Şrift:
Məsud Barış: Rokla haqq səsimizi ucaldırıq (video)
13.07.2015 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Barış” rok qrupu təkcə Güney Azərbaycan deyil, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrində populyarlıq qazanıb. Qrup keçən il Kazan şəhərində türk ölkələrinin musiqi festivalında iştirak edib. Bu günlər AmerikaBirləşmiş Ştatlarında səfərdə olan rok qrupun solisti (xanəndə) Məsud Barış “Amerikanın Səsi”nin qonağı olub və “Amerika icmalı” proqramında müsahibəsində Amerika Birləşmiş Ştatlarına səfəri, rok musiqisi və gələcək planlarından danışıb.
“Tatarıstanda konsertlərdən sonra Türkiyəyə də turnedə olduq. Türkdilli və azərbaycanlı, eləcə də dünyanın hər yerində olan dostlarımızla musiqimizi paylaşa bilməyimizə çox sevinirik, onlarla görüşüb, konsertlər verməyi sevirik. Bu ölkələrdən biri də Amerikadır, çünki burada çox sayda azərbaycanlı həmyerlilərimiz, türkdilli qardaşlarımız var. Onlara konsertlər vermək istəyirik. Burada da üç konsertimiz olacaq, ona görə Amerikaya səfər etmişəm”-deyə Məsud Barış bildirib.
Təbrizli musiqiçi Bakıda Azərbaycan Dövlət konservatoriyasında klassik vokal sənəti üzrə təhsili alıb. O, rok musiqisinə üz tutmasını Azərbaycanda bu janrın daha az yayılması və rok vasitəsilə ictimai mövzulara diqqət çəkmək istəyi ilə izah edib. “Klassik musiqimiz çox zəngindir, muğam musiqisi olduqca zəngindir, amma rok janrı istər Bakıda, istərsə də Təbrizdə çox inkişaf etməyib. Rok ciddi musiqidir, etiraz musiqisidir. Bu musiqi vasitəsilə dövrümüzdə insanlara, insaniyyətə olan haqsızlara qarşı çıxmaq, azadlıqlardan danışmaq daha yaxşı mümkün olur.”
Məsud Barış Güney Azərbaycanda gənclərin, yeni nəslin nümayəndələrinin rok musiqisini böyük rəğbətləqarşıladığını deyib: ”Bir tərəfdən bu janra elə buna görə üz tuturuq. Muğamatımız, klassik musiqisimiz həqitətən də çox zəngindir. Amma bir gerçəkliyi də qəbul etməliyik ki, yeni nəsillə yaxşı əlaqə yarada bilmirik.”
Məsud Barış Amerikanın bir sıra ştat və şəhərində, o cümlədən, San-Fransisko şəhərində və Vaşinqton yaxınlığında Virciniya ştatında konsert proqramı ilə çıxış edəcək. O, bədii rəhbəri olduğu rok qrupu ilə yaxın zamanlarda Türkiyədə və Bakıda konsertlər verməyi planlaşdırdığını deyib.

Videonu aşağıdakı keçid linkindən izləyə bilərsiniz:

TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed