Şrift:
Azərbaycan Avropa Oyunlarında 8-ci qızıl medalını qazandı
17.06.2015 [09:29] - Gündəm, İdman
Bakı-2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə Azərbaycan idmançıları daha bir qızıl medal qazanıblar.

Bakının Heydər Əliyev adına İdman Sarayında keçirilən qadın güləşçilərin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan finalda Polşa güləşçisi Roksana Zasina ilə qarşılaşıb.

A.Doroqan gərgin mübarizə şəraitində keçən görüşdə rəqibi ilə 2:2 hesablı bərabərə qalsa da, sonuncu fəndi güləşçimiz yerinə yetirdiyindən o, Avropa Oyunlarının qalibi elan edilib. Nəticə ilə razılaşmayan Polşa təmsilçiləri protest veriblər. Lakin onların protesti təmin olunmadığından Anjelaya daha bir xal xerilib və yekun hesab 3:2 təmsilçimizin xeyrinə olub.

53 kq
1/8 final - Merve Kenger (Türkiyə) - Anjela Doroqan 2:8
1/4 final - Anjela Doroqan - Mersedes Denes (Mavarıstan) 4:0 (təmiz qələbə)
1/2 final - Natalia Budu (Moldova) - Anjela Doroqan 2:5 (təmiz qələbə)
FİNAL - Anjela Doroqan - Roksana Zasina (Polşa) 2:2

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 8-ci qızıl medaldır.

Qadın güləşçilərin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netreba isə bürünc medal uğrunda görüşdə Norveç güləşçisi Qreys Bullen ilə üz-üzə gəlib.

Güləşçimiz 3-cü yer uğrunda görüşdə rəqibinə məğlub olaraq Avropa Oyunlarını medalsız tərk edib.

Xatırladaq ki, bu gün qadınlar arasında güləş yarışlarının ikinci günündə xalça üzərinə 4 idmançımız çıxıb. Onlardan 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova daha erkən mərhələdə mübarizəni dayandırmalı olublar.

Qeyd edək ki, qadın güləşçilərin yarışlarının ilk günündə təmsilçilərimiz 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48 kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) bürünc medalının sahibi olub.

Ondan daha öncə isə kişi güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar.
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed