Şrift:
Ruhani: -Sanksiyalar əhəmiyyət daşımır deyənlərin deyəsən camaatın cibindən xəbəri yoxdur
15.06.2015 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 14-də Şimali Xorasan əyalətinin mərkəzi Bocnurd şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani əhali qarşısında çıxış edərək Qərblə nüvə danışıqları aparılmasına müxalif olanlardan və ölkə əhalisinin şən həyat yaşaya bilməsi ilə bağlı hüququndan danışıb.
Həsən Ruhani deyib ki, onun başçılıq etdiyi hökumət ölkəyə qoyulan beynəlxalq sanksiyaların ləğvi uğrunda səyini davam etdirəcək: “Sanksiyalar əhəmiyyət daşımır” deyənlərin deyəsən camaatın cibindən, 5+1 qrupu ilə müzakirələr aparılmasına qarşı çıxanların da sankı əhalinin güzəranından xəbəri yoxdur. Vaxtilə bizə zülm edib sanksiyalar zəncirini xalqa hazırlayan bədxahlar, mövcud şəraitdən istifadə edərək xaricdən istədiyi malı 10-15 faiz bahasına ölkəyə idxal edir, bunun xərcini isə xalqın cibindən ödətdirirdilər.

Biz sanksiyalardan qorxmur, çəkinmirik. Biz sanksiyalarla mübarizə aparır, vətəndaşlarımızın yardımı ilə onu ləğv etdirəcəyik”.

Ölkədə icazəli konsertlərin keçirilməsinə mane olan bəzi özbaşına qüvvələrə toxunan Ruhani deyib ki, onun hökuməti insanların şənlənməsinə, şən həyat tərzi sürməsinə müxalif deyil: “Biz əxlaq, iman və islam dəyərlərinə hörmətlə yanaşan, eyni zamanda şənlənməyi və şən həyat tərzi sürməyi bacaran bir millət istəyirik. Əgər bu stadionda hansısa bir musiqi parçası səsləndirilsə və siz sevinib ondan zövq alsanız, bunun nə eybi var? Biz əhalinin şən əhval-ruhiyyədə olmasına müxalif deyilik. Biz yeri gələndə sevinib şənlənər, vaxtı gələndə də dini mərasim və günlərdə göz yaşı tökərik. Biz igid və şən bir millət istəyirik. Bundan başqa, biz həm də millətin işlə təmin olunmasını, iqtisadiyyatın dirçəlməsini istəyirik. Biz millətin hüququ sayılan hər bir şeyi istəyirik”.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed