Şrift:
Xələf Xələfov: Azərbaycanla İndoneziya arasında əməkdaşlıq üçün yüksək potensial var
09.06.2015 [10:20] - Gündəm, Siyasət
8 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya üzrə direktoru xanım Listyovatini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, X.Xələfov Azərbaycan və İndoneziya arasında mədəni, dini və adət-ənənələrə bağlılıqlarının iki ölkə arasında dost münasibətlərin formalaşmasında mühüm amillərdən biri olduğunu vurğuladı. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının həm ikitərəfli, həm də çoxtərəfli platformada əlaqələrin xarakterini müəyyənləşdirdiyini qeyd edən X.Xələfov iqtisadi, humanitar, mədəniyyət sahələrində də əməkdaşlıq üçün potensial olduğunu diqqətə çatdırdı.

Cənubi Qafqaz regionunda hərtərəfli inkişaf və inteqrasiya proseslərinə əsas əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağı məlumatlandıran X.Xələfov, münaqişənin həllinin Ermənistanla yanaşı bir çox kənar faktorlardan da asılı olduğunu bildirdi. Münaqişənin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasından sonra öz həllini tapa biləcəyini vurğulayaraq, beynəlxalq təşkilatların, xüsusilə də Avropa institutlarının bu istiqamətdə səmərəli fəaliyyət göstərmədiyini, bu təşkilatların işğal etdiyi ərazilərdən çıxması üçün Ermənistana təzyiq etmələrinin vacibliyini bildirdi.

Azərbaycanlı nazir müavini ən böyük müsəlman dövləti və İslam Əməkdaşlıq Təşkilatının xüsusi çəkiyə malik aparıcı üzvlərindən olan İndoneziyanın Azərbaycanın ədalətli mövqeyinə dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, ümumiyyətlə strateji məsələlərlə bağlı mövqelərimizin yaxın olduğunu bildirdi.

Xanım Listyovati iki dövlət arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirərək, əlaqələrin dərinləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmli rol oynadığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İndoneziyaya səfərini həyata keçməsini arzu etdiklərini bildirən Xanım Listyovati, iki ölkə arasında müxtəlif səviyyədə mütəmadi dialoqun əhəmiyyətini vurğuladı. Həmçinin Azərbaycan və İndoneziya arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının iqtisadi sahədə əməkdaşlığın inkişafına və diversifikasiyasına töhfə verəcəyini vurğuladı.

İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq tanıdığını və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi ifadə etdiklərini, bu ədalətli yanaşmaya hər zaman sadiq qalacaqlarını qeyd edən xanım Listyovati, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda sülh yolu ilə nizamlanacağına ümidvar olduğunu bildirdi.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed