21.01.2012 [13:31] - Xəbərlər
İctimai xadimlərin həyatına sui-qəsd etməyə hazırlaşan bir qrup şəxs ifşa olunub.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, Azərbaycan vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilib, hazırda İranın Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparmış və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib respublikaya gətirib və digər hüquqazidd əməlləri törədiblər.
Müəyyən edilib ki, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş etmiş və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.
R.Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəklini təqdim edib. B.Dadaşov terror aktının həyata kecirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün R.Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul verib.
R.Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə etmək bacarığına malik olan tanışı Əli Hüseynov ilə cinayət əlaqəsinə girərək, B.Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırıb və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını Ə.Hüseynova verəcəyini vəd edib. Ə.Hüseynov bu təkliflə razılaşdıqdan sonra, qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün R.Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul verib.
R.Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədikləri yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim edib. Ə.Hüseynov terror aktını icra etmək məqsədilə R.Əliyevdən aldığı pulun bir hissəsini "BMW" markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləyib.
Ə.Hüseynov həyatlarına sui-qəsd edəcək şəxslərin işlədikləri əraziyə bir neçə dəfə gəlib, kənardan gizli müşahidələr aparıb, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlib. Eyni zamanda, Ə.Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırıb. Ə.Hüseynov müşahidələrinin nəticəsi barədə R.Əliyevi məlumatlandırıb, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfənginin və “PM” tipli tapançanın əldə edilməsinin vacibliyini bildirib.
R.Əliyev İrana gedərək Ə.Hüseynovun təkliflərini B.Dadaşova çatdırıb və sonuncu lazım olan silahların Azərbaycana gətirilməsinin təmin ediləcəyinə söz verib. Bir müddətdən sonra R.Əliyev B.Dadaşov ilə yenidən görüşmək üçün Ərdəbil şəhərinə gedib və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Ə.Hüseynovla birgə topladıqları məlumatları ona çatdırıb. B.Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini demiş və onların oradan götürülməsini R.Əliyevə tapşırıb. Lakin R.Əliyev odlu silahlarin tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirib və Ə.Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını B.Dadaşova verib. B.Dadaşov həmin yaddaş kartını götürmüş və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini R.Əliyevə bildirəcəyini deyib.
B.Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirib.
B.Dadaşov 2011-ci ilin oktyabr ayında 1 ədəd “SVD” tipli snayper tüfəngi, həmin silaha məxsus 2 ədəd səsboğucu və 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd “PM” tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində “Charge Demolition M-112” yazıları olan “C4” kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanı gizli yolla İrandan Azərbaycana gətirilməsini və Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil edib.
MTN tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində R.Əliyev və Ə.Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa catdıra bilməyərək yaxalanıblar. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülüb.
Hazırda MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |