Şrift:
Azərbaycan Ordusü üçün hazırlanan sürücü, aşpaz, rabitəçi və paraşütçülərin sayı açıqlandı
07.07.2015 [16:12] - Gündəm, Hərb
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-də hesabat müşavirəsi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müşavirədə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, 2015-ci ilin birinci yarısı Cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi, hüquqmüəyyənedici sənədlərin təkmilləşdirilməsi, normal iş mühitinin yaradılması, tədbirlərin təşkili və keçirilməsi baxımından uğurlu olub.

Müşavirə zamanı xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığına toxunan Ş.Əliyev qeyd edib ki, 2015-ci ilin I tədris mərhələsi üzrə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 1440 nəfər sürücü, I və II tədris mərhələsi üzrə 187 nəfər aşpaz, 144 nəfər rabitəçi və 73 nəfər paraşütçü mütəxəssis hazırlanıb. Bundan əlavə, 130 nəfər həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 14 865 nəfər sürücü mütəxəssis hazırlanıb ki, bu da illik planın 42,9%-ni təşkil edir.

Snayper xüsusi hərbi ixtisası üzrə mütəxəssislərin hazırlığı barədə məlumat verən Cəmiyyətin sədri 2015-ci ilin I tədris mərhələsi üzrə sifarişə uyğun olaraq, Silahlı Qüvvələr üçün müvafiq sayda snayperin hazırlandığını diqqətə çatdırıb. Bu ixtisas üzrə hazırlıq keçən çağırışçıların praktiki vərdişlərinə xüsusi önəm verildiyi, bu məqsədlə tədris proqramına uyğun olaraq, tədris müddətində müdavimlərlə mütəmadi olaraq interaktiv və atıcılıq tirlərində, o cümlədən poliqonda SVD snayper tüfəngi və AK-74 silahlarından praktiki atışların gerçəkləşdirildiyi deyilib.

Sürmə təlimində istismar edilməsi məqsədilə əlavə olaraq 2 ədəd yeni “Hyundai Accent” markalı minik avtomobilinin alınması barədə məlumat verilib.

Daha sonra məruzələr dinlənilib, qarşıya çıxan problemlərin yaranma səbəbləri, həlli yolları müzakirə edilib, tapşırıq və tövsiyələr verilib.

Müşavirədə Cəmiyyətin filial direktorları, direktor müavinləri və mühasiblər iştirak edib.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed