən iddiaya, yalana qarşı inadla qoya bilirdi! Yüksək eşqli, dəyişməz, aşiq İnsan idi!
İnam Ata bənzərsiz idrak hadisəsidir: özünəqədərki dünya biliyini dərindən öyrənən böyük idrak yiyəsi idi. Oxumaqdan doymayan, ömrünün son illərində «Artıq oxumağa kitab qalmayıb» - deyən, öyrəndikləriylə yetərlənməyən, oxuduqlarını ötən, özündən öyrənən, özünü yazan, özündən yazan!
Ata idealının özülü, cövhəri, baş ünvanı ruhani (insani) ömrüdür. O, bəşər tarixini qaralama sayırdı. Tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu. Onun yazdıqlarında iynənin ucu boyda da olsun, cəfəngiyyat yoxdur. Ona görə ki, dərin idrakiliyə, bənzərsiz düşüncəyə əsaslanıb. Başlıcası, İnam Ata inkar etdiklərinə qarşı öz fikrini ortaya qoya, gedişatdan, zamandan üstünlüyünü sübut edə bildi.
Ata ulusal keyfiyyətlərimizin mahiyyətini daşıyırdı özündə. O, bizi möhtəşəm inamıyla, mütləqliyə əsaslanan tələbləriylə, yenilməz ruhuyla yaratdı. Özümdəki bütün gözəl ruhani-ulusal keyfiyyətlərə görə İnam Ataya borcluyam. Beləliklə, İnam Atanın varlığıyla Azərbaycanda İnamçılar soyu yaranmaqdadır.
Atanın üslüb çaları zəngin olsa da, fikri, ifadəsi sadədir. Ona görə ki, Atada məqsəd elmilik, özünün zəngin biliyini nümayiş etdirmək deyil. Məqsəd birdir: insanın xilası! Bu səbəbdən də Atada İnsanın xilası hər şeydən önə çıxır. Əgər insan xilas olacaqsa, dünya da xilas olacaq. İctmai münasibətləri, quruluşları yaradan insandır. Yaxşı insanlar yaxşı quruluş yaratmağa qadirdirlər. Atanın İnsanı ictimai münasibətlərdən, istehsalat fatalizmindən, dini təsəvvürlərdən, hər sayaq alın yazısından asılı deyil, yalnız özümlüyündən asılıdır. O, özündəki Mütləqə inanır, ən çətin çağında özümlüyünə üz tutur – kədərli çağında da, fərəhli çağında da… Atanın insan idealı yaşama, gerçəkliyə qaçılmaz, vazkeçilməz gərəklikdir. İnam Atanın ömründə idealının təsdiqini gördüm. Atanın idealı ömründən gəlib, onun yaşamından ayrı yaradılmayıb. Bu, mütləq özünəinamın təsdiqi idi, inam-idrak birliyinin, insaniliyə yetməyin ifadəsi idi. İnam Ata ona görə bu çətinliklərə dözdü ki, özünü yarada, var edə bildi. Özü demişkən, təhlükədən həzz alırdı. Bəşər tarixində Mütləqə İnam səviyyəsində inam olmayıb. O deməkdir ki, İnam Ata səviyyəsində ömründə idealı təsdiq edən insan olmayıb. İndi bunu biz deyirik. Gələcəkdə bunu hamı deyəcək. Ona görə ki, çağında qəbul olunan həqiqət yoxdur. Həqiqətin qəbul edilməsi onillər, yüzillər istəyir. İnam Ata mütləqiliyə yetmiş kamil İnsandır, canlı Mütləqdir. Onun bənzərsiz ruhaniyyatçılığı var. Başlıca ideyası budur: «İnsanlaşın, İnsanlaşdırın!» Bəşər tarixində bundan da uca çağırış yoxdur, hesab edirik ki, olmayacaq. İnam Ata öz örnəyində kamil insanlığın ölçüsünü yaradıb. Nisbi insanlıq olmur. İnsanilik mütləqdir. Görünən imkanların arxasındakı, özülündəki imkandır insanları yaşadan. İnsanilik imkanına yetməyin, özünü yaratmağın, var etməyin yolunu göstərir İnam Ata: Mütləqləşmək – var olmaqdır; Nisbi var olan – yox olur əslində; Yalnız – Mütləqiliyə yetən - var olur; Zaman ölçüsündə yaşamaq – yox olmaqdır; Özümlüyünə yetmək istəyirsənsə, insanilik ölçüsündə yaşamalısan. Atanın üslubu ömrü kimi bənzərsizdir: qısa, mahiyyəti canlı, diri ifadə edir.
Mütləqə İnamın gəlişi o deməkdir ki, ulusumuzun üzünü özünə tutması imkanı var - ulusumuz özinamlı olur. İnam Ata qiymətverəndir. Yaradıcılığa, özünüifadəyə fəlsəfi-bədii tənqidçilikdən başlayan Ata ədəbi-bədii əsərlərin insanilik mahiyyətini özünəməxsus şəkildə aşkara çıxardı. Atanın ilk dövr yaradıcılığı belə bənzərsizdir. Onun Kitablarında bəşər mədəniyyətinə, fəlsəfəsinə, yaşamının bütün sahələrinə, tanınmış şəxsiyyətlərə, ideologiyalara dərin, hərtərəfli qiymət var.
İnam Atada İnsana mütləq inam – insanlığın mütləq imkanlarına tükənməz inamdır. İnam Atanın gəlişi bizə bu həqiqəti deyir, İnamın harayını çəkir: Özümüzün ruhumuzdan doğulmuş inamımız olsun, özgəliklərin əsarətindən, cəngindən qurtulaq, var olaq! İnam Atanın Gəlişi – Mütləqə İnam dünyabaxışı əsasında yaşamaq deməkdir. Mütləqə İnam – dünyanın özündən artıq, yüksək olan mənasına inam deməkdir. Bu İnama görə, dünya öz Mənasından yaranır. Məna dünyadan qıraqda deyil, dünyanın içindədir: Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir. Atanın Bitiqləri (Kitabları) Türk Ulusu olaraq dünyaya sözümüzdür.
Qoy insan ölməsin, uluslar ölməsin. Onda bəşər də ölməz. Bəşərin varlığı ulusların özinamlı olması ilə bağlıdır. Mütləqə İnam fəlsəfəsi – dünyabaxışı hər bir ulus üçün bu imkanları açır.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed