Şrift:
“Amerikanın əlavə tələblər irəli sürməsi razılaşmaya mane olur”
11.07.2015 [12:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 10-da Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi namaz xütbəsindəki çıxışında İranla Qərb arasında Vyanada aparılan nüvə müzakirələrindən və yekun razılaşmanın əldə olunmasını çətinləşdirən maneələrdən danışıb.
Vyanadan yaxşı xəbərlərin gəlmədiyini bildirən Axund Əhməd Xatəmi deyib ki, əgər yekun razılaşma əldə olunmasa, Amerika bu uğursuzluqda İranı günahkar kimi göstərməyə çalışacaq: “İran danışıqlarda bildirib ki, pis yox, yalnız yaxşı bir razılaşmanı qəbul edəcək. Ölkənin dini lideri də buna təkid edir. Bu İranın qarşı tərəfə mesajıdır. Lakin Amerikanın əlavə tələblər irəli sürməsi razılaşmanın əldə olunmasına mane olur.

Təəssüflər olsun ki, amerikalılar və onların müttəfiqləri bir neçə gün əvvəl dediklərindən geri çəkilərək əlavə tələblər irəli sürməklə cığallıq etməyə başlayıblar. Amerikaya etimad göstərmək mümkün deyil. Amerikanın strategiyası budur ki, razılaşma əldə edilsə, bunu vaşinqtonun İrana qarşı təzyiqinin nəticəsi kimi göstərsin. Razılaşma olmasa da bizi təqsirkar kimi qələmə versin. Elə buna görə də, mən üzümü ölkə daxilindəki mediaya tutub deyirəm ki, qəhrəmancasına meydana girib Amerikanın bu siyasətini ifşa edin. Bir daha deyirəm ki, Amerika və onun müttəfiqlərinin əlavə tələblər irəli sürməsi razılaşmaya mane olur”.

Qeyd edək ki, Qərbin 10 ildən çoxdur İranla apardığı nüvə danışıqlarının vaxtı iyunun 30-da başa çatıb. Lakin yekun razılaşma əldə edilmədiyinə görə, müzakirələr üçün iki dəfə əlavə vaxt təyin edilib. Bununla belə yenə konkret nəticə olmadığına görə, Vyanadakı danışıqlar hələ də davam edir.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed