Şrift:
Rəfsəncani: Amerikanın İrandakı səfirliyinin yenidən açılması mümkünsüz deyil
10.07.2015 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani iyulun 8-də Böyük Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində nüvə müzakirələrindən və ABŞ-ın Tehrandakı səfirliyinin açılışının mümkünlüyündən danışıb.
Qərbin Vyanada İranla apardığı müzakirələrə toxunan Rəfsənani deyib ki, Tehranla Vaşinqton arasında vasitəsiz nüvə danışıqlarının aparılmasından sonra artıq iki ölkə arasındakı birbaşa əlaqələr tabusu sındırılıb: “İran tam ciddidir. Əgər qarşı tərəflər də ciddi olsalar, yekun razılaşmanın əldə olunması mümkündür. Hesab edirik ki, Vaşinqtonla birbaşa və üz-üzə müzakirələrin aparılması uzaq yoldan media vasitəsi ilə aparılan danışıqlardan daha yaxşıdır.

Amerika islam inqilabından əvvəl Şah rejiminin əsas himayədarı sayılırdı. İnqilabdan sonra da ölkəyə qarşı zorla qəbul etdirilən müharibə illərində də İrana qarşı mövqedə dayandı. Lakin hazırda aparılan nüvə müzakirələrində əgər Amerikanın rəftarında hansısa bir dəyişiklik müşahidə olunsa, bunun İran cəmiyyətinə təsiri müsbət olacaq. Xüsusən də sanksiyaların ləğvi irəliyə doğru böyük bir addım sayıla bilər. Güman edirəm ki, Amerikanın Tehrandakı səfirliyinin yenidən açılıb fəaliyyət göstərməsi mümkünsüz deyil. Lakin bu hər iki tərəfin, o sıradan da Vaşinqtonun davranış və rəftarından asılıdır”.

Qeyd edək ki, ABŞ-ın Tehrandakı səfirliyi 1979-cu il noyabrın 4-də İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin qatı tərəfdarı olan bir qrup radikal tələbə tərəfindən işğal edilərək amerikalı diplomatlar 444 gün müddətinə girov götürülüb. Həmin vaxtdan Tehranla Vaşinqton arasındakı diplomatik əlaqələr kəsilib.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed