Şrift:
Zakir Həsənov: “Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir”
28.06.2015 [11:54] - Xəbərlər, Hərb
“Erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir”

“Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir".

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, bunu Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.

"Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaq", - deyə o vurğulayıb.

Cəbhəboyu təşəbbüsün tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərəfində olduğunu deyən nazir bildirib ki, günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcək. O qeyd edib ki, il ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib: “Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur”.
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed