Şrift:
Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının açılışında iştirak edib
06.06.2015 [00:48] - Gündəm, İdman
Azərbaycan prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov görülən işlərlə bağlı dövlət başçısına və xanımına məlumat verib.

Bildirilib ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.

Dövlət başçısı Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Federasiyanın muzeyi ilə tanış olublar. Muzeydə Azərbaycanın boks tarixi haqqında ən geniş məlumatları əldə etmək mümkündür. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksdə yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış olub. Məlumat verilib ki, zalda tamaşaçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək.

Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüb. Prezident İlham Əliyev boksçuları salamlayaraq deyib: “Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, rinqdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram”.

Binada, eyni zamanda, VIP tamaşaçılar üçün də yer ayrılıb. İdman obyektinin yarış zalları, mətbuat işçilərinə ayrılan sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar və yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə qurulub. Qeyd olunub ki, idman qurğusunda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər görülüb, genişzolaqlı internet şəbəkəsi qurulub, kafe yaradılıb. Kompleksin ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında iştirak ediblər. Xəzər dənizinə gözəl mənzərənin açıldığı otel paytaxtın mərkəzindən 4 kilometr, Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir. Azərbaycan prezidenti “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in 17-ci mərtəbəsindəki restoranda yaradılan şəraitlə tanış olublar.

Qeyd edilib ki, 110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Burada, həmçinin Xəzər dənizinə və Bakı bulvarına açılan gözəl mənzərəni seyr etmək mümkündür. Otelin 60 nəfərlik barında da qonaqların zövqünə uyğun xidmət göstəriləcək. Otel nömrələrində yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, burada 103 nömrə var. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Belə müasir otelin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığının təmin olunmasına və paytaxt Bakının turizm potensialının nümayiş etdirilməsinə imkan yaradır.

***

12:07

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar. Onlar federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Sonra xatirə şəkli çəkdirilib.

Sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed