Şrift:
Müdafiə Nazirliyi Silahlı Qüvvələrimiz barədə yayılan dezinformasiyaya cavab verdi
21.07.2015 [00:35] - Gündəm, Hərb
Azərbaycanın bəzi yerli elektron kütləvi informasiya vasitələri tərəfindən xarici mediaya istinadən Azərbaycan Respublikası Silahlı Qüvvələri nümayəndələrinin NATO-nun Ukrayna ərazisində keçirdiyi "NАТО Saber Guardian/Rapid Trident-2015" təlimlərində iştirak etməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi olaraq bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bu təlimlərdə iştirakı əvvəlcədən nəzərdə tutulmayıb. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri heç bir qismdə - nə iştirakçı, nə də müşahidəçi kimi bu təlimlərdə iştirak etmirlər.

Qeyd edək ki, bəzi yerli KİV-lərin istinad etdiyi Rusiyanın TASS agentliyinin yaydığı məlumatda bildirilir ki, Ukraynanın Lvov əyalətində bazar ertəsi başlayan NАТО Saber Guardian/Rapid Trident-2015 təlimlərində guya Azərbaycan hərbçiləri də iştirak edir.

TASS-ın məlumatına görə, Moldova kontingentinin komandiri mayor Tudor Popa deyib ki, təlimlərdə 18 ölkənin, o cümlədən Ukrayna, Gürcüstan, Litva, Latviya, Böyük Britaniya, Norveç, Polşa, Rumıniya, ABŞ və İspaniya hərbçiləri iştirak edir.

Məlumatda həmçinin builki təlimlərdə rekord sayda - 2 minə yaxın hərbçinin iştirak etdiyi və bunun Ukraynada bu formatda keçirilən ən genişmiqyaslı təlim olduğu qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed