Şrift:
Fərəc Quliyev: "Bütün bunlar təkcə idman oyunları deyil, Azərbaycanın müsbət prestijinə işləyən bir vəsilə olduğunu sübut etdi"
18.06.2015 [12:03] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
İctimaiyyət nümayəndələri Birinci Avropa Oyunlarını yüksək qiymətləndirir

Azərbaycan çoxdandır hər kəsin səbirsizliklə gözlədiyi Avropa Oyunlarının açılış mərasimini keçirdi. Açılış mərasimi öz möhtəşəmliyilə hər kəsin yaddaşında silinməz izlər buraxdı. Hələ də əsrarəngiz açılış mərasimi istər ölkə mediasının, istərsə də dünya mediasının dilindən düşmür. Vətəndaşlarımız daxil olmaqla, ölkəmizə Avropa Oyunlarını izləməyə gələn jurnalistlər, idmançılar, eləcə də turistlər açılış mərasimindən zövq aldıqlarını bildirirlər. Hələ belə bir açılış mərasimi görmədiklərini dilə gətirirlər. Həqiqətən də Avropa Oyunlarının açılış mərasimi çox qəlbləri riqqətə gətirdi.

Hələ belə bir açılış mərasimi nəinki Avropada, bəlkə də dünyada yaşanmayıb. Çətin ki, bundan sonra Avropa Oyunları keçiriləcək ölkələrdə bu cür analoqu olmayan açılış mərasimi keçirilsin. Azərbaycan vətəndaşları, eyni zamanda ictimaiyyət nümayəndələri ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinə görə iftixar hissi keçirirlər. Belə bir idman yarışının Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin nüfuzunun artmasının, iqtisadiyyatının güclənməsinin göstəricisidir. Sözsüz ki, Avropa Oyunları ölkəni təkcə idman sahəsində irəliləməsində deyil, eyni zamanda siyasi -iqtisadi müstəvidə, diplomatik arenada nüfuzunun artmasında mühum rol oynayacaq. Bundan başqa bu tədbirin ölkəmizdə keçirilməsi turizm sahəsinə də müsbət təsirini göstərəcəyi şübhəsizdir. Artıq ölkəmizə tədbiri keçirmək üçün saysız-hesabsız turistlər axın edib. Təkcə paytaxtda deyil, eləcə də bölgələrdə də onları qəbul etmək üçün hər cür şərait yaradılıb. Hətta turistlər də ölkəmizdə yaxşı qarşılandıqlarını və qonaqpərvər olduğumuzu bildirirlər. Bölgələrə səfər edən turistlər ölkəmizdəki inkişafa, onlara göstərilən xoş münasibətə və xidmətə, təbiətimizin gözəlliyinə heyran olduqlarını bildirirlər.

Avropa Oyunlarının gətirəcəyi ən böyük üstünlük də Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği, dövlət kimi nüfuzunun, güc və qüdrətinin, beynəlxalq etibarının daha da möhkəmlənməsi olacaq.

Bu uğurlar Azərbaycan rəhbərliyinin, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətçiliyimizə verdiyi töhfələrin nəticəsidir. İllərdir, ölkə başçısının bu siyasəti, atdığı addımlar, görülən işlər göz önündədir. Bütün atılan addımlar ölkəmizin Avropada mədəni, demokratik və eyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına böyük zəmin yaradır. İctimaiyyət nümayəndələri Avropa Oyunlarını yüksək qiymətləndirirlər.


Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, bu təkcə idman tədbiri deyildi, bu həm də bir prestij idi: "Azərbaycan həm özünün iqtisadi qüdrətini göstərdi, həm özünün təhlükəsizlik sistemində işləyən əməkdaşlarının çevik, çox model, çox normal şəkildə fəaliyyət göstərə bilməsini nümayiş etdirdi. Kəşfiyyatın və əks- kəşfiyyatın yaxşı işlədiyini göstərə bildi. Bundan başqa Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bu çox ciddi bir vəsilə oldu. Dünyanın 50-yə qədər ölkəsindən burada iştirak edən jurnalistlər, idmançılar, dövlət başçıları, turistlər Azərbaycan həqiqətlərini gördülər. Hakimiyyət orqanları çox ciddi şəkildə çalışa bildilər ki, bu adamların müəyyən sərgilərlə tanışlığı təşkil edildi. Tədbirdən əvvəl Mehriban xanımın rəhbərliyilə çox güclü təqdimat oldu ki, bunun da nəticəsində həm həqiqətlər tanıdıldı, həm də Azərbaycana xeyli turistin gəlməsi təmin oluna bildi. Üstəlik də Azərbaycanın möhtəşəm şəkildə açılışı həyata keçirməsi onu göstərdi ki, Azərbaycan özünün dünyaya verə biləcəyi və indiyə qədər verdiyi töhfələr haqqında məlumatı çatdırmaq istədiyi kimi çatdırdı. Hesab edirəm ki, açılış mərasiminin fəlsəfəsi, dünyanın yaranması və s. çox möhtəşəm oldu. Ən ümdəsi isə Azərbaycan idmançılarının özlərinin də Azərbaycan xalqının başını uca etməsi, ciddi şəkildə yarışa hazırlaşması, nəticələr əldə etməsi oldu. Azərbaycan həm də özü intellektual və fiziki cəhətdən imkanlı bir millət olduğunu ortaya qoya bildi. Mən hesab edirəm ki, bunlar dünya ictimai rəyində Azərbaycana qarşı münasibəti xeyli dərəcədə yaxşıya dəyişəcəkdir. Azərbaycan həqiqətlərini bilən insanlar Azərbaycanın səmimi, ədalətli, tolerant olduğunu gördükdən sonra ölkəmiz haqqında fərqli fikirlər ortaya qoyacaqlar. Çünki Azərbaycan indiyə qədər ifadələrində çatdırırdı ki, tolerant ölkəyik. Amma gəlib gördülər ki, sinaqoqlar, kilsələr, məscid və idarələr bir yerdə çalışırlar. Burada bütün etnoslara normal şəkildə münasibət var. Bütün bunlar təkcə idman oyunları deyil, Azərbaycanın müsbət prestijinə işləyən bir vəsilə olduğunu sübut etdi".

Günel MEHDİ
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed