Şrift:
Azər-Türk Med Tibb Mərkəzinin həkimlərdən ibarət səyyar briqadası MEK-in və AMEA-nın digər müəssisələrindən olan əməkdaşları arasında endokrinoloji müayinə aparıb.
23.07.2015 [00:42] - Gündəm, Sağlıq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Endokrinoloqlar Cəmiyyəti humanitar aksiya keçirib. Azər-Türk Med Tibb Mərkəzinin həkimlərdən ibarət səyyar briqadası MEK-in və AMEA-nın digər müəssisələrindən olan əməkdaşları arasında endokrinoloji müayinə aparıb.

İlk olaraq, endokrinoloji xəstəliklər haqqında maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözüylə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova sağlamlığı qorumağın başlıca yolunun xəstəliklərə qarşı öncədən mübarizə aparmaq olduğunu qeyd edərək tədbirin bu baxımdan əhəmiyyətindən danışıb. Sonra Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının icraçı direktoru, həkim-endokrinoloq Murad Mirzəzadə şəkərli diabet xəstəliyinin müalicəsindən danışaraq, insanların bu xəstəlikdən gec xəbər tutmalarının xəstəliyin müalicəsindəki əsas əngəl olduğunu bildirib. Qeyd edib ki, inkişaf etmiş şəkər xəstəliyini müalicəylə sadəcə olduğu vəziyyətdə saxlamaq mümkündürsə, prediabet mərhələsində diabetə meyillilik tamamilə aradan qaldırıla bilər.

Daha sonra çıxış edən həkim-endokrinoloq Sevil Mustafayeva şəkərli diabetin tarixi haqqında məlumat verərək, xəstəliyin V-VI əsrlərdə aşkar olunduğunu bildirib. Xəstəliklə mübarizə tarixində ən böyük addımın 1923-cü ildə insulinin tapılması olduğunu vurğulayan S.Mustafayeva dünyada sürətlə yayılan bu xəstəliyin əsas yaranma səbəbinin maddələr mübadiləsinin pozğunluğu olduğunu qeyd edib. Bildirib ki, gündəlik həyatımızda istifadə etdiyimiz qidalardan əldə etdiyimiz enerjinin miqdarı xərclədiyimiz enerji miqdarından dəfələrlə çox olması artıq çəki ilə nəticələnir ki, bu da şəkərli diabet xəstəliyinin əsas yaranma səbəblərindəndir. Həmçinin əlavə edib ki, əsas fəsadları ürək infarktı, korluq, sinir pozğunluğu və böyrək çatışmazlığı olan bu xəstəlik nəticəsində dünyada hər 30 saniyədə bir xəstənin ayağı aputasiya edirlir. Çıxış edən həkimlər bu baxımdan aksiyanın xəstəliyin fəsadları ortaya çıxmadan onu müayinə etmək, doğru istiqamətə yönləndirmək və təlimatlandırmaq məqsədi daşıdığını vurğulayıb.

Daha sonra müayinə aksiyasına başlanılıb. Klinikanın peşəkar həkim heyəti müraciət edənləri müayinə edərək onlara lazımi məsləhətləri verib. Sonda aksiya təşkilatçıları kitabxanaya şəkərli diabet xəstəliyinin müalicəsinə dair praktik göstərişləri və xəstəliyin qarşısının alınması üsulları haqqında məlumatları əks etdirən broşür və kitabları hədiyyə edib.

Aksiya 3 gün davam edəcək.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 1069 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed