Şrift:
Abdulla Əmir Haşimi: Parçalanmış ölkəni və milləti bütövləşdirmək əsas qayəmizdir
13.06.2015 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az İsveçdə yaşayan həmyerlimiz Abdulla Əmir Haşimini Strateq.az saytına verdiyi müsahibəni təqdim edir:


Onun haqqında qısa arayış:

Abdulla Əmir Haşimi (Cavanşir) Əmirbahadır oğlu, 1950-ci ildə Güney Azərbaycanda, Təbriz yaxınlığında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə doğulub. Orta təhsilini riyaziyyat ixtisası üzrə Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakultəsini bitirib. 1973-cü ildə ölkdə cərəyan edən siyasi proseslərə qoşulur və siyasi fəaliyyətinə görə 1976-cı ildə həbs olunur. Həbsdən çıxdıqdan sonra siyasi fəaliyyətini gizli şəkildə davam etdirir. Dostları ilə birlikdə Azərbaycan Demokratik Firqəsinin Təbrizdə ofisini açır. İnqilabdan sonra da 4 ilə yaxın gizli şəkildə siyasi fəaliyyətini davam etdirir. 1980-ci ildə yenidən həbsə atılır və bir ilə qədər həbsdə qalır. 1981-ci ildə onun da üzvü olduğu Firqə rəsmən qeyri-qanuni elan edilir. 1992-ci ildə İranı tərk edib Bakıya gəlir. 1998-ci ilədək Bakıda çalışır. Bakıda yaşadığı müddətdə Bakı Dövlət Universitetinin dissertantı olur və “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi-siyasi münasibətlər, 1991-1997” adlı dissertasiya işini tamamlayıb çap etdirir. 2001-ci ildən 2006-cı ilədək Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, 2006-cı ildən isə Güney Azərbaycan Konqresinin birinci məsulu vəzifəsindədir.

1998-ci ildə İsveçə köçüb. Hazırda İsveçin Stokholm şəhərində yaşayır və burada müəllim vəzifəsində çalışır.



- İranda İslam İnqilabı baş verməzdən öncə siyasi işlərlə məşğul idiniz və siyasi fəaliyyətinizə görə həbs olunduz. Siz o zaman nə istəyirdiz?

- Azərbaycanın güneyi Pəhləvilər rejimi dövründən işğal altındadır. 70 il öncə 21 Azər hərəkatı (1945-1946) Güney Azərbaycanda Səttar xan hərəkatının (1907-1911), Şeyx Məhəmməd Xiyabani hərəkatının (1917-1920) davamı olaraq daha inkişaf etmiş formada müstəmləkəçiliyə, diktatorluğa, feodalizmə, fars millətçiliyinə qarşı meydana gəldi. 21 Azər hərəkatı Mir Cəfər Pişəvərinin başçılığı ilə, daha dərin köklərə söykənərək Şah İsmayıl Səfəvinin dövlətinin ənənələrinə uyğun olaraq, Təbrizi paytaxt və Azərbaycan türkcəsini dövlət dili elan etdi, qızılbaş ordusunu təşkil edib, müasir şəraitə uyğun olaraq yeni seçki sistemi yaradıb, xalqın iradəsini təmsil edən Milli Məclis təsis edib, 40 il kağız üzərində qalmış əyalət və vilayət əncümənlər qanununu həyata keçirdi və sairə. Məhəmməd Rza Pəhləvi Azərbaycana qanunsuz olaraq o dövrdəki imperiyaların dəstəyilə qoşun yeritdi. Azərbaycanın Milli Hökümətini, Milli Məclisini dağıtdı, 100 mindən artıq xalqımızın ən igid övladlarını qətlə yetirdi. 100 minlərlə azərbaycanlını daxildə və xaricdə sürgünə göndərdi, 10 minlərlə insanımızı həbsə və işgəncələrə məruz qoydu, 100 minlərlə Azərbaycan türkcəsində olan kitabları yandırdı. Mən və mənim kimi azərbaycanlılar Məhəmməd Rza Şah Pəhləvinin bu kimi milli və mədəni soyqırımına necə sakit qalıb və mücadiləsiz yaşam sürməli idik!?

Biz o zaman istəyirdik Məhəmməd Rza şah Pəhləvi rejimi getsin, yerinə Hindistandakı kimi, bir demokratik rejim gəlsin ki, milli haqları və vətəndaş hüquqlarını təmin edib, qorusun.


- Bugünki İran uğrundamı savaşırdız?

- Təbii ki, bugünki İran rejimi bizim istədiyimiz deyildi. O zaman diktatorluqdan cana gəlmiş milyonlarla insan dalğasına mollalar çox tərəqqipərvər vədlər və şüarlar səsləndirirdilər. Lakin inqilabdan 4 il keçmədən bütün verdikləri sözləri unutdular və yazdıqları qanunları zibil qutusuna atdılar. Bu gün Əsas Qanunda ana dili haqqında mövcud olan 15-ci maddə, 36 ildir təxirə salınır. Hansı ki, onun əldə edilməsi üçün Güney Azərbaycan ən yaxşı övladlarını 1979-cu ildə qurban vermişdi.


- İran İslam İnqilabı xalqın ümidlərini nə dərəcədə doğrultdu? Ümumiyyətlə xalq bu inqilabdan nə gözləyirdi?

- Deməliyəm ki, İran İslam İnqilabı xalqın ümidlərini doğrultmadı. Baxmayaraq ki, xalq öz şəxsi inanclarına əsaslanaraq dini rəhbərlərə inandılar və onlara dəstək verdilər. Lakin məqsədlərinə çatmadılar. Xalqımız bu inqilabdan gözləyirdi ki, farsların xeyrinə demoqrafik tərkibin dəyişdirilməsi məqsədilə, azərbaycalılar köçürülməyə məcbur edilməsin. Azərbaycan torpaqlarını parçalayıb Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Zəncan, Ərak kimi hissələrə bölməsin. Azərbaycandan Qəzvini, Qumu, Həmədanı, Məlayiri, Tüyserkanı, Sənəndəci ayırmasın, onu yox etmək istəyinin qarşısı alınsın və Azərbaycan xalqını farslaşmağa məcbur etməsin. Rza şah və onun ardından gələnlərin fars millətçilik siyasətinə son qoysunlar, Azərbaycanda bütün yazı və danışıqlar idarələrdə, məhkəmələrdə, təhsil ocaqlarında fars dilində yox, Azərbaycan türkcəsində aparılsın. Azərbaycan türkcəsində kitab, qəzet, jurnal nəşr olunsun, mədrəsə, teatr, muzey, musiqi ocaqları yaransın. Xalqımız təhqir edilməsin, alçaldılmasın, izzəti-nəfsi sındırılıb, əridilməyə sövq edilməsin. Azərbaycan yazıçılarına, alimlərinə, mübarizlərinə, minbir iftira və ittihamlar vurulmasın, həbsə, işgəncəyə, sürgünə, qətlə məruz qalmasınlar. Hər hansı mədəni-ictimai xalq hərəkatını silah gücü ilə yatızdırmasınlar. Qeyri-azərbaycanlı məmurları və ordu adamlarını Azərbaycana yerləşdirməsinlər və azərbaycanlı məmurları Azərbaycandan başqa yerlərə göndərməsinlər. Rza şah və onun ardından gələnlər kimi işğalçılıq, ayrı-seçkilik, azərbaycanlılar arasında nifaq salmaq yolu ilə öz irqçilik siyasətlərini həyata keçirməsinlər.

Güney Azərbaycanda milli məsələ yuxarıda qeyd etdiyim kimi, mühüm problemlərdən biri idi. Azərbaycan xalqının öz tarixi, öz dili, adət və ənənəsi, mədəniyyəti var. Min illərdir, yaşadığı ərazisi vardır. İran hakimiyyəti əksəriyyəti təşkil edən azərbaycanlılara divan tutur, zülm edir. İslam arxasında gizlənən İran mərkəzi şovinist hökuməti Azərbaycanın iqtisadi, mədəni və siyasi birliyini pozur. Ərazi birliyi və bütövlüyü də yuxarıda qeyd etdiyim kimi, sürətlə və şiddətlə pozulur. Bir sözlə desək, hakimiyyət və fars millətçi dairələri, Azərbaycanın milli varlığını inkar edir, tam əsarət altında saxlayır və tədriclə məhv etməkdə maraqlı görünür.


- Avropadan baxanda Şərq dünyası necə görünür?

- Öncə nəzərinizə çatdırım ki, Avropada milyonlarla şərq kökənli insan yaşayır, o cümlədən 100 minlərlə Azərbaycan türkü yaşayır ki, onların da əksəriyyəti Güney Azərbaycandan mühacirət edənlərdir. Avropa inteqrasiya üçün əlverişli bir qitədir. Onların çoxu bu fürsətdən faydalana biliblər. Avropadan baxanda şərq dünyası birmənalı görünmür. Şərqdə Yaponya, Hindistan və Azərbaycan Respublikası kimi yüksək mədəniyyətli ölkələr var. Amma təəssüflə deyim ki, İran, İraq, Əfqanistan kimi geridə qalmış müharibə və fəlakət ocaqları olan ölkələr var. Oradan gələn ürək ağrıdıcı xəbərlər, Avropada televiziya tamaşaçılarını Avropa rejimlərinə minnətdarlığa məcbur edir! Təəssüflə deyim ki, Avropadan baxanda Şərq dünyası umumiyyətlə şəhərdən görünən kəndi xatırladır. Bu, həm də Avropa dəyərlərinin üstünlüyündə nümayiş edir. Əlbəttə, bu o demək deyil ki, insan öz doğma kəndini sevməsin, onun qayğısına qalmasın, inkişafi üçün fikiləşməsin, yaxud dəyərlərinə biganə qalsın.


- Bəs Azərbaycan necə görünür?

- Azərbaycana da baxanda birmənalı hiss keçirmir insan. Baxmayaraq ki, Azərbaycan Şərq dünyası ilə Avropa mədəniyyətinin sintezidir. Əyər, Azərbaycanın şimalı könül oxşayırsa, Güney Azərbaycan isə acınacaqlı həyat tərzi sürür, ürək ağrıdır göz yaşardır!


- Sizcə, bu gün Güney Azərbaycan türklərinin ən böyük sorunu nədir? Bəs sorunlardan çıxış yolunu nədə görürsüz?

- Güney Azərbaycanın ən böyük sorunu Azərbaycanın milli varlığının inkar edilməsi, ərazi birliyi, mədəni birliyi, iqtisadi birliyi və siyasi birliyinin pozulmasıdır. Yuxarıda qeyd etdiyim kimi, İran hakimiyyəti və fars irqçiləri tədriclə Güney Azərbaycanı məhv etməyə çalışırlar. Sorunlardan çıxış yolunu, xalqımızı maarifləndirmədə və sivil yol ilə mücadiləyə səfərbər etməkdə görürəm.


- Siz bir müddət də Bakıda çalışdız. Bakıdan niyə getdiniz? Bakı sizin yaddaşınızda necə qalıb?

- Bakı təkcə mənim yox, bəlkə də, hər bir Güney azərbaycanlının Kəbəsidir! Hər il məzuniyyətimi Bakıda keçirirəm. Bakıda çox dəyərli dostlarım, qohumlarım var. Həm Bakıda və həm də Stokholmda onlarla görüşdə çox zövq alıram. Böyuk oğlum Aydının həyat yoldaşı naxçıvanlıdır ki, onlardan 4 nəvə sahibiyəm. Tanrı sizləri də qoruyub xoşbəxt eləsin! Eyni zamanda, Bakının Qarabağ işğalı, bir milyon qaçqını və Xocalı soyqırımı kimi dərdi var. Bu, hər birimizin dərdidir. Ona görə, 2002-ci ildə İsveçdə Qarabağ cəmiyyətini təsis etdim və Ermənistanın təcavüzkar simasını İsveç dövləti, parlamenti, partiyaları və xalqına tanıtdırmağa çalışdıq. Dediklərimi Azərbaycan mediasından və dövlət rəsmilərilə görüşlərimizdən də izləmək mümkündür.


- Dünya azərbaycanlılarını birləşdirmək üçün müxtəlif təşkilatlar yarandı. Ancaq heç bir qurum 50 milyonluq Azərbaycan türkünün iradəsini ifadə edə bilmədi. DAK da parçalandı... Sizcə, niyə birləşə bilmirik? Dünya Azərbaycanlılarını necə birləşdirmək, bir araya gətirmək olar?

- Doğru deyirsiniz ki, dünya azərbaycanlılarını birləşdirmək üçün müxtəlif təşkilatlar yaranır, amma heç bir qurum 50 milyonluq Azərbaycan türkünün iradəsini ifadə edə bilmir. Bilirsiz ki, 2001-ci ildən 2006-cı ilədək DAK sədrinin birinci müavini və təşkilat məsulu olduğum zaman çox çalışdım ki, DAK-ı ümummilli bir təşkilat səviyyəsinə yüksəldək. Onu da nəzərinizə çatdırım ki, DAK-ın və digər Azərbaycan təşkilatlarının parçalanmasının əsas və birinci səbəbkarı İran hökumətidir. İkinci səbəb isə əxlaqsız və səlahiyyətsiz adamların bu təşkilatlarda yuva salmalarıdır. Üçüncü səbəb isə təcrübəsiz və səriştəsiz adamların yüksək vəzifələri işğal etmə səyləridir. Həmçinin, xalqımızın partiya fəaliyyətində demokratik prinsiplərlə az taniş olmaları və avtoritet metodlara alışmaları da az təsirli deyil. Təbii ki, ölkə iqtisadiyyatının formalaşmasında yalnız bir məhsula, məsələn, təkcə neftə əsaslananda, rəngarəng iqtisadi sahələri harmonik formada lazimi qədər inkişaf etdirmək olmadığı kimi, təşkilatlar da rəngarəng fikirlərə, metodlara adət etmir. Dözüm, tolerantlılıq az olur. Kollektiv işlər də zəif gedir və kollektivdə parçalanma qaçınılmaz olur. İnsanlar gündəlik iqtisadi fəaliyyətində adətlər və vərdişlər qazanır, ictimai, siyasi və kültür fəaliyyətində həmin adətləri nümayiş etdirir. Bunlara rəğmən, 50 milyonluq dünya azərbaycanlılarının birləşmə imkanları var. Güneydə buna İran hökuməti maneə yaratsa da, bu imkan mövcuddur. Mərhum, əski prezidentlər Heydər Əliyev və Elçibəy dəfələrlə 50 milyonluq azərbaycanlıların prezidenti olduqlarını bəyan etmişdilər. İlham Əliyev də bunu bir neçə dəfə xatırlatmışdır.


- Hazırda yaşadığınız ölkədə azərbaycanlıların durumu necədir? Nə işlə məşğul olurlar? Oradakı soydaşlarımız hansı qayğılarla və ümidlərlə yaşayır?

- Öncə nəzərinizə çatdırım ki, İsveçdə 33 mindən artıq azərbaycanlı yaşayır. Onların əksəriyyəti Güney Azərbaycandan olan siyasi mühacirlərdir. Minə yaxin quzeyli soydaşlarımız da İsveçdə iş və təhsil ilə əlaqədar yaşayırlar. İnteqrasiya üçün soydaşlarımız enişli və yoxuşlu yollar keçiblər. Uzun illərdən bəri vətəndən uzaqlarda məskunlaşmağa məcbur olan mühacir azərbaycanlılar istər-istəməz bir neçə qrupa bölünüb. Birinci qrup, tələbə kimi Azərbaycandan çıxıb, təhsil dövrü qurtardıqdan sonra geri qayıtmaqdan imtina edənlərdi. İkinci qrup, siyasi baxışlarına görə təqibdən yaxa qurtarmaq üçün ölkədən çıxanlardı. Nəhayət, üçüncü qrup, müharibələrdə iştirak etməmək və ya iqtisadi çətinliklə əlaqədar Azərbaycanı tərk edələrdən ibarətdir ki, onlardan bir qismi İsveçdə yaşamağa məcbur olmuşlar. Vətəndən uzaqlarda yaşayan mühacirlərin çoxu Azərbaycanın taleyi haqqında düşünürlər və xalqımızın güneydəki acınacaqlı həyatı onları narahat edir. Milli hüquqlarından məhrum edilən, əqidələrinə və siyasi baxışlarına görə təqibə məruz qalan güney azərbaycanlılarla quzeyli qardaşlarımız vaxtaşırı həmrəyliklərini əməli şəkildə göstərirlər. Qarabağı işğaldan azad etmək üçün isə güney azərbaycanlılar quzeyli soydaşlarımızla birmənalı şəkildə həmrəylik nümayiş etdirirlər. Bir sözlə desək, qürbətdə də parçalanmış ölkəni və milləti bütövləşdirmək əsas qayəmizdir.



Söhbətləşdi: Namiq Hacıheydərli
Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed