Şrift:
Fərəc Quliyev: "Bunun adı riyakarlıqdır"
13.07.2015 [13:06] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan hakimiyyəti öz etiraz notasını verməlidir”

Separatçı Dağlıq Qarabağ rejiminin lideri Bako Saakyan iyulun 8-də Böyük Britaniya parlamentində çıxış edib.
Bu barədə Azadlıq Radiosunun erməni xidməti və Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumata görə, o, çıxışında Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf və Azərbaycan-Ermənistan münaqişəsinin həllindən danışıb, iştirakçıların suallarını cavablandırıb.
Saakyan Qarabağda Böyük Britaniyaya xüsusi münasibət olduğunu və onun aparıcı dövlət, demokratiya və Avropa sivilizasiyasının beşiyi hesab olunduğunu bildirib.
O, Dağlıq Qarabağın parlament əlaqələrinin genişləndirilməsi və Böyük Britaniya ilə elm, təhsil və humanitar sahələrdə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
Görüşdə Ermənistanın Londondakı səfiri Armen Sarkisyan da iştirak edib.
Qeyd edək ki, separatçıların liderinin Britaniyaya reallaşan səfəri çərçivəsində o, tanınmış QHT-lərdən birinin təşkil etdiyi dinləmələrə qatılıb. Saakyanın parlamentdəki çıxışından əvvəl rəsmi Bakı onun səfərinə etirazını bildirib. Eyni zamanda bu fakt Azərbaycanın ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb. Həmin vaxt Böyük Britaniya rəsmiləri Saakyanı hansısa dövlət institutu deyil, QHT-lərdən birinin dəvət etdiyini deməklə yaxalarını qırağa çəkməyə çalışıb.
Bu fakt isə Böyük Britaniyanın bir dövlət olaraq separatçılara verdiyi dəstəyin ən bariz nümunəsidir.

Millət vəkili Fərəc Quliyev açıqlamasında bildirdi ki, Böyük Britaniya bir dövlət olaraq bu məsələdə böyük yanlışlıq edib:
“Əvvəl onlar Saakyanın səfərinə başqa cür izah verirdilər. Bildirirdilər ki, o, hansısa dövlət qurumunun dəvətilə ora getməyib. Bakonun sərbəst şəkildə Londona gəldiyini bildirən Britaniya rəsmi qurumları onun heç bir dövlət instansiyasında qəbul edilməyəcəyini də bəyan edirdi. İndi biz fərqli mənzərəni görürük. Ona hətta parlamentdə çıxış imkanı yaradılıb. Bu fakt Britaniya-Azərbaycan münasibətlərinə ciddi şəkildə kölgə salır. Bir anlıq təsəvvür edin ki, Böyük Britaniyanın ərazi bütövlüyünü pozan hansısa separatçı rejimin başçısını biz öz parlamentimizə dəvət edirik. Təbiidir ki, reaksiya mənfi olar. Öz dövlətinin hörmətini saxlayanlar başqa millətlərə münasibətdə də analoji şəkildə davranmalıdır. Hörmətsizlik edənlərə təbii ki, adekvat cavab verilməlidir. Britaniya Azərbaycanı parçalamaq istəyənlərə qucaq açırsa, bunun adı riyakarlıqdır. Azərbaycan hakimiyyəti öz etiraz notasını verməlidir”.



Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed