Şrift:
Türkçülük bizim gələcəyə boylanan işığımızdır.
23.01.2012 [15:59] - Gənclik
Mehman Həsən

Bakı Dövlər Universiteti,

Filologiya fakültəsinin magistrantı


Türkçülük geniş anlayış olub türklərin tarixi varlığını özündə əks etdirir. Geniş mənada türkçülük türklərin yüksəliş və qalibiyyət fəlsəfəsidir. Düşə biləcəyi nə qədər ağır durum olursa olsun, türklərin milli özünəqayıdış fikri olan türkçülük onları xilas edər.

Türkçülük tarixin müxtəlif dönəmlərində türkün ana ideologiyası olmuşdur. Alp Ər Tonqa, “Tanrı qırmancı” Atilla, öz döyüş texnikası ilə dünyanı lərzəyə gətirən Çingiz xan və minlərlə gəlib-keçmiş türk bahadırları qanlarının və fələsfələrinin üzərində yüksəliblər. Bu ad önündə bütün cahan təzim edir.

Türkçülük türkün özünümüdafiə qılıncı olub, düşmənlərə qarşı savaşan türkün birlik fikridir. Ərəblər türk coğrafiyasını işğal etdiyi dövrdə özlərini üstün millət sayır, türk dilinə, mədəniyyətinə həqarətlə baxılırdı. Fars şairi Firdovsi “Şahnamə”sində türkləri aşağılamış və təhqir etmişdi. X əsrdən başlayaraq, türkçülük türk mütəfəkkirlərinin qələmində yad düşüncələrə qarşı mübarizəyə başladı. Mahmud Kaşğarlı “Divani lüğət-it türk” əsərini türk dilinin və mədəniyyətinin yüksəkliyini ərəblərə və digər millətlərə nümayiş etdirmək məqsədilə qələmə almışdır. Əsər Məhəmməd Peyğəmbərin “Türk dilini öyrənin. Çünki onların hakimiyyəti uzun sürəcək” kəlamı ilə başlaması da təsadüfi deyildir. Yusif Balasaqunlunun XI əsrdə qələmə aldığı “Kutadğu bilik” əsəri isə türkün zəngin və adil dövlətçilik ənənələrindən bəhs edir. Türkçülüyün dövrünə uyğun nəzəri əsaslarını müəllif əsərdə irəli sürmüşdür.

Əsərdən çıxan nəticələri bu cür sıralamaq olar.

1. Türk dili istər elmdə, istər ədəbiyyatda, istərsə də dövlətçilikdə ərəb və fars dillərini əvəz etməlidir.

2. Türk sülalələri dövlətlərini türk ənənələri üzərində qurmalıdırlar.

3. Türk dövlətçiliyi islam əxlaqı normaları üzərində qurulmalıdır.

4. Türk dövlətçiliyi dünya fəlsəfi ənənələrindən qidalanmalıdır.


XX əsrdə milli ideologiyamıza çevrilən “türkləşmək, çağdaşlaşmaq və islamlaşmaq” formulunun ilkin və möhkəm təməlləri Yusif Balasaqunlunun əsərində irəli sürülmüşdü. Ümumiyyətlə türklərin çağdaş millətləşmə dönəmində ortaya qoyduğu ideologiya tarixi konsepsiyaya əsaslanır:

Türk dili – Mahmud Kaşağarlı

İslam dini – Seyid Əhməd Yasəvi

Türk dövlətçiliyi – Yusif Balasaqunlu


Türkçülüyün bugünkü anlamı ilə milli ideoloji əsaslarının yaranması XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərinə təsadüf edir. Avropada kapitalizmin yaranması ilə imperiya maraqlarını milli maraqlar tutmağa başladı. Şərqdə və bütün Türk dünyasında milli ideologiyanın yaranma mənbəyi Azərbaycan oldu. Mirzə Fətəli Axundov Avropa çağdaşlıq prinsiplərini Şərqə gətirdi. Beləliklə milli ideoloji inkişafın sonrakı inkişafına zəmin yarandı. Sonradan Ziya Göyalp özünün “Türkçülüyün əsasları” kitabında ilk türkçülər kimi Mirzə Fətəl Axundov və İsmayıl bəy Qaspiralının adını çəkirdi. XIX əsrin sonlarında Tibbiyyədə təhsil alan Əli Bəy Hüseynzadə Türkçülüyün nəzəri əsaslarını təbliğ etməyə başladı. İstər Azərbaycanda, istərsə də Osmanlıda bu fikrin ana ideologiya olması uğrunda fədakar türkçü cəbhə yarandı. Türkçülük fikrinin güclənməsi nəticədə Türk millətini azadlığa qovuşdurdu. Türkçülük ideologiyası əsasında 1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Beləliklə üçlü formul Azərbaycanın dövlət bayrağında öz əksini tapdı.

Türkçülük Türkiyənin də xilasında aparıcı fikir oldu. Türkçülüyün Türkiyə modeli Ziya Gökalp tərəfindən işlənmiş, Mustafa Kamal Paşa bu ideologiyaya əsaslanaraq, Türk millətini ölümsüz qələbələrə daşıyaraq müstəqil Türkiyə Cümhuriyyətini qurmuşdu. Osmanlı imperiyası türklüyün aşağılanması ucbatından dağıldı. Beynəlmiləl İslamiyyətçilk Osmanlının çöküş səbəbi idi. Osmanlıdan Türkiyənin zühuruna səbəb türkçülük ideologiyası və bu silahla silahlanan türk millətinin inamlı mübarizəsi səbəb oldu.

Azərbaycan Cümhuriyyəti Sovet işğalçıları tərəfindən işğal olunduqdan sonra rejim türkçülük fikrinə qarşı amansız repressiyaya başladı. İşğaldan dərhal sonra Cümhuriyyətin qurucuları amansız təqiblərə məruz qaldı. Onların bir qismi öldürüldü, qalanları ölkəni tərk edərək mühacir həyatı sürməyə məcbur oldular. 1926-cı ildə keçirilən I Türkoloji qurultay Sovet qaniçənlərinə hədəfləri müəyyənləşdirmək kimi stateji rol oynadı. Millətin ana fikrinə, onun yüksəliş ideologiyası olan türkçü fikrə sahib olan bütün insanlar 1937-ci il represiyasından sonra yaşamadı. SSRİ bununla türkçülük məfkurəsinin 1850-ci ildən çox böyük çətinliklərlə formalaşmış nəslini məhv etdi. Nəticədə rejim öz kökündən bixəbər, dili və milli kimliyi təhrif olunmuş bir kütlə yaratmağa çalışdı. Bütün bunlar tariximizə endirilmiş külüng idi. Çox təəssüf olsun ki, bu külünglərin sapı həmişə özümüzdən olurdu. Cümhuriyyətin işğalında Nərimanovlar, Qarayevlər, Əzizbəyovlar vasitə olaraq istifadə olundusa, “Xalqlar dostluğu”na əsaslanan saxta sovet işğal ideologiyasını Səməd Vurğunlar, Süleyman Rüstəmlər vasitəsilə Azərbaycan türkünə virus olaraq yeridilirdi.

Məzmunsuz sovet formalizmi düşüncəmizdə gec sağalan şrımlar açdı. Bütün bunlara baxmayaraq, bu işğal uzun sürmədi. 1991-ci ildə cəhənnəmə vasil olan SSRİ parçalandı. Azərbaycan yenidən ayağa qalxdı. Millətimiz qəflət yuxusundan oyandı və yenidən öz dövlətini qurdu. Azad nəfəsini almağa başlamış ölkəmiz yenidən işğala məruz qaldı. Qarabağımız rus-erməni birliyi tərəfindən işğal olundu. Və 18 ildir davam edən və hər dəfə təhqir olunduğumuz danışıqlar prosesi…..

Bu gün biz “Ərgənəkon”a düşmüşük. Azərbaycanın 80% torpaqları işğal altındadır. Düşmənlərimiz çox və güclüdür. Xaricdən basqılar və daxildən “sapı özümüzdən olan baltalar”la bizə qarşı savaşırlar. TV-lərimiz tarixi həqiqətlərimizdən bəhs etmək əvəzinə milli aşınmanı sürətləndirməklə məşğuldurlar. Din, demokratiya və s. adlarla xarici maliyələr hesabına ölkədə milli və dövlət mənafeyimizə ziddd sosial bazaların formalaşdırlmasına milyonlarla pullar xərclənir. Bütün bunlar bizi hər gün təhqir edir. Güney Azərbaycanda, Borçalıda, Dərbənddə Azərbaycan türklərinin assimilyasiyası prosesi sürətlə aparılır.

Hər bir Azərbaycan gənci unutmamalıdır ki, düşdüyü bu ağır durumdan xilas yalnız onun öz əlindədir. Türkçülük bizim gələcəyə boylanan işığımızdır. Daim var olub yüksəlməmizin tək yolu türkçü fikrimizdə və türk qanımızdadır. Unutmamalıyıq ki, möhtac olduğumuz güc damarımızda axan qanda mövcuddur.

Yazı Milli Dirçəliş Hərəkatı Partiyasının Azərbaycan və Türkiyə tələbələri arasında keçirdiyi "Ən yaxşı yazı" müsabiqəsində II yeri tutmuşdur.
Bu xəbər oxucular tərəfindən 1669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed