Şrift:
Azərbaycana geni dəyişdirilmiş məhsulları idxal edən və onların satışı ilə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq
06.06.2015 [00:37] - Gündəm, Hüquq
Azərbaycan prezidenti İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Dəyişikliyə əsasən, Cinayət Məcəlləsində aşağıdakı məzmunda 200-2-ci maddə əlavə edilib:

“Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi

200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə -

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə -

dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə -

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed