Şrift:
Qeyri-ciddi və populist təklif
02.07.2015 [12:21] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri Arif Hacılının kreditlərin bağışlanması ilə bağlı ideyasının reallaşmasını mümkünsüz sayırlar

Müsavat başqanı Arif Hacılının 10 min manatdan az olan kreditlərin ləğv olunması ilə bağlı tələbi haqda məlumat vermişdik. Amma onun bu müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə hesab olunur ki, A.Hacılı parlament seçkisi öncəsi divident qazanmaq istədiyi üçün əksəriyyəti narahat edən mövzuya üz tutub və bundan xal qazanmaq üçün istifadə edir. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, A.Hacılının belə fikir səsləndirməsi seçki populizminin başlanğıcıdır: “O, bu addımı ilə qarşıdan gələn parlament seçkilərində üstünlük əldə etmək istəyir və oyun oynayır. Müsavat Partiyasında legitimlik yoxdur. Ona görə də hər vəchlə həm xaricdə, həm də daxildə özlərinə hər hansı bir ad qazanmaq istəyirlər. Bu baxımdan, I Avropa Oyunlarını boykot etməklə bağlı qərar çıxardılar. Təbii ki, bununla hansısa xarici dairələrin diqqətini özlərinə cəlb etmək istəyirdilər. Müsavat Partiyasında heç kim qalmayıb. Əsas fiqurlar partiyadan uzaqlaşıb. Yerdə qalan 3-5 nəfər isə partiyanı özlərinə müəssisə, gəlir mənbəyi kimi istifadə edirlər. 10 min manatadək olan kredit borclarının dövlət tərəfindən ləğv edilməsi barədə təklif parlament seçkiləri öncəsi siyasi xal qazanmaq üçün atılan addımdır. İndi guya o, xalqın dərdini çəkir? Əsla. Onlar xalqdan dəstək qazanmaq üçün süni şəkildə yalan məlumatlar əsasında hər bir məsələyə özlərini qatmaq istəyirlər. Amma bunun mənası yoxdur. Çünki Azərbaycan cəmiyyəti onları yaxşı tanıyır”.

Mövzu haqda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə hesab edir ki, bu, kifayət qədər qeyri-ciddi və qeyri-peşəkar bir təklifdir: “O, heç də Azərbaycan vətəndaşlarını düşünüb danışmır. Əslində, bu, vətəndaşlara kömək etmək yox, onları daha ağır vəziyyətə salmaqdır. Bir neçə il öncə də İsa Qəmbər buna bənzər təkliflər səsləndirirdi. İndi həmin ənənəni Arif Hacılı davam etdirir və 10 minə qədər olan kreditlərin bağışlanmasını təklif edir. Onların yadına salmaq istəyirəm ki, əhali kreditləri özəl banklardan götürüb. Əgər belə hal gerçəkləşərsə, biz özəl bankların işinə müdaxilə etmiş olarıq. Bu, birbaşa onların vəsaitini zorla əllərindən almaq deməkdir. Ona görə də deyə bilərəm ki, Arif Hacılının dediyi çox düşünülməmiş bir təklifdir. Onların Avropa Oyunlarından öncə də hansı addım atdıqları məlumdur. Hər vəchlə görülən işlərə kölgə salmağa çalışırlar, amma planlarını gerçəkləşdirə bilmirlər”.

A.Mirzəzadə bu cür uğursuz təklifin reallaşa biləcəyini düşünmür: “Bu onu göstərir ki, müxalifət partiyası nümayəndələri dövlətçilik işindən bixəbərdirlər. Həmçinin onların bank sistemi, ümumiyyətlə, iqtisadiyyat haqqında məlumatlarının olmamasının da şahidi olduq. Deməli, bu yolla Azərbaycan iqtisadiyyatını çökdürmək, bank sistemini iflic etmək və Azərbaycanı Yunanıstanın vəziyyətinə salmaq arzuları var? Belə təkliflər səsləndirməmişdən öncə düşünmək lazımdır. Çünki belə görünür ki, ölkə iqtisadiyyatının çökməsini arzulayır, Azərbaycanın sivil yollar və metodlarla inkişaf edərək daha qüdrətli bir dövlət olmağını istəmirlər”.

Millət vəkili Fərəc Quliyev də bunun düşünülmədən deyilən fikirlər olduğunu bildirdi: “Mən özüm də dəfələrlə kreditlər mövzusunda danışmışam, fikirlərimi bölüşmüşəm. Amma təbii ki, bu formada yox. Əgər Arif Hacılı bu cür qəribə təkliflər verirsə, onun çıxış yolunu da göstərməyi bacarmalıdır. Hesab edirəm ki, belə ciddi mövzularda çıxış etmək, birbaşa dövlət işinə müdaxilə etmək yolverilməzdir. Bu cür kütləvi mövzularda populist çıxışlar etmək doğru deyil. Dövlət müəssisələrindən nəyisə tələb etmək reallıqdan uzaq məsələdir. Bu gün ölkəmizdə 2 milyondan çox adamın kredit borcu var. Demək olar ki, ölkədə hər 100 şəxsdən 25-i banklardan kredit götürüb. Təbii ki, vətəndaşlar kredit götürən zaman onlara bu pulların bağışlanacağı vəd edilməyib. Yəni hər bir şəxs müqavilə imzalayıb və aldığı pulları geri qaytarmaq öhdəliyi götürüb. Ümumiyyətlə, bu cür təklifləri düşünənləri, mövzunu ortaya atanları anlamaqda çətinlik çəkirəm. Çünki onların hansı məqsədlə belə fikirlər söylədiklərini anlamıram. Ölkə haqda yenə də mənfi rəy yaratmaq istəyirlər? Nəyə görə? Axı bu təkcə Azərbaycana aid olan məsələ deyil. Bütün dünyada bu sistem var və ehtiyacı olan hər bir şəxs banklardan kredit götürməklə onu müəyyən zaman kəsiyində qaytarmağa söz verir və qaytarır. Əgər kimsə pulu qaytara bilmirsə, bunun da həlli yolunu fikirləşiblər. Hamı bilir ki, götürülən pulların əvəzinə mütləq girov qoyulur və hətta zamin duran şəxslər də olur”.

Millət vəkili onu da qeyd etdi ki, bəlkə də bu, hazırda problemli məsələdir. Ola bilsin ki, kimlərsə götürdüyü krediti qaytara bilmir, amma bu o demək deyil ki, müxalifət partiyasının sədri belə həssas məqamdan istifadə etməlidir: “Faktiki olaraq, bu, bütün dünyada belədir. Heç bir dövlət vətəndaşların kreditini ödəmir. Hökumət bu insanların, toplumun düşməni deyil. Dövlət insanların, vətəndaşların özüdür. Düşünürəm ki, dövlətin, cəmiyyətin mənafeyini düşünən adam belə populist çıxışlar etməməlidir. Hər şey qanunla tənzimlənir. Məncə, heç kim siyasi divident götürə biləcəyini düşünüb belə həssas mövzularda qeyri-ciddi açıqlamalar verməməlidir. Bu fikirlərin, iddiaların heç bir əsası yoxdur və kifayət qədər qeyri-peşəkar yanaşmadır. Təbii ki, biz imkansız şəxslər üçün müəyyən münbit şərait yaradılmasını, kreditlərin vaxtında rahat qaytarılması üçün şərtlərin asanlaşdırılmasını istəyirik. Məsələnin asan həlli yollarının tapılmasının tərəfdarıyıq. Amma kreditlərin tamamilə ləğv edilməsini qeyri-mümkün sayırıq və bunu qeyri-ciddi, düşünülməmiş təklif adlandırırıq”.

Şəfa Tapdıq
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed