Şrift:
Məhkəmə Taha Kirmani barəsində qanuna zidd qərar çıxarıb
15.07.2015 [14:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Məhkəməsi 13 il həbsə məhkum olmuş azərbaycanlı fəal Taha Kirmani barəsində açıq-aşkar qanuna zidd qərar çıxarıb. Məlumata görə, güneyli fəal Taha Kirmaninin müvəqqəti olaraq azadlığa buraxılması üçün verilən 300 milyon tümən məbləğində zəmanətin məhkəmə tərəfindən müsadirə edilməsi haqda qərar verilib. Taha Kirmaninin özü və onun vəkili Cəfər Əfşarniya isə sosial şəbəkələrdə məlumat yayaraq, zəmanətin müsadirə edilməsinin qanunsuz olduğunu vurğulayıblar.
Əfşarniyanın yazdıqlarına görə, “Kirmani haqqında çıxarılmış 13 il həbs cəzasının 10 ili ilə bağlı məhkəmə prosesi hazırda Apellyasiya Məhkəməsində davam etdiyi üçün qərar hələ qəti olmayıb. Qərar qəti olmadan zəmanətə əl qoymaq İran qanunlarına ziddir.”

Yayılan məlumata görə, fəalın zamini Həmzə Kirmani zəmanətin müsadirə edilməsinə etiraz etsə də, Təbriz Ümumi Cəza məhkəməsi qərarını qüvvədə saxlayıb.

Cəza məhkəməsinin 105-ci şöbəsinin sədri hakim Əli Əbdinin imzaladığı sənəddə deyilir:

“Seyyid Həmzə Kirmani ona verilmiş 20 günlük möhlət içində zəmanət etdiyi Seyyid Taha Kirmanini məhkəməyə təslim etmədiyi üçün 300 milyon tümənlik girovun zəbtinə dair qərar qüvvədə saxlanılır.”

Taha Kirmani məhkəmə sənədini Facebook səhifəsində nəşr edib.

Qeyd edək ki, Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 həbs cəzasına məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin müqəddəsata təhqiri buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq müttəhimlər tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.

Adını çəkdiyimiz fəallar bundan öncə “Susma” dərgisi və “Susuz göl” veblaqında yaydıqları bir mətləbə görə sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdə günahlandırılıb və 3 il həbs cəzasına məhkum edilmişdir. Həmin hökm apelyasiya məhkəməsi tərəfindən də təsdiqlənib.

Taha Kirmani 2013-cü il noyabrın 4-də saxlanılıb və sorğu-suala tutulduqdan sonra Təbriz zindanına köçürülüb. O 5 aydan çox saxlanıldıqdan sonra 2014-cü il aprelin 15-də mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Hüseyn Əliməhəmmədi isə hazırda Təbrizin mərkəzi zindanının 12-ci bölümündə saxlanılır. O son dəfə 2015-ci il martın 1-də yaxalanıb və Təbriz zindanına intiqal edilib.
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed