Şrift:
Ziyalı sözü, vətəndaş mövqeyi
10.06.2015 [10:20] - Xəbərlər, Siyasət, İdman
“Bakı-2015”lə Azərbaycan Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiq edəcək
Fazil MUSTAFA,
Böyük Quruluş Partiyasının sədri,
Milli Məclisin deputatı
Avropa Oyunları, ilk növbədə Azərbaycanın idman sahəsində liderliyini təsdiq etməsi üçün gözəl fürsətdir. Bir zaman bu Oyunlar yekunlaşacaq, amma izi qalacaq. Bu idman yarışı millətimiz, dövlətimiz adına böyük uğur gətirəcək.
Çünki Cənubi Qafqazda üç respublika lider dövlət olmaq üçün çalışır. Azərbaycan liderliyini həm mədəni, həm sosial-iqtisadi inkişafı, həm də yürütdüyü siyasəti ilə təsdiq edib. İndi isə Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu beynəlxalq idman yarışının təşkili və yüksək səviyyədə keçirilməsi ölkəmizin lider dövlət olduğunu bir daha təsdiqləyəcək.
Digər məsələlərə gəlincə, deyə bilərəm ki, bu gün ölkəmizdə dünya standartlarına uyğun inşa olunan idman infrastrukturu gələcək üçün böyük bir bazadır. Azərbaycan istənilən idman yarışına ev sahibliyi etmək üçün öz namizədliyini asanlıqla irəli sürəcək. Namizədlər arasında seçim edilərkən Azərbaycanın ayrıca müzakirə olunmasına ehtiyac qalmayacaq. Çünki Avropa Oyunları Azərbaycanın idman ölkəsi kimi həm də istənilən yarışın keçirilməsində böyük təcrübəyə malik olduğunu sübut edəcək. Bu gün inşa olunan idman arenaları, sarayları, kompleksləri gələcək nəsillər üçün möhkəm bazadır. Gənc nəslin idmana marağının daha da artması, idmana qayğının yüksəlməsi prosesinə müsbət təsir göstərir.
Azərbaycan öz tolerantlığı, qonaqpərvərliyi ilə də avropalı qonaqların könlünü oxşayacaq. Mədəniyyətimiz, tarixi abidələrimiz, turizm potensialımızın şahidi olacaq əcnəbi qonaqlar bir növ ölkəmizin təbliğatçısına çevriləcəklər. Bu səbəbdən də “Bakı-2015”in Azərbaycana qazandıracağı uğurlar illər keçdikcə hiss olunacaq. Bunlar isə millətimiz, dövlətimiz üçün ən vacib məsələlərdən biridir.
Avropa Oyunları zamanı hər dəfə Azərbaycandan od götürüləcək
Fərəc QULİYEV,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
Milli Məclisin deputatı
- Avropa Oyunları ilk dəfə keçirildiyi üçün bütün diqqətlər Azərbaycana yönəlib. Azərbaycanı istəyən qüvvələrlə yanaşı, ölkəmizin uğurlarını həzm edə bilməyənlər də səbirsizliklə bu idman bayramının hansı formada keçiriləcəyini gözləyirlər.
Təbii ki, ağa qara deyən qüvvələr istənilən yüksək səviyyəli bir işə qara yaxmaq üçün əl atmadıqları çirkinlik qalmır. Ancaq dəyərləndirənlər təşkilatçılığa qiymət verərkən hər xırda detalı da nəzərə alırlar. Ona görə də Azərbaycana dəyər verib Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün müsbət qərar çıxaran Avropa Olimpiya Komitəsi bu idman bayramının təşkilatçılığından heç bir narahatlıq hissi keçirmir. Çünki Azərbaycanın beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməkdə böyük təcrübəsi ölkəmizdə keçirilən dünya və Avropa çempionatlarında bunu sübuta yetirib.
Digər tərəfdən, Avropanın tarixində ilk dəfə olan bu idman yarışı Azərbaycanın tarixinə qızıl səhifə yazacaq. Olimpiya Oyunlarında Yunanıstanın Olimp dağından od götürüldüyü kimi, Avropa Oyunları zamanı da Azərbaycandan, Bakının Suraxanı rayonundan od götürüləcək.
Avropa Oyunları Azərbaycanın yüksələn imicinə də müsbət təsir göstərəcək. Avropanın digər ölkələrində keçiriləcək Oyunlar zamanı Azərbaycan xatırlanacaq. Bu da dövlətimiz üçün ən önəmli məsələlərdən biridir. Ölkəmizə gələcək 1800-dən artıq media nümayəndəsi təkcə Avropa Oyunlarından yox, ölkəmiz barədə də geniş reportajlar hazırlayacaqlar. Azərbaycanın gerçəkdən tolerant dövlət olması, dinlərarası münasibətlərə verdiyi önəm təbliğ olunacaq. Bu isə Avropa dövlətlərinin ölkəmizə olan diqqətini, marağını daha da artıracaq.
Onu da qeyd edək ki, ölkədə tikilən, yenidən qurulan idman infrastrukturları da Azərbaycanın gələcək idman potensialının hansı formada olacağından xəbər verir. Bu işdə isə böyük əmək sərf edən Avropa Oyunları üzrə Təşkilat Komitəsi çox qısa zaman ərzində böyük işlər gördü. Burada yeni idman komplekslərinin tikintisini, ölkəmizdə və xüsusən də xarici dövlətlərdə Oyunların təbliğinin düzgün və effektiv qurulmasını, təqdimat mərasimlərin keçirilməsini qeyd edə bilərik. Bu qədər böyük həcmli işlərin qısa müddətdə görülməsi yüksək təşkilatçılıq qabiliyyətindən xəbər verir. İnanırıq ki, ölkəmiz Avropa Oyunlarını da yüksək səviyyədə keçirib, tarixə Azərbaycan modeli möhürünü vuracaq.


Qoy yarışlarda daha çox üçrəngli bayrağımız dalğalansın
Arif BABAYEV,
“İstiqlal” ordenli xalq artisti, professor
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi bir hadisədir, həm də yalnız idman sahəsində yox. Bildiyimiz kimi, Azərbaycan inkişaf baxımından Cənubi Qafqazda lider dövlətdir və artıq bu gün dünya dövlətləri arasında nüfuzu və qətiyyətli mövqeyi ilə sayılıb-seçilən ölkələrdən biridir. Əlbəttə, bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsidir.
Unutmayaq ki, müstəqilliyini qan bahasına bərpa etmiş xalqımızın Qarabağla bağlı haqq səsinin dünya arenasında eşidilməsi və qəbulu üçün müəyyən amillər vacib şərt hesab edilir ki, onlardan biri də özünütəsdiqdir. Bəli, bu beynəlxalq idman bayramı bizi nəinki Avropa məkanında, hətta dünyada tanıdacaq bir tədbirdir. Çünki Avropa Oyunlarına maraq yalnız qitə məkanına sığmır. Dünyanın inkişaf etmiş ölkələrinin bu beynəlxalq idman yarışmasına marağı hədsiz dərəcədə çoxdur. Axı söhbət yalnız yarışmalarda kimin qalib, kimlərinsə məğlub olmasından getmir. Bu Oyunları izləmək üçün ölkəmizə gələn nəinki iştirakçılar, hətta turistlər də xalqımızın tarixi, mədəniyyəti, etnoqrafiyası, mətbəxi barədə bilgi alacaq, bir sözlə, bizi daha yaxından tanıyacaqlar.
Qonaqlarımız, ilk növbədə, xalqımızın mədəni, dövlətimizin isə tolerant olduğunu öz gözləri ilə görəcəklər. Ona görə də inanıram ki, müstəqil, müasir Azərbaycan özünün yeni bir erasına daxil olur və tarix yazır. Bununla bağlı mən xalqımızı təbrik edirəm. Bir vətəndaş kimi, hər birimiz öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Azərbaycanımızın hər bir uğuruna imza atmağı özümüzün borcu saymalıyıq.
Bir sözlə, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və ölkəyə turist axınının gücləndirilməsi üçün də ən yaxşı vasitədir. Beynəlxalq idman, mədəni, siyasi tədbirlərə ev sahibliyi istənilən ölkəni inkişaf etdirmək üçün həm də ən yaxşı üsullardandır. İdman müxtəlif millətlər arasında münasibətlərin gücləndirilməsi üçün çox vacibdir. Çünki idman da, mədəniyyət və incəsənət kimi, hamımız üçün ümumi bir dildir. O, gəncləri həvəsləndirmək və insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün əsas amildir. Buna görə də Azərbaycanda I Avropa Oyunlarının keçirilməsini çox yüksək qiymətləndirirəm.
Yeri gəlmişkən, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Rusiyadakı təqdimat mərasimində çıxışı zamanı məsələnin mahiyyətini şərh edərkən bildirmişdir ki, mədəniyyət, humanitar əlaqələr insanlar və xalqlar arasında ünsiyyətin əsasıdır: “Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra respublikada rus dilində təhsil tam həcmdə qorunub saxlanıb. Ölkədə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Fakültələrinin sayı artmaqda olan bu filial Azərbaycanda aparıcı təhsil ocaqlarından birinə çevrilib. İki dövlətin prezidentlərinin təşəbbüsü ilə hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkələrimiz arasında humanitar əlaqələrin inkişafının parlaq göstəricisidir. Bu forumda Azərbaycan və Rusiyanın görkəmli siyasi xadimləri, ekspertlər, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak edirlər. Azərbaycanda keçirilən musiqi festivalları, məsələn, Rostropoviç adına festival və Qəbələ festivalı Rusiyanın görkəmli, dünya şöhrətli musiqiçilərinin və aparıcı kollektivlərinin çıxış etdiyi ənənəvi platformaya çevrilib”.
Deməli, ilk Avropa Oyunları xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində də olduqca vacib amil hesab edilir. Buna görə də məsələyə yalnız idman aspektindən yanaşmaq doğru olmazdı.
Qaldı ki bu beynəlxalq tədbirin layiqincə keçirilməsinə dodaq büzən, antiazərbaycançı şəbəkənin hələ “arxı tullanmamış hop” deməsinə, biz belə qarayaxmaları “Eurovision-2012” mahnı müsabiqəsində də az eşitməmişdik. Nə oldu?! Azərbaycan çox yüksək səviyyədə həmin tədbirə ev sahibliyi etdi. İnanıram ki, belə antiazərbaycan təbliğatının arxasındakılar dövlətimizin iqtisadi inkişafını istəməyən, dünyadakı erməni lobbisinin təsiri altındakı ünsürlərdir.
Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, bu sahədə hər bir Azərbaycan vətəndaşı üzərinə düşən işi layiqincə yerinə yetirməlidir. Biz də mədəniyyət və incəsənət sahəsində tədbirlərə ciddi hazırlaşırıq. Azərbaycan çox düzgün yoldadır. İnanıram ki, əvvəlkilər kimi, bu dəfə də biz öz mədəniyyətimizi, humanistliyimizi, qonaqpərvərliyimizi, bir sözlə, milli-mənəvi dəyərlərə daim yüksək qiymət verən xalq olduğumuzu təsdiqləyəcəyik. Qaliblərin başı üzərində yenə də üçrəngli bayrağımız dalğalanacaqdır. Çünki buna layiqik.

İdman həm də mədəniyyətdir
Faiq SÜCƏDDİNOV,
“Şöhrət” ordenli xalq artisti, bəstəkar
- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Vətənimizin bayramıdır. Bu Oyunlar ərəfəsində ölkəmizə minlərlə turist gələcək. Bütün dünya Azərbaycanı tanıyacaq. Baxın, cəmi iki il müddətində Bakıda necə idman obyektləri tikildi, necə infrastruktur quruldu. Bütün tikilənlər, qurulanlar hamısı bizə qalacaq. Bu o deməkdir ki, bizim gənclərimiz, gələcəyimiz sağlam böyüyəcək, onlarda getdikcə idmana maraq daha da artacaq. İnanıram ki, Avropa Oyunlarında da bizim idmançılarımız ilk yerləri tutacaqlar. Bu gün, həqiqətən də dövlət səviyyəsində idmana böyük önəm verilir. İdman həm də mədəniyyətdir.
Oyunların başlamasına artıq sayılı günlər qalıb. İnanıram ki, bu tədbirin açılış mərasimi çox möhtəşəm olacaq və hər bir Azərbaycan vətəndaşı, eləcə də bütün dünya bunun şahidi olacaq. Hər birimiz vətənpərvər olmalıyıq, vətəni sevməliyik. Bu günlərdə Çexiyada idik. Orada I Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirildi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, ölkədə gedən sürətli inkişaf prosesi, həmçinin tanınmış idmançılarımız barədə geniş məlumat verildi. Bunlar, həqiqətən də, vətənimiz adına qürurverici hisslərdir.
Uzun illər həm də turizm sahəsində işləmişəm. Ona görə də yaxşı bilirəm ki, turizm böyük bir sənayedir, böyük mədəniyyətdir. Bu gün təkcə Bakı şəhəri deyil, Azərbaycanın bölgələri də turistləri qarşılamağa hazırdır. Dediyim odur ki, biz qonaqları qarşılamağa hərtərəfli hazırıq. İki il əvvəl İsveçdə bir qadın müxbir mənə dedi ki, Azərbaycana getməyi çox istəyir. Ona görə ki, “Eurovision” mahnı müsabiqəsi ölkəmizdə möhtəşəm şəkildə təşkil edilmişdi.
Dünyanın əksər ölkələrində olmuşam. Ona görə də bilirəm ki, bizim mədəniyyətimiz, xalqımız tam başqadır və özəl xüsusiyyətlərimiz var. Bu baxımdan I Avropa Oyunları zamanı öz milli mədəniyyətimizi, özəl xüsusiyyətlərimizi əcnəbi qonaqlara da aşılamalıyıq.

İdman tariximizə yazılan parlaq səhifə
İlham Namiq Kamal,
“Şöhrət” ordenli xalq artisti, professor
- Bütün Avropa xalqlarını birləşdirəcək möhtəşəm idman festivalına sayılı günlər qalır. Qitənin idman həyatında böyük bir əlamətdar hadisə - tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının bünövrəsi Bakıda qoyulacaq.
Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Uğurlarımız həm beynəlxalq yarışlarda qazandığımız medallarla ölçülür, həm də Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu bunları tamamlayır. Başqa sözlə, idmançılarımızın mötəbər yarışlarda böyük nailiyyətlər qazanması, ilk növbədə, ölkəmizin dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarının verilməsində həlledici rol oynamışdır. Şübhəsiz ki, bu, dövlət başçısı İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin Azərbaycan tarixinə yazılan daha bir parlaq səhifəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işlərin də səmərəsi göz qabağındadır.
Bir-birindən yaraşıqlı, bütün beynəlxalq standartlara tam cavab verən Olimpiya mərkəzləri, idman qurğuları, iştirakçılar üçün yaradılan şərait. Hansı birini deyəsən.
Mədəniyyət sahəsi də daxil olmaqla bütün sferalarda çalışanlar, bir sözlə, hamı I Avropa Oyunlarını bayram kimi qarşılamağa hazırlaşır. Bu Oyunlar zamanı bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Artıq indidən bu hiss olunur. Dünyanın aparıcı KİV-i Azərbaycandakı inkişafdan, quruculuqdan yazır, reportajlar hazırlayırlar. Avropa Oyunları 20 idman növü üzrə yarışlarda medallar uğrunda rəqabət aparacaq 6 mindən çox iştirakçıda, onların məşqçilərində, müxtəlif beynəlxalq idman federasiyalarının rəhbərlərində, fəxri qonaqlarda Vətənimiz, onun qədim tarixi, zəngin ənənələri, mədəniyyəti, təbii sərvətləri, qonaqpərvərliyi, Azərbaycanda Olimpiya dəyərlərinin təşviqi üçün görülən böyük işlər, sözsüz ki, onların hər birində xoş təəssürat yaradacaq. Oyunlar zamanı ölkəmizə gələn qonaqlar yalnız Bakı şəhərində deyil, bölgələrdə yaradılan şəraitlə də yaxından tanış olmaq imkanı əldə edəcəklər. Axı təkcə paytaxtımızda deyil, regionlarda da çox işlər görülüb.
Bir sözlə, bu Oyunlar zamanı dünya Azərbaycanın qüdrətinə, nələrə qadir olduğuna şahidlik edəcək.

Azərbaycan dünyaya sülh mesajı verir
Baba VƏZİROĞLU,
əməkdar incəsənət xadimi, şair
- Həyatda ilklərlə bağlı çoxlu olaylar olur. Bu ilklər həmişə yadda qalır, unudulmur. İnsanın ilk məktəbi, ilk müəllimi, ilk sevgilisi, ilk universiteti və s. heç vaxt yaddan çıxmır.
Şərqdə ilk demokratik respublika Azərbaycan... Şərqdə operanın, ilk opera yazan qadın bəstəkarın vətəni Azərbaycan... Qafqazda ilk kosmos dövləti Azərbaycan və sair və ilaxır... İlklər hər zaman tarixə əbədi olaraq yazılır. Bu il də Azərbaycan ilk Avropa Oyunlarının vətəni sayılacaq. Bu isə ilk olduğuna görə təkcə Azərbaycan tarixinə yox, dünya tarixinə düşəcək.
Biz hər zaman deyirik ki, Azərbaycanın səsi dünyada eşidilməlidir. Bu səs bəzən zəif eşidilir, bəzən heç eşidilmir. Bu mənada Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox mühüm bir hadisədir. Çünki dünyanın Azərbaycanı daha yaxından tanıması, dərk etməsi üçün böyük imkan yaranıb. Hazırda belə bir şans torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycana çox lazımdır. Unutmayaq ki, bu, bir idman bayramıdır. Həm də ondan xəbər verir ki, Azərbaycan sülh ölkəsidir, dünyaya sülh mesajı verir. “Davalı yerdə ot bitməz” deyirlər. Deməli, Azərbaycanda sabitlik, əmin-amanlıq və sürətli iqtisadi inkişaf var ki, I Avropa Oyunlarına ev sahibliyi edə bilir.
İqtisadi baxımdan I Avropa Oyunlarının hansı dividendlər gətirəcəyini dəqiqliklə deyə bilmərəm. Amma bir söz, mənəviyyat adamı kimi dəqiq bilirəm ki, bu tədbir Azərbaycana çox böyük mədəni dividendlər gətirəcək. Azərbaycan xalqının dünya xalqları arasında bir yerdə görünməsi üçün bu kimi beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi çox vacibdir. Hər birimiz Azərbaycan vətəndaşı olaraq bu Oyunların yüksək səviyyədə keçirilməsi, uğurla başa çatması üçün hörmətli Prezidentimizə və Mehriban xanım Əliyevaya öz dəstəyimizi, köməyimizi əsirgəməməliyik.

Ölkəmiz dünya dövlətləri arasında ciddi nüfuza malikdir
Tünzalə AĞAYEVA,
əməkdar artist, I Avropa Oyunlarının ulduz səfiri
- Avropa Oyunlarının ilk dəfə olaraq ölkəmizdə keçirilməsinin ciddi tarixi əhəmiyyəti var. Bu tədbiri böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirmək olar. Eyni zamanda, bunu ölkəmizin imicinə müsbət təsir edən bir hadisə kimi dəyərləndirməliyik. İlk Avropa Oyunlarının ulduz elçisi olaraq mən də yarışlara öz töhfəmi mahnı ilə vermək istədim. Belə ki, İtaliya və Fransanın tanınmış müğənnisi Kelli Coys ilə birgə “Baku smiles” adlı bir musiqi layihəsi həyata keçirdik. Bu musiqi əsəri “Baku-2015” ilk Avropa Oyunlarına həsr edilib. Mahnının ingilis versiyasını məşhur fransalı müğənni K.Coys təqdim edir. Fikrimcə, layihə düşündüyümüz kimi maraqlı alınıb.
Azərbaycan gənc bir ölkədir, müstəqilliyini yeni bərpa edib. Buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada irəliləyə bilir. Ölkəmiz dünyanın siyasi və iqtisadi gücü olan dövlətləri arasında ciddi nüfuza malikdir. Etiraf edək ki, idman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət deməkdir. Bu baxımdan Azərbaycan belə bir möhtəşəm tədbiri keçirməklə, ona ev sahibliyi etməklə çox şeylər əldə edəcək. Bu gün Azərbaycan beynəlxalq aləmə nüfuzlu bir dövlət olaraq inteqrasiya edir. Eyni zamanda, ölkəmiz qapılarını bütün xalqların üzünə açır, eləcə də nümayiş etdirir ki, Azərbaycan barış və dostluq ölkəsidir. Ona görə də bu xüsusiyyətlərimizi hər zaman qoruyub-saxlamağı bacarmalıyıq. I Avropa Oyunları zamanı da bir daha sübut etməliyik ki, Azərbaycan, həqiqətən də, sülhsevər və qonaqpərvər ölkədir. Qoy dünya ictimaiyyəti ölkəmizi, xalqımızı daha yaxından tanıya bilsin və Azərbaycanın dərin mədəni köklərə malik olduğunu görsün.
Elçin CƏFƏROV,
Elgün MƏNSİMOV,
Rəşad BAXŞƏLİYEV,
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed