Şrift:
Avstraliya Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük maraq göstərir
04.06.2015 [19:56] - Gündəm, Siyasət
Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə etdi. Qeyd edildi ki, bu səfər əlamətdar hadisə - birinci Avropa Oyunlarının açılışı ərəfəsinə təsadüf edib. Səfər zamanı tədbirlə əlaqədar ölkədə görülən işlərlə yaxından tanış olmaq imkanı var.

Spiker bildirdi ki, dövlətlərarası münasibətlərin inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri önəmli rol oynayır. Bu baxımdan parlament nümayəndə heyətlərinin görüşləri də əhəmiyyətlidir. Azərbaycan parlamentində Avstraliya ilə əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini vurğulayan spiker belə bir qrupun Avstraliya parlamentində də yaradılacağına ümidvar olduğunu dedi. Qeyd edildi ki, bu günədək ölkələrimiz arasında 1 sənəd imzalanıb, 3-nün üzərində isə iş davam etdirilir. Hər iki ölkənin potensialı iqtisadi əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün böyük imkanlar yaradır. Bu məqsədlə biznes-forumların keçirilməsi, müxtəlif layihələrin reallaşdırılması ümumi məqsədlərə xidmət edərdi.

Sədr bildirdi ki, Azərbaycanda investisiya qoyuluşu üçün yaxşı mühit yaradılıb. Bu günədək ölkə iqtisadiyyatına 150 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Təqdirəlayiq haldır ki, ölkəmiz xarici dövlətlərin iqtisadiyyatına da sərmayə yatırmaq iqtidarındadır. Bu yaxınlarda Avstraliya qiymətli kağızlar bazarına Azərbaycan tərəfindən qoyulmuş investisiya bunun əyani sübutudur. Avropa Oyunlarına hazırlıq çərçivəsində avstraliyalı iş adamlarının iştirakını təqdir edirik.

Azərbaycanın sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdıran parlamentin sədri ölkə ictimaiyyətini narahat edən Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini açıqladı. O, dünyadakı erməni diasporunun problemin həllinə böyük maneçilik törətdiyini və Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışdığını söylədi. Qeyd edildi ki, iqtisadi qüdrətinə baxmayaraq, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. İnanırıq ki, beynəlxalq birliyin dəstəyi sayəsində münaqişə tezliklə öz ədalətli həllini tapacaq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avstraliya Parlamentinin üzvü Lük Simkins Azərbaycana səfərindən və burada gördüklərindən məmnun olduğunu söylədi. O, Azərbaycan parlamentində deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirərək, ölkənin qanunvericilik orqanına gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, Avstraliya Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük maraq göstərir. Parlamentlər səviyyəsində münasibətlərin inkişafı gələcəkdə əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.

Söhbətdə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, Avstraliyada Azərbaycan diasporunun təşkilatlanması, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed